Bu gün Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəbəqədər təhsil müəssisələrində çalışan gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumu keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, forumda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, idarənin əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində erkən uşaqlıq dövründə müsbət və mənfi təcrübələrin ömürboyu təsiri, məktəbəqədər təhsildə inklüzivliyin təmin olunması, erkən yaşlarda təlim-tərbiyənin təşkili və digər aktual mövzular müzakirə olunur. İştirakçılar arasında geniş təcrübə mübadiləsi həyata keçirilir.
Forumun keçirilməsində əsas məqsəd gənc tərbiyəçi-müəllimlərin peşəkar inkişafını dəstəkləmək, onların arasında şəbəkələşməni gücləndirmək və müsbət təcrübənin ötürülməsini təmin etməkdir.
Qeyd edək ki, 20-24 dekabr tarixlərində Gənc Tərbiyəçi-Müəllimlər üçün Təhsil Forumu Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı və Şəki-Zaqatala Regional Təhsil İdarələrinin nəzdindəki məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün təşkil olunacaq.