Dekabrın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə görüş keçirib.
DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı qarşıda duran məsələlər və hədəfləri barədə məlumat verib. Sədr qaliblərin fərdi inkişaf planının yekunu ilə maraqlanıb və onların suallarını cavablandırıb. Mentorluq proqramının başa çatmasına baxmayaraq, qaliblərin Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun müəyyən layihələrə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.