Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin və Türkiyənin Düzce Universiteti İşlətmə fakültəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə onlayn iclas keçirilib.
İclasda Düzce Universitetinin İşlətmə fakültəsinin dekanı Enver Bozdemir və dekan müavini Nevin Özer, MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli və digərləri iştirak ediblər.
TƏHSİL.BİZ xəbər verir ki, ilkin tanışlıq məqsədi daşıyan görüşdə bu il dekabrın 13-də iki ali təhsil müəssisəsinin rektorlarının imzaladığı əməkdaşlıq haqqında memorandumun tərəflər üçün səmərəli olacağına əminlik ifadə edilib. Bu məqsədlə iki fakültənin həm pedaqoji, həm də elmi tədqiqat sahəsində bir sıra layihələri reallaşdırması üçün imkanlar səfərbər olunacaq.
Qeyd olunub ki, hər iki universitet arasında əməkdaşlığın başlanğıc mərhələsində onlayn ustad dərslərinin, seminarların, dəyirmi masaların təşkili mümkündür. Sonrakı mərhələlərdə isə birgə konfranslar, forumlar, qısamüddətli müəllim və tələbə mübadiləsinin reallaşdırılması həyata keçirilə bilər. Gələcəkdə magistratura səviyyəsində ortaq magistr proqramlarının təşkili də mümkündür.
Sonda maraqlı təkliflər qeydə alınıb və əməkdaşlığın genişləndirilməsi üçün plan hazırlanacağı bildirilib.