Logo

Xatirələrdə yaşayan böyük müəllim

18.12.2024 14:39 68 baxış
IMG

Müsahibim ölkəmizdə elmi jurnalistikanın əsasını qoyan qələm adamlarından biri, 47 il “Elm və həyat” jurnalında müxtəlif vəzifələrdə çalışmış, görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovadır. Şirməmməd müəllimin yubileyi ərəfəsində Ülkər xanımla alimin həyat və yaradıcılığından danışdıq. O, xatirələrini “Xalq qəzeti” ilə bölüşdü. 
 

TƏHSİL.BİZ  “Xalq qəzeti”nə istinadən müsahibəni təqdim edir.

– Ülkər xanım, Şirməmməd müəllimin dünyasını dəyişməsindən 5 il keçir. Media aləmində qoyduğu boşluq hər birimizə aydındır. Bəs evdə, ailədə necə?

– Şirməmməd müəllimin yoxluğu ailəmizdə hər an hiss olunur. Mənim də, övladlarımın, nəvələrimin, nəticələrimin də gözü hər an onu axtarır. Azyaşlı nəticələrim evə gələndə “baba hanı?”, – deyə məndən soruşurlar. Cavab tapa bilmirəm. Şirməmməd qayğıkeş həyat yoldaşı, gözəl ata, baba idi. 

– Şirməmməd müəllim xaraktercə sərt adama bənzəyirdi, sözünü deməkdən çəkinməzdi. Evdə bu necə hiss olunurdu?

– Düzdür, çoxları onu sərt adam kimi tanıyırdı. Amma son dərəcə mülayim insan idi. O, haqq-ədalət tapdalananda sərt olurdu, haqsızlıqla barışmırdı.  

– Deyirlər, qız atası olmaq fərqli xoşbəxtlikdir. Şirməmməd müəllimin qızlarına münasibəti necə idi?

– Bizim Fərəh və Lalə adında qızlarımız var. O, qızlarını çox istəyirdi, onlarla olduqca mehriban idi. Bir dəfə də olsun onlarla yüksək səs tonunda danışmayıb, qəlblərinə dəyməyib. Görünür, övladlarımız da elə davranıblar ki, onlara əlavə söz deməyə gərək olmayıb. 

– Ülkər xanım, illər əvvələ qayıdaq, necə oldu ilk tanışlığınız?

– Mən də Şirməmməd müəllimin tələbəsi olmuşam. Bir dəfə mən də daxil olmaqla, 8 qız tələbəsini “Azərbaycan pioneri” qəzetində praktika keçməyə apardı. Qəzetin baş redaktoru Əmrah Əmrahova bizi təqdim elədi. Onu da deyim ki, Əmrah müəllim Şirməmmədin tələbə yoldaşı olub. Qəzetin əməkdaşı Hənifə xanım tanışlıq əsnasında Şəkidən olduğumu bilib Şirməmməd müəllimə dedi ki, bu tələbələrin içərisində sizin yerliniz də var. Şirməmməd müəllim bizə sarı döndü və mənə baxıb gülümsədi. Hər şey bu gülümsəməkdən başladı...

– Müəllim-tələbə münasibətləri evdə də hiss olunurdumu?

– Evlənəndə mən onun tələbəsi deyildim. Fəqət evdə həmişə ona böyük kimi baxmışam. O, mənə qarşı son dərəcə ədalətli olub. Düzə düz deyən olub. Evliliyimizin 60 ilə çatmasına 10 gün qalırdı. Deməli, Şirməmməd müəllim iyunun 24-ü vəfat etdi. İyulun 3-də isə evliliyimizin 60 ili tamam olacaqdı. Bu 60 ildə acı günümüz, münaqişəmiz olmayıb, xatırlamıram. O məni başa düşdüyü kimi, mən də onu anlamışam. Birimiz digərimizi tamamlamışıq.  

– Eşitdiyimə görə, Şirməmməd müəllimin dostları da çox olmayıb.

– Mən deməzdim dostları az olub. Əksinə, çox olub. Onun dostları da özü xarakterində adamlar idi. Məsələn, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmməd Xələfov onun dostu idi. Məmməd müəllim dövrün əvəzolunmaz, vicdanlı, ədalətli hüquqşünası idi. Tarix elmləri doktoru, professor Süleyman Əliyarov, tarix elmləri doktoru Mahmud İsmayılov, Xalq şairi Bəxtiyar Vahabzadə onun dostları idi. 

– Bəxtiyar Vahabzadədən söz düşmüşkən, şair şeirlərinin birində onu ləyaqət, dəyanət mücəssəməsi adlandırırdı. 

– Şirməmməd müəllim ömrünün sonuna kimi Bəxtiyar Vahabzadə ilə yaxın dost olub. Ailəvi gediş-gəlişimiz var idi. Bəli, şeirlərin birində şair: “Şirməmməd – əxlaqın, haqqın öz səsi, ləyaqət, dəyanət mücəssəməsi!” demişdi. Həqiqətən də, Şirməmməd müəllimi düz yolundan heç kim sapdıra, əqidəsindən döndərə bilməzdi. Bəxtiyar müəllim də onu dəfələrlə sınayıb bu nəticəyə gəlmişdi. Məlumdur ki, universitetdə yaxşı qiymət yazılsın deyə, tələbəni tapşıranlar da olurdu. Şirməmməd müəllimin kredosu bu idi: oxu, qiymətini al! Vəssalam. Kim tapşırsa da, tələbə kim olsa da, o, heç kimə haqq etmədiyi qiyməti yazmazdı. 

– Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasına görə basqılardan qorunmasında Şirməmməd müəllimin rolu olub...

– Keçən əsrin 60-cı illərində Azərbaycanın Rusiyaya birləşdirilməsini bayram etmək istəyirdilər. Ziyalı təbəqə, Şirməmməd, Bəxtiyar da başa düşürdülər ki, işğalı bayram etmək olmaz. Çar Rusiyası Azərbaycanı işğal etmişdi. Sovetlərin dövründə bunu işğal kimi qiymətləndirmək ölüm idi. Bəxtiyar müəllim məsləhət almaq üçün bir neçə dəfə deyir ki, Gülüstan müqaviləsi barəsində poema yazmaq istəyirəm, amma ehtiyat edirəm. Bu barədə Şirməmməd müəllim şairə tutarlı bir neçə fakt tapıb verir və bildirir ki, real mətnlər onu xilas edə bilər. Məsələn, Leninin redaktorluğu ilə Bakıda 1900-cü ildə bolşevik mətbuat orqanı kimi nəşrə başlamış “İskra” qəzetində o, məqalələrinin birində yazırdı ki, Rusiya xalqlar həbsxanasıdır. Digər bir məqaləsində isə Rusiyanın işğalçı dövlət olmasını qeyd edir. Şirməmməd müəllim bunları və əlavə faktları toplayıb Bəxtiyar müəllimə verir ki, kimsə nəsə desə, bunları göstər. Həqiqətlər qarşısında susacaqlar, təhlükə sovuşacaq. Belə də oldu. 

Ağrılı mövzu olan “Gülüstan” poeması sovetlər əleyhinə bir sözün işlədilə bilmədiyi dövrdə yazıldı. Poemanı Bakıda heç bir mətbəə qorxudan çap edə bilmədi. Şirməmməd və Bəxtiyar müəllim, ən nəhayət, “Gülüstan”ı Şəkidə “Nuxa fəhləsi” qəzetinin mətbəəsində çap edirdilər. Çapdan sonra söz-söhbət çox böyüdü. Məsələ Mərkəzi Komitəyə də çatdı. Bildirdilər ki, Bəxtiyar Vahabzadə kimdir ki, Azərbaycanın Rusiyaya ilhaq olunmasını işğal adlandırır? “Gülüstan” poeması o qədər geniş yayıldı ki, qapalı məkan olan hərbi hissələrdə belə əsgərlərin cibindən o əsər çıxırdı. O dövrdə “Gülüstan”ı oxumayan tapılmazdı.  

– Növbəti sualım gözlənilməz ola bilər. Düşünürəm ki, ən doğru cavabı sizdədir. Qeyd edilir ki, Şirməmməd müəllimdən bağ, villa qalıb. Bir az da bu barədə danışardınız.

– Deməli, 1966-cı ildə Bilgəhdə, dənizin kənarında 400 manata ərazisində tavanlı vaqonu olan torpaq sahəsi aldıq. Həmin torpaq sahəsi də, vaqon da olduğu kimi qalır. Gördüyümüz iş aldığımız ərazini hasarlamaq və ağaclar əkmək oldu. Universitetin digər müəllimləri də orada yer alıb evlər tikdilər. Bizi tanıyan müəllimlər bəzən ironiya ilə deyirdilər ki, “oradakı Şirməmmədin imarətidir”. Bu ifadə oranı görməyənlər üçün yarı həqiqətə çevirildi. Bundan başqa, 1920-ci ildə Şəkidə atasının yarımçıq tikilmiş evini 1969-cu ildən başlayaraq tamamlayıb. Vəssalam.

Jurnalist Mirşahin Ağayev Şirməmməd müəllimi verilişinə çəkmək üçün evimizə gəlmişdi. Evin dörd bir tərəfini gəzib demişdi ki, Şirməmməd müəllim, mən sizi bu evdə çəkə bilmərəm, normal yeri yoxdur. Evimiz onun xoşuna gəlməmişdi. Ən nəhayət, verilişi evdən kənar bir yerdə çəkmişdilər.

Şirməmməd müəllimin 95 illik ömründə tikdiyi, ucaltdığı imarətlər, qazancı yazdığı kitabları, elmə verdiyi tələbələri oldu. Maddi sərvət toplamadıq, buna cəhd belə etmədik. 

– Ülkər xanım, bu həyat yolunu onunla bir də keçmək istərdinizmi?

– Vallah, bu sualın cavabı yoxdur, axı (kövrəlir). Şirməmməd müəllim kimi dahi ilə yaşayıb tək qalmaq bu gün çox çətindir. Həyatımda onun kimi vətənpərvər, savadlı ikinci bir şəxs tanımamışam.  

– Müəllim yoldaşları, dostları, tələbələri… onu necə xatırlayır?

– Şirməmməd müəllimin vəfatından sonra – 2019-cu ildən etibarən qəzetlərdə, saytlarda barəsində xeyli yazılar çıxdı. Müəlliflərin birinin yazısında qeyd edilmişdi ki, Azərbaycan mətbuatı tarixi Həsən bəy Zərdabidən sonra ikinci jurnalistin bu cür kütləvi, təmtəraqla dəfnini Şirməmməd müəllimdə gördü. O dəfn edilən günü ­37-38 dərəcə isti var idi. Buna baxmayaraq, universitetin zalında, həyətində, küçədə izdihamdan tərpənmək olmurdu. 

Onu sevdirən insani keyfiyyətləri, canıyananlığı, haqqı deməsi, dövlətinin yanında olması idi. Yadımdadır, ilk dəfə 1958-ci idə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu tərəfindən “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabı yazıldı. Müəlliflər azərbaycanlılar idi. Bu kitab, nədənsə, Moskvanı qane etmədi. Kitabın müzakirəsinə Şirməmməd müəllimi də çağırmışdılar. Sovetlər birliyinə daxil olan respublikaların tarix institutlarının rəhbərlərini dəvət etmişdilər. Müzakirələr Şirməmməd müəllimə ağır təsir edib. Çünki hamı birnəfəsə yazılmış kitabın, müəlliflərini tənqid atəşinə tutub. Hətta erməni tədqiqatçılardan biri bildirib ki, kitabda Nəriman Nərimanovun adı 260, Şaumyanın adı isə 110 dəfə çəkilir. 

Fikir verin, bunlar nəyin ədavətini aparırlarmış. Buna Şirməmməd müəllim dözərdimi heç? Əsla! Çıxış üçün söz alaraq bildirib: “Nəyə görə Azərbaycanı Rusiyada mağmun kimi tanısınlar? Halbuki ölkəmizin böyük tarixi var, dəfələrlə müstəqilliyimiz olub. Bizim imperiya ilə vuruşan Cavad xanımız və daha kimlərimiz olub. Sizə elə gəlmirmi ki, Azərbaycan yenidən rus əsarətindən qurtulub müstəqil olacaq?”. Çıxışından sonra ona qarşı Moskvadan təzyiqlər artıb. Məsələ o qədər qəlizləşib ki, Moskvadan, Mərkəzi Komitənin ideoloji şöbəsindən göndərilmiş Snastin adlı məmur raport verib ki, Şirməmməd Hüseynov adlı tarixçi jurnalist məsələləri başqa yönə çəkərək Azərbaycanın müstəqil olacağından danışır. Ümumiyyətlə, onun cəsarətli çıxışlarının sayı olduqca çoxdur və təbii ki, bunlara görə təqiblərə məruz qalıb. Heç bir təzyiq onu haqq yolundan çəkindirə bilməyib. 

Bu məsələdən bir neçə gün sonra universitetin rektoru, kimyaçı-alim Yusif Məmmədəliyev ona yaxın olan işçilərlə birlikdə Şirməmməd müəllimin dərsində əyləşib 90 dəqiqə gedişatı izləyirlər. Tanınmış alimin birbaşa onun dərsini 90 dəqiqə izləməsi Şirməmməd müəllimdə narahatlıq yaradır. Amma sonda aralarında maraqlı dialoq olur. Dərsdən sonra onu otağına çağırıb niyə evlənmədiyini soruşur. Şirməmməd müəllim evinin olmadığını deyəndə isə Yusif müəllim şəhər rəhbərliyinə zəng edib mənzillə bağlı xahiş edir. Bu söhbəti açmaqda məqsədim Yusif Məmmədəliyevin böyüklüyünü izah etmək, Şirməmməd müəllimin meydanda tək olmadığını, tərəfdarlarının olduğunu qeyd etməkdir. 

– Siz Şirməmməd müəllim haqqında yazılmış xatirələri, yazıları toplayırsınız... 

– Mən həmkarları, tələbələri tərəfindən haqqında bu qədər xatirə yazılan ikinci jurnalist tanımıram. Çoxsəhifəli 3 kitablıq xatirəsini toplamışam. Hələ nə qədəri də qalır. Gündən-günə yazılar, xatirələr çoxalır. Buna səbəb Şirməmməd müəllim özü olub, onun yaxşılıqları, insani keyfiyyətləri olub. Moskvada yaşayan Ulduz Qasım adında tələbəsi 50 ildən sonra onun haqqında xatirə yazıb. Məsələn, onun sağlığında – 2004-cü ildə tələbəsi olmuş Vəsilə Usubova “525-ci qəzet”də “Şirməmməd müəllim, sizdən bir də olmayacaq” başlıqlı məqalə yazmışdı. Yazıda maraqlı məqamlar var idi. Başlıq da, mətn də mənə təsir edə bilmişdi. Bu adam millətini, dövlətini sevən əvəzedilməz pedaqoq olub. Axı mən də onun tələbəsi olmuşam, hər şey gözlərimin önündə baş verib. 

Bu yaxınlarda Azərbaycan Milli Kitabxanası Şirməmməd müəllimin biblioqrafiyasını hazırlayıb. Mənə göstərdilər, baxdım. Gördüm ki, onun haqqında yazılan məqalələrin heç üçdən birini bir araya yığa bilməmişəm. Kitabxananın işçiləri arxivdəki qəzetlərdən onun barəsində xeyli xatirəni üzə çıxarıblar. Allah ömür versin, hamısını bir araya toplamağı qərara almışam.

– Sonda istərdim ki, Şirməmməd müəllim barəsində mətbuatda olmayan bir neçə xatirənizi bizimlə bölüşəsiniz.

– O, 75 yaşı olanda səhhətində nasazlıq yarandı. Dost-tanışla, evdə danışanda hey deyirdi ki, yaşamaq limitim bitir. Bu ifadə məni çox kövrəldirdi. Fikirləşirdim ki, nə edim ki, bunda yaşamaq, həyat eşqi yaradım. İşdə ağlıma gəldi ki, ona məktub yazım və elə də oldu. Ona mənzum məktub yazdım. Amma cəsarət edib özünə verə bilmədim, evdə kitabların arasına qoydum. Şükürlər olsun ki, onun səhhəti düzəldi. Daha sonra o məktubu hara qoyduğumu unutdum. Bir gün o məktubu axtarmağa başladım. Onu tapa bilməsəm də, qoyduğum kitabın arasında Şirməmməd müəllim öz xətti ilə mən yazdığımı köçürüb, qoyub. O məktubu hələ də saxlayıram. 

Başqa bir xatirə isə ikinci qızım Lalə barəsindədir. O, anadan olanda qardaşım mənə dedi ki, Şirməmməd müəllim ikinci övladın qız olmasına görə nəsə narahat olmadı? Şirməmməd müəllim xəstəxanaya gedəndə yazmışdı ki, “O qıza da qurban!” Qeyri-adi, mehriban ata olub.

– Ülkər xanım, bizimlə həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Şirməmməd Hüseynov tarix yazmaqla yanaşı, taleyimizi də yazdı. Allahdan mərhum alimimizə rəhmət diləyirəm.

Xəbər lenti