Logo

"Müəllimlik həmişə öz vacibliyini qoruyan peşədir" - MÜSAHİBƏ

20.05.2022 21:45 712 baxış
IMG

Təranə İbrahimova 1975-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1992-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildən N.Hüseynov adına 38 nömrəli tam orta məktəbdə tarix müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. Təranə müəllim Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 oktyabr tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Təranə müəllimlə olan müsahibəni təqdim edirik:

- Müəllim olmaq sizə görə nə deməkdir?

- İlk növbədə çox böyük məsuliyyət, formalaşan şəxsiyyət üçün cavabdehlik, nümunə olmaq bacarığı.

- Müəllimlik peşəsinə şagirdlərdə və gənclərdə həvəsi necə formalaşdırmaq lazımdır?

- Hər bir insanın gələcəkdə seçəcəyi peşə ilə bağlı fikirləri çox erkən formalaşır. Sözsüz ki, hamı ilk seçiminin arxasınca getmir. Uşaqlıq, gənclik arzuları fərqli olur. Müxtəlif peşələrə maraq zamanın tələbindən irəli gəlir. Müəllimlik isə həmişə öz vacibliyini qoruyan peşədir. Məşhur ingilis pedaqoqu Robert John Meehanın çox ibrətli fikri var: "Dərs deməyi sevən müəllimlər uşaqlara öyrənməyi sevməyi öyrədirlər". Əgər biz bu sevgini şagirdlərə göstərsək onlar da müəllim olmaq istəyərlər.

 - Tarix fənni keçmişimizi bizə öyrədir, bəs şagirdlərinizin bu fənnə münasibəti necədir?

-  Hər bir fənnin tədrisinin məqsədi var, fizikanın, kimyanın, coğrafiyanın, texnologiyanın və s. Tarix isə bizə bütün elmlərin yaranma, inkişaf yolunu göstərir. Biz tarixə yalnız keçmişi öyrənmək kimi baxsaq məhdud qalar. İnsanlığın, mədəniyyətin inkişafı tarixdə izlənir. Biz keçmişimizi yaxşı öyrənməklə gələcək üçün düzgün istiqamət götürə bilərik. Şagirdlərin tarix fənninə münasibəti çox fərqlidir. Kimi "keçmişdə olub bitmiş hadisəni öyrənməyin nə əhəmiyyəti?", kimi "Fransada, İngiltərədə, Misirdə bizim tarixi öyrənirlər?" deyə suallar verirlər. Kimisi də hər faktı dəqiqliklə yadda saxlamağa çalışıb, müxtəlif zamanlarda baş verən hadisələri dövrümüzlə əlaqələndirməyi bacaranda nəticə çox ürəkaçan olur. Hər şagirdin öz dünyagörüşü, öz baxış bucağı var.

 - Şagirdiniz sizə nə üçün müəllim olmalıyam desə cavabınız nə olardı?

- Belə suallar çox olur. Mənim bu mövzuda fikrim isə belədir ki, cəmiyyətimizdə müəllimə ehtiyac var. Müəllimlik ölməz peşədir. Dahiləri, alimləri, hökmdarları, bəstəkarları, memarları....müəllim yetişdirir.

- Müəllim inkişaf etdirmək üçün hər zaman inkişafda olmalıdır. Bəs siz müəllimin inkişafını nədə görürsüz?

- Elm və texnalogiyanın inkişafı təhsildə öz əksini çox aydın göstərir. Dövlətin təhsil strategiyasının daşıyıcısı Müəllimdir. Bu strategiya Şəxsiyyət yetişdirməyə yönəldiyindən müəllim bu funksiyanı yerinə yetirmək üçün daim öz üzərində işləməli, yenilikçi olmalıdır.

- Şagirdlər müxtəlif fənnləri fərqli səbəblərdən sevirlər.Tədris apardığınız sinifdə şagirdlərin sizin fənninizə marağı necədir?

- Qeyd etdiyim kimi hər şagirdin özünəməxsusluğu var. Kimisi onun üçün qoyulmuş qaydalara əməl edərək yaxşı oxumağa çalışır. Kimisi rəqabətdə üstün olmağa, kimisi seçim etdiyi qrup daxilindəki fənnləri öyrənməyə, kimi də yaxşı qiymət almağa. Müəllim olaraq hər şagirdin münasibətini məqsədə çatmaq üçün stimul kimi istifadə etmək lazımdır. Çünki bütün bunlar sonda şagirdin öyrənməsi deməkdi. Hal hazırda şagirdlərdən çox eşitdiyim söz "tarix çətindir" narazılığıdır.

-  Bir sinifdə bütün şadirdlər çalışqan ola bilərmi?

-  Şagird fəallığı baxımından bəli çalışqan ola bilərlər.  Ancaq anlama, zəka səviyyəsinə görə bir sinfin bütün şagirdləri bərabər olmaz. Bu sualınız tələbəlik illərində çox dəyərli bir müəllimimin sözlərini yadıma saldı: "Biz müəllimlər bilirik ki, hər qrup və ya qrup birləşməsində bizim bilgilərimizi gələcək nəslə ötürən 3 və ya 5 tələbə var. Biz gələcək üçün bu tələbələri qorumalıyıq."

- Müəllim həmkarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?

- Yeni fəaliyyətə başlayan həmkarlarıma şagirdlərlə münasibətdə çox səbrli olmağı, daim yenilikləri öyrənməyi, hər bir şagirdə öz gələcəyi kimi baxmağı məsləhət görərdim. Müəllim olmaq istəyənlərə isə əvvəl bu peşənin mahiyyətini öyrənib sonra müəllim adını daşımağı tövsiyyə edərdim.

-  Bir müəllim üçün ən gözəl hədiyyə sizcə nədir?

- Çox səmimi deyirəm, şagirdlərimin sevgisi. Onların uğuru. İllər keçsə də "Müəllimə Sizin dərsdən ötrü darıxdım" deyib axtarmaları.

Xəbər lenti