Müəllim sabahkı dərsin mövzusunu izah etdi. Tələbə yoldaşım Xatunla bərabər tapşırığın icrası üçün gün təyin etdik.
Nəhayət bazar günü saat 12-də BDU qarşısında görüşüb çəkim üçün mənzərəli və sakit olan yerə getdik. Müxtəlif ölçülü video çəkilişləri etdik. Parkın içərisinə doğru üz tutub günəşin şüaları altında skamyada əyləşdik. İşimizin qalan hissəsini, montajı etməyə başladıq. Bu zaman uzaqdan əllərində kitab tutan kişi bizə doğru yaxınlaşdı. Xahiş etdi ki, kitablarından alaq. Təəssüf pulumuz bank kartında idi.
Ailəsini dolandırmaq üçün günlük çörək pulu qazandığını zənn etdim. Səyyar kitab satıcısı bizimlə danışmağa başladı. Əvvəl onu anlaya bilmirdim. Düşünürdüm ki, qarmaqarışıq şəkildə kitablar barədə məlumat verir. Onu anlamağa çalışdıqda gördümkü ürək ağrısı ilə cəmiyyətdən danışır: əsas da qız övladlarından; tək başlarına öz bildikləri kimi qərar verərək bəzən səhv yolda irəliləməsi barədə və bunun pis nəticələrindən.
Savadsızlıqdan, cadulik, qadın alveri və s. haqda romanda yazıldığını dəfələrlə söylədi. Kitabları əlimə alıb baxdım, iki fərqli roman idi: "Cadugərin insan ovcunda qətli", "Mələklərin məhəbbət əfsanəsində acı göz yaşları" və üçüncü yeni yazdığı "Xəyanət edən qatillər".
Sonra anladım ki, kitabın müəllifi elə səyyar satıcının özüymüş. Bunu çörək pulu qazanmaq üçün deyil, cəmiyyəti ayıltmağa çalışmaq üçün edirmiş, sanki cəmiyyət qarşısında mənəvi missiya yerinə yetirirmiş kimi.
Hüquqşünas imiş. Vaxtilə mülki hüquq üzrə də işləyibmiş.
Fədakarlığı çöhrəsinə çökmüşdü. Heyrancasına ona baxırdım. Özü üçün deyil, cəmiyyət üçün canla-başla işləyib, onu xilas etmək üçün yol axtaran birisini görmək və tanımaq məni ürəkdən fərəhləndirmişdi. Demək ki, cəmiyyəti düşünənlər də varmış...
Südabə Məmmədova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi