Dekabrın 17-də Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi və mətbuat tarixçisi professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı professor Şirməmməd Hüseynovun həyat və elmi fəaliyyətinin mühüm məqamlarından bəhs edib, onun 70 ilə yaxın bir dövr ərzində səmərəli pedaqoji fəaliyyəti, əsərləri və layiq görüldüyü mükafatlar haqqında məlumat verib.
Dəyirmi masada çıxış edən filialın Humanitar fənlər kafedrasının baş müəllimləri Rasimə Bəkirova, AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, Həbibulla Manaflı, “Şəki” qəzetinin baş redaktoru, Əməkdar jurnalisti Akif Salam, filologiya elmləri doktoru Kamil Adışirinov, “Qızıl Qələm” media mükafatı laureatı Çingiz Nağıyev, Şəki şəhər Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Əməkdar müəllim Bəşarət Yusifov, filialın əməkdaşı, professor Şirməmməd Hüseynovun tələbəsi Gülnaz İsmayılova, bədii qiraət ustası Bəhiyyə Nağıyeva və böyük alimin yaxınları onun elmi və publisistik yaradıcılığının ayrı-ayrı məqamlarından bəhs edib, xoş xatirələrini bölüşüblər.
Konfransda yekun sözlə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sadiq Yusifov tədbirin elmi və mədəni ictimaiyyət üçün mühüm hadisələrdən biri olduğunu vurğulayıb, Şəkidə doğulub boya-başa çatmış görkəmli elm adamının həyat yolunun gənclər üçün örnək olduğunu bildirib.