Avropa İttifaqının Lənkəranda keçirdiyi "Ay lolo, Avropa İttifaqı Lənkəranda" adlı festivalda Səfirliyin könüllüsü kimi çıxış edirdim. Hər kəs öz stendində dayanmalı,xaricdən gələnləri qarşılamalı idi. Eyni zamanda hədiyyəli oyunlar təşkil olunmuşdu. Hər bir könüllü kimi mən də öz stendimdə dayanıb xarici və yerli vətəndaşlara məlumat verirdim
Fasilə zamanı stenddən kənarlaşanda Psixoloji dəstək üçün ayrılmış stendə üz tutdum. Həm fərqli dizaynda olduğu üçün, həm də digər stendlərdən fərqli olaraq növbədə olan insanların çoxluğu diqqətimi cəlb etdi. Psixoloqlar insanları qəbul edir,suallar verir həqiqətəndə maraqlı və düşündürücü idi, psixoloq dəstəyi hər kəs üçün vacibdir.
Elə bu an kənardan bir xanım yanında qüsurlu övladı ilə stendə yaxınlaşdı və "Xahiş edirəm övladım qüsurludur məni ön növbəyə keçirin, neçə saatdır günəşdə gözləyirəm, - dedi". Övladı təxminən 2 yaşında olardı, danışa bilmirdi və etdiyi hərəkətləri bilmədən edirdi. Növbəni pozmaq olmadığına görə qadın çox əsəbləşdi və qarşı stendlərə yaxınlaşıb könüllüləri, elə məni də acılamağa başladı.
Mən əhəmiyyət vermədim, çünki problem yaranmasını istəmirdim, sadəcə qadının niyə bu qədər hirsli olduğunu və uşağa niyə belə davrandığını bilmək üçün ardınca gedirdim.
Stendlərdən uzaqlaşıb kənara keçdiyi zaman uşağı yerə ataraq "Canım səndən qurtarsaydı, başıma bəla gətirmişəm elə bil,hamı əylənir,deyir gülür, mən qüsurlu uşaqla məşğul oluram, gəncliyimi əlimdən aldın" deyirdi. Sözləri eşidəndə öz-özümə "İnsan öz can parçasına, öz canından, qanından olana belə qayğı, belə məhəbbət göstərər mi dedim". Yerimdən tərpənə bilmədim, sözlər o qədər təsir etmişdi ki, nə edəcəyimi belə bilmədim. Qadın yenə: "Allah səni məndən alsın, 2-ci qız övladını istəmirdim, sən mənim bu dünyadakı, ən böyük bəlamsan dedi". Bu an özümün də 2-ci qız övladı olduğum ağlıma gəldi, çoxu narazı olsa da, anam məni böyüdəndə belə sözlər əvəzinə heç kimdə axtarmayım deyə mənə bolluca sevgi, qayğı göstərmişdi..Qadına baxanda belə anam olmadığı üçün şükür edib sevindim, amma o Rüqəyya adlı körpənin halına çox üzülürdüm.
Biraz sonra uzaqlaşıb stend tərəfə keçdilər və uşaq əlini orada satılan şirniyyata tərəf uzatdı. Anası isə: "Sənə ancaq zəhər yaraşır, zəhər dedi, sağlam olardın gedib özün götürərdin dedi". O qədər pis oldum ki, şirniyyatı alıb uşağa tərəf gəldim və ona tərəf uzatdım. Anası mənə "Lazım deyil, get burdan" deyərək şirniyyatı uşaqdan vuraraq alıb mənə verdi. Mən anasına dedim ki: Bayaqdan dediyiniz sözləri eşidərək sizi izləyirdim, O sənin qızındır, sənin körpəndirsə, ona niyə elə davranırsan deyə soruşdum. Qadın mənə: Yaxşı edirəm dedi, Allah sənə də beləsini qismət edəndə görərsən beləsini saxlamaq necə olur, uşaq mənimdir, öldürsəm də, saxlasam da dedi. Mən qadına sadəcə dedim ki: Sizə verilən ana adına heç layiq deyilsiniz, düz deyirsiniz mən sizdən fərqli olaraq onu çox ehtiyac duyduğu sevgi ilə böyüdərdim, o dərd deyil o körpənin üzündə gülüş yaratmaq sevgidir dedim və çıxıb getdim.
Valideynlər öz övladlarına qarşı necə bu qədər önəmsiz bir varlıq kimi davrana bilirlər. Allah onu sənə sevərək bəxş edibsə, deməli səndə onu sevərək böyütməlisən. Ona qüsur kimi gələn o uşaq, onu sevmədiyindən ona elə gəlirdi, öz övladını sevməmək bu qədər asan mı olur? Öz canından bir parçana belə davranmaq? Hə, bir də anası balaca Rüqəyyaya: "Sən mənim həyatımı soldurmusan demişdi". Amma düşünməmişdi ki, Rüqəyya onun şirin sözünə, qayğısına ehtiyacı olan və anasını gördükcə çiçək açmaq istəyən amma çiçəyi soldurulan çarəsiz bir körpə idi.
Gec olmadan yanınızda olanlara dəyər verin,onların qədrini bilin.
Xəstəxanaların qapısında ağlayaraq gözləyib,məzarların üstündə qışqırıb, özündən gedərək peşman olanlardan olmayın. Əgər bu həyatda lazım olduğunuz an insanların əlindən tutub, yanında olmayacaqsınızsa, bahalı güllər alıb, hər gün məzarında ölməyə dəyməz.
Türkan Quliyeva
Lənkəran Dövlət Univetsitetinin tələbəsi