Logo

Dilçilik İnstitutunda professor Qulu Məhərrəmlinin 70 illik yubileyi qeyd olunub

20.12.2024 16:42 51 baxış
IMG

Dekabrın 20-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar jurnalist, ictimai xadim və professor Qulu Məhərrəmlinin anadan olmasının 70 illik yubileyi münasibətilə “Televiziya və radio verilişlərində ədəbi dil problemləri” mövzusunda elmi sessiya keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, televiziya sənətinin və jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib.

Nadir Məmmədli bildirib ki, Qulu Məhərrəmli 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, eləcə də izahlı lüğətlərin, elmi-publisistik kitabların müəllifidir. Bunların sırasında “Radiodramaturgiya dili” (1990), “Televiziya haqqında etüdlər” (1996), “Televiziya və radio tamaşaları” (A.Dadaşovla birgə, 1999), “Televiziya nitqi və ədəbi tələffüz” (1999), “Audiovizual nitq” (2000), “Ekran və ana dili” (Tehran, 2001), “İctimai televiziya” (2003), “Danışır Təbriz” (2004), “Kütləvi kommunikasiya və dil” (2004), “Radioteatr dəvət edir” (2010) kimi dəyərli əsərlərin adını çəkmək olar. Qulu müəllimin radio və televiziya dili haqqında kitabları, elmi məqalələri və metodik tövsiyələri gənc diktorlar və aparıcılar üçün qiymətli vəsaitlərdir.

Alim qeyd edib ki, Qulu Məhərrəmli 20-dən çox sənədli filmin müəllifidir. Ümummilli Lider Heydər Əliyev haqqında çəkilmiş üç hissəli “Böyük ömrün anları” və “Okean üzərində körpü” sənədli filmlərinin ssenari müəllifidir.

Sonra Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş edilib.

Tədbirdə elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli “Televiziya və radio nitq mədəniyyəti tribunasıdır”, professor İsmayıl Məmmədli “Qulu Məhərrəmli televiziya və radio dilinin araşdırıcısı kimi”, BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Azərbaycan televiziya məkanında siyasi icmallar veriliş formatı kimi”, dosent Təranə Şükürlü “Ekran, efir və nitq mədəniyyəti problemləri“, şair-publisist Vaqif Bəhmənli “Qulu Məhərrəmlinin publisistikasının dil və üslub xüsusiyyətləri”, professor Allahverdi Məmmədli “Jurnalistika ilə dilçiliyin qovuşuğunda”, Şamama Təvəkkülova “Qulu Məhərrəmli haqqında deyilənlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Vurğulanıb ki, Qulu Məhərrəmli gözəl müəllim, alimdir, bir xeyli sanballı kitab yazmış parlaq televiziya nəzəriyyəçisidir. O, Azərbaycan jurnalistikası üçün çox vacib olan daxili zənginlik, peşəkarlıq və yüksək ləyaqətlilik kimi keyfiyyətləri özündə birləşdirir. Qulu Məhərrəmli Azərbaycan mətbuat dilinin, televiziya, radio dilinin, ən başlıcası, ədəbi dilimizin qorunması və inkişafı yolunda yorulmadan çalışan, yazan, danışan, mübarizə aparan alim, jurnalistdir.

Tədbirdə çıxış edən alimlər qeyd ediblər ki, Qulu Məhərrəmli həmişə yenilikçi olub, peşəsinin inkişafına doğru yönəlmiş yenilikləri qəbul etməsi ilə seçilib.

Elmi sessiyada professor Qulu Məhərrəmliyə Dilçilik İnstitutunun fəxri fərmanı təqdim edilib.

Sonda çıxış edən professor Qulu Məhərrəmli bu gün Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlərdən, həmin problemlərin həllindən, Dilçilik İnstitutu ilə dostluq bağlarından danışıb və bu tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

Xəbər lenti