Logo

AMEA-nın Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş yekun tədbiri

01.12.2024 14:24 122 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş yekun tədbiri keçirilib.

“Füzulinin sənət dünyası və akademiyanın Füzulinaməsi” mövzusunda keçirilən tədbir Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Füzuli irsinə dair əlyazmaları və AMEA əməkdaşlarının şairin həyat və yaradıcılığı haqqında kitablarının sərgisi ilə tanış olublar.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının işığında ölkəmizin digər qurumlarında olduğu kimi, akademiyada da il ərzində silsilə tədbirlər keçirildiyini, dahi şairin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatlar aparıldığını, çoxsaylı kitablar nəşr edildiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar Füzulinin Qarabağ bölgəsindən, bayat boyundan olduğunu göstərir. O, Bağdad, İraq, Kərkük-türkman mühitində yetişib formalaşıb və orta əsrlər Azərbaycan dilinin bütün qüdrətini, özəlliyini əks etdirən dahiyanə əsərlər yaradıb. Füzuli Azərbaycan ədəbiyyatının görkəmli klassiki, türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, eyni zamanda, dünya ədəbiyyatının yaradıcıları sırasında fərqli yer tutan ustad sənətkardır.

“Şairin qəzəllərini dünya ədəbiyyatında yalnız onunla eyni əsrdə yaşamış ingilis dramaturqu və şairi Uilyam Şekspirin sonetləri ilə müqayisə etmək lazımdır”, - deyən AMEA rəhbəri dahi Azərbaycan şairi Füzulinin böyük lirika ustası olduğunu vurğulayıb. Bildirib ki, şairin lirikası istedadla, ilhamla idrakın işığından yaranmış böyük sənətdir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Füzuli böyük ədəbiyyatın, böyük sənətin yaranmasında elmin qüdrətini səmimiyyətlə etiraf və təsdiq edib. Elmi idrakla bədii istedadın vəhdəti Füzuli sənətini yaradıb.

Şairin bir çox şeirlərinin Azərbaycan xalq ədəbiyyatının nümunələri kimi ictimaiyyət arasında geniş yayıldığını və kütləviləşdiyini söyləyən AMEA prezidenti vurğulayıb ki, Füzulinin əsərlərində azərbaycanlı mənəviyyatı, düşüncəsi öz bədii ifadəsini tapıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Füzuli təkcə Azərbaycan xalqının, öz əsrinin deyil, bütün bəşəriyyətin, böyük sənətin böyük oğludur. O, dünya ədəbiyyatında qəzəlləri, pоemaları ilə şöhrət qazanan və qəlb şairi kimi tanınan nadir sənətkarlardandır.

Füzulinin çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycanda dərindən tədqiq edildiyini söyləyən AMEA rəhbəri bu baxımdan akademik Məmməd Cəfər Cəfərovun “Füzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayır” adlı silsilə məqalələrini, akademik Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasını, görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabını, professor Mirzağa Quluzadənin “Füzulinin lirikası” əsərini qeyd edib.

Akademik İsa Həbibbəyli müstəqillik illərində də Azərbaycan füzulişünaslığının daha dərindən, azad ölkənin azad təfəkkürünün məhsulu kimi inkişaf etdiyini söyləyib, yeni əsərlərin meydana çıxdığını bildirib. Vurğulayıb ki, akademiklər Rafael Hüseynov, Teymur Kərimli, professor Ataəmi Mirzəyev və başqalarının müstəqillik dövründə çap olunan əsərləri həm Azərbaycan ədəbiyyatşünaslığında Füzuliyə həsr edilmiş fundamental tədqiqatlar kimi, həm də dünya füzulişünaslığını zənginləşdirən, klassik füzulişünaslıq ənənələrini yeniləşdirən əsərlər kimi dəyərlidir.

Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən son beş ildə 10 monoqrafik əsərin çap edildiyini diqqətə çatdırıb.

Çıxışının sonunda AMEA prezidenti qeyd edib ki, Füzuli haqqında aparılan tədqiqatlar dahi mütəfəkkirin əsərlərinin əbədiyaşarlığını bir daha təsdiqləyir.

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operası nümayiş olunub.

Qeyd edək ki, müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.


 

Xəbər lenti