Logo

Təhsildə özəl sektor: Universitetlər bağlanıb, hazırlıq kursları qapanıb

08.05.2021 11:45 560 baxış
IMG

“Son illərə qədər ölkədə təhsilin bütün pillələri və istiqamətləri üzrə özəl şirkətlərin sayı durmadan artırdı və müəyyən qədər dövlətə dəstək olub, təhsil yükünü öz üzərinə götürürdü”.

 

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə təhsil alanlar mövzuları mənimsəmədikləri zaman özəl sektora üz tutur, təhsil mərkəzlərinə, repetitorlara müraciət edirdilər və dövlətin tədris və təhsil yükü özəl sektorun üzərinə düşürdü:

 

“Biz ali təhsil müəssisələrinə, işə, dövlət qulluğuna və digər pillələrə qəbul zamanı görürük ki, iştirakçıların 99% özəl sektorun nəticələri ilə imtahanlarda iştirak edirlər. Lakin pandemiyadan sonra özəl sektorlar üçün çox ciddi maliyyə sıxıntıları yaşandı.

 

Son bir il ərzində ölkə də 100-dən çox hazırlıq kursu, tədris mərkəzi öz fəaliyyətini dayandırdı. Pandemiya özəl sektora çox ciddi şəkildə təsir göstərir və dövlətin bu sahəyə diqqətinin azlığı, subsidiyalarında güzəştlərin edilməməsi özəl sektorun fəaliyyətini ciddi şəkildə təhlükə altına salır. Özəl sektorun fəaliyyəti dayansa və azalsa yenidən dövlətin üzərinə yük düşəcək. Etiraf edək ki, dövlət tam olaraq bu yükü qaldıra bilmir”.

 

Kamran Əsədov bildirib ki, dövlətin özəl təhsil müəssisələri ilə müqayisədə resursu məhduddur:

 

“Dövlət özəl sektorlara çox ciddi şəkildə maliyyə yardımı göstərməli və vergidən azad etməlidir. Çünki bu gün ölkənin 4447 ota ümumi təhsil məktəbində təhsil alan 1.6 milyon şagirdin böyük əksəriyyəti məhz özəl sektorun nəticələri əsasında buraxılış və qəbul imtahanlarında iştirak edirlər. Bu dəstəyin azalması özəl sektorun fəaliyyətini dayandıracaq”.

 

Ekspert özəl ali təhsil müəssisələri haqqında da danışıb:

 

“Özəl ali təhsil müəssisələrinə son illər ərzində qəbul olanların sayında azalma var. Xüsusən ikinci ixtisas qrupunda görürük ki, özəl ali təhsil müəssisələrini seçənlər kifayət qədər azalıb və bu müəssisələr plan yerlərini doldura bilmirlər. Çünki özəl ali təhsil müəssisələri keyfiyyətli xidmət göstərmədiyinə görə, onların məzunları əmək bazarının tələbinə və müasir standartlara cavab vermir və abituriyentlər tərəfindən az seçilir.

 

Özəl ali təhsil müəssisələri mütləq lazımdır, çünki dövlət müəyyən məsələlərdə çevik qərar qəbul edə bilmir, maliyyə muxtariyyəti və özəlliyi yoxdur. Ona görə də özəl ali təhsil müəssisələri maddi-texniki bazasını, kitabxanalarını, labaratoriyalarını yeniləməli, müasir standartlara uyğun qurmalıdır. Abituriyentlərin sayında olan azalma, plan yerlərinin artması, bir çox ali təhsil müəssisələrinə qəbulun aşağı düşməsinə gətirib çıxaracaq bu da ciddi şəkildə maliyyə sıxıntılarını ortaya çıxaracaq.

 

Son on il ərzində 4-ə yaxın özəl ali təhsil müəssisənin fəaliyyəti dayanıb və ya fəaliyyətini digər universitetlər davam elətdirir. Bu tendensiyanın davam etməsi gözlənilir. 2019-2020-ci illər qəbul imtahanlarının nəticələrində gördük ki, ikinci ixtisas qrupu üzrə özəl ixtisas müəssiələri plan yerlərini demək olar ki, 20-30% doldura bildilər. Lakin həmin qruplarda tələbə olduğuna görə müəllimlərin əmək haqqı ödənməlidir , digər xərclər də var. Təbii ki, məhz bu səbəblərdən universitetlərin fəaliyyəti şübhə altına düşə bilər. Pandemiya dövründə həmin ali təhsil müəssisələri özlərinin platformalarını yaratmadılar ki, daha çox tələbə cəlb edə bilsinlər. Bu böhranlı vəziyyət özəl ali təhsil müəssisələrini fəaliyyətini çətinləşdirəcək”.

Xəbər lenti