Qeyd etdiyimiz kimi, aprelin 9-da Sumqayıt Dövlət Universitetində “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirildi.
Konfransda çıxış edənlər arasında SDU-nun pakistanlı tələbəsi Muhammad Adnan Gorgaje öz coşqulu, vətənpərvər nitqi ilə zalda oturanlara təsir etməyə, bir neçə dəfə gurultulu alqışlarla qarşılanmağa müvəffəq oldu. Gəncin şövqlə söylədiyi “Azərbaycan hər zaman Pakistanın haqq səsinə səs verib, beynəlxalq tədbirlərdə Pakistanın yanında olub. Onun qarşılığında isə Pakistan və qardaş Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Bu münasibətlər yalnız dövlətlər səviyyəsində deyil, xalqlarımız arasında səmimi dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirib. Əminliklə deyə bilərik ki, münasibətlərin davamlı olması üçün gənclərimiz tarixi birlik nümayiş etdirəcək" cümlələri tədbirdə iştirak edən hər bir kəs tərəfindən böyük rəğbətlə qarşılandı.
TƏHSİL.BİZ xəbər verir ki, “Azərbaycan müəllimi” konfransdan sonra pakistanlı gənc Muhammad Adnan Gorgaje ilə həmsöhbət olaraq onun Azərbaycan sevgisinə bir daha şahidlik edib.
“Azərbaycanda hər kəs mənə xoş münasibət göstərdi, dost oldu, sahib çıxdı, sevgi və hörmətlə qarşıladı”
22 yaşında olan Muhammad ilk ali təhsilini Azərbaycanda almaq istəyir. O, artıq SDU-da “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub və burada ödənişsiz təsil alacaq. Hazırda “Azərbaycan dili” üzrə hazırlıq kursunda oxuyan gənc Azərbaycanda təhsil almaq arzusunu, SDU-nu seçməyinin səbəbini belə izah edir: “Mən hər zaman müxtəlif mədəniyyətləri, insanları, xalqları öyrənmək arzusunda olmuşam, eyni zamanda, siyasi-diplomatik bir insanam. Qarşımda hədəf qoydum ki, ölkəmdən xaricdə ali təhsil almalıyam. Böyüdüyüm Nuşki şəhəri çox ucqar və dağlıq ərazidə - Əfqanıstan və İranla sərhəddə, demək olar ki, səhrada yerləşir. Mən Azərbaycana gələndə Birləşmiş Millətlər Təşkilatının iki simulyasiyasında iştirak edərək çıxış etmişəm. Onlardan biri öz ölkəmə, digəri isə Ukraynaya həsr olunub. Sumqayıt şəhəri ilə tanışlığım isə onunla əlaqəlidir ki, Pakistanın futbol komandasının kapitanı Easah Suliman hazırda Sumqayıt futbol komandasında oynayır. Özüm də futbolçu olduğum üçün oxumaq üçün Sumqayıt şəhərini, SDU-nu seçdim. Çox arzu edirəm ki, Azərbaycan Premyer Liqasının komandasında yer alım, təhsillə bərabər, idman sahəsində də fəaliyyətimi davam etdirim. Bakı şəhərində yerləşən “Dirçəliş” və “Küryan” idman klublarına müraciət etmişəm və hazırda nəticələri gözləyirəm”.
Türk dilində çox gözəl danışan pakistanlı gəncdən bu dili necə öyrəndiyini xəbər alırıq. Məlumat verir ki, Pakistanda Türkiyənin dəstək verdiyi beynəlxalq maarif məktəbi olan Pak-Türk Maarif Beynəlxalq Məktəbində orta təhsil alıb və 12 il orada türk dili öyrənib. Bu səbəbdən onun üçün Azərbaycan dilini öyrənmək çox asan olub: “Ölkənizə ilk gəldiyim zaman dillə bağlı heç bir problem yaşamadım. Sadəcə, ünvanları, məkanları tanımamaqla bağlı çətinliyim oldu. Ancaq tez bir zamanda bunları da öyrəndim. Hazırda, demək olar ki, bütün Sumqayıt bizi tanıyır, bizimlə dostluq edir. Hər getdiyimiz yerdə hörmətlə, qonaqpərvərliklə qarşılanırıq”.
Söhbət əsnasında 5 aydır ölkəmizdə yaşadığını söyləyən Muhammad qeyd edir ki, hələ Pakistanda olarkən Azərbaycan dövləti tərəfindən beynəlxalq tələbələr üçün təqaüd proqramı elan edildiyini öyrənib. Həmin proqrama müraciət edib, qəbul olub və ölkəmizə gəlib: “Azərbaycana ilk dəfə COP29 tədbiri keçirildiyi zaman – noyabr ayında gəldim və buranı çox bəyəndim. Mən daha öncə Türkiyədə, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, İranda olmuşam. Azərbaycan haqqında eşitsəm də, heç gəlməmişdim. Azərbaycanda heç bir tanışım yox idi. Buraya gəldiyim zaman hər kəs mənə xoş münasibət göstərdi, dost oldu, sahib çıxdı, sevgi və hörmətlə qarşıladı. Bu cür münasibətdən çox məmnun oldum. Bakalavr təhsilimi burada, magistratura təhsilimi isə başqa ölkədə almağı düşünürəm”.
Hazırda SDU-da oxuduğu “Azərbaycan dili” hazırlıq kursu barədə də danışan Muhammad Adnan Gorgajenin sözlərinə görə, müəllimləri Səkinə Nağızadə, Mətanət Ağasıyeva və Samirə Kərimovanın sayəsində Azərbaycan dilini və tarixini böyük həvəslə öyrənir. Pakistanlı gənc onunla bərabər kursda daha 3 əcnəbi tələbənin oxuduğunu deyir: “Kurs yoldaşlarımdan biri iranlı qız, digər ikisi pakistanlı oğlanlardır. Biz “Tələbə evi” adlanan universitet yataqxanasında qalırıq. Yataqxanada mətbəx var və yeməyimizi orada özümüz bişirib yeyirik, yaxud universitetin yeməkxanasından yemək alırıq. Yataqxanada Azərbaycanın rayonlarından olan tələbələr də qalır”.
“Ümid edirəm, SDU-da Avropa və ABŞ-dən gələn tələbələr də təhsil almaq istəyəcəklər”
Muhammad vurğulayır ki, SDU-da ən çox bəyəndiyi hal buradakı gənclərin çox fəal olması, hər bir təşkilata, təhsil, mədəniyyət, siyasi və s. tədbirlərə qatılmasıdır: “Mən özüm də fəal olduğum üçün bu məqamı dəstəkləyirəm. SDU-nun təhsil sahəsində sürətlə irəlilədiyini görürəm. Universitetin daha öncəki rektoru Rüfət Əzizovun sayəsində SDU yeni inkişaf yoluna qədəm qoydu. Ümid edirəm, SDU yeni rektorumuzla inkişafını davam etdirəcək və burada tək Asiyadan deyil, Avropa və ABŞ-dən də gələn əcnəbi tələbələr təhsil almaq istəyəcəklər. Bizim kimi gənclər beynəlxalq konfranslarda, arenalarda SDU adından çıxış edərək buna nail olacağıq”.
SDU-da “Kompüter elmləri” ixtisasını seçməyinin səbəbini əcnəbi tələbə belə izah edir: “Əslində, mən “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil almaq istəyirdim. Sadəcə, universitetdə bu ixtisas olmadığına görə mənim üçün ikinci ən önəmli sahəni seçdim. Çünki XXI əsrdə hər bir gənc texnologiyalara bələd olmalıdır. Mən işıqlı gələcəyimi düşündüyümə görə bu ixtisası seçdim.
Hesab edirəm ki, “Kompüter elmləri” ixtisasını bitirdikdən sonra vətənim Pakistan üçün də nələrsə edə bilərəm. Tədris dili olaraq Azərbaycan dilini seçmişəm və keçdiyimiz bütün dərslər Azərbaycan dilində olacaq. İngilis dili səviyyəm çox yaxşıdır. Pakistanda bizim rəsmi dilimiz urdudur, lakin bütün məktəblərdə ingilis dili keçilir, ingilis dili dövlət səviyyəsində dəstəklənir. Bu səbəbdən ingilis dilini yaxşı bilirəm. Ancaq fikrimcə, əsas olan məqamlardan biri getdiyimiz ölkənin dilini, mədəniyyətini, tarixini bilməkdir. Mən ali təhsilimi Azərbaycan dilində almaq istəyirəm. Gələcəkdə magistr təhsilimi bir başqa ölkədə davam etdirsəm, təhsilimi həmin ölkənin dilində almağı düşünürəm”.
Qərbi Azərbaycanla bağlı sahib olduğu məlumatları necə əldə etməsi haqqında sualımızı cavablandıran Muhammad Adnan Gorgajenin dediyinə görə, Azərbaycana yeni gəldiyi vaxtlarda bildiyi məlumat ancaq ondan ibarət idi ki, Naxçıvan və Qarabağ arasında yerləşən ərazi Qərbi Azərbaycan adlanır. Sonradan isə Tarix fakültəsinin tələbələri ilə söhbət edən fəal gənc araşdırdıqdan sonra məsələnin daha ciddi və köklü olduğunu dərk edib: “Bütün bunlarla yanaşı, Bakıda Qərbi Azərbaycandan olan bir çox insanları tanıyırdım. Onlar mənə Qərbi Azərbaycanın xəritəsini göstərdilər, oradan da bir çox məlumatlar əldə etdim, Qərbi Azərbaycana aid bir neçə şeir öyrəndim.
Bildiyiniz kimi, Kəşmir münaqişəsi məsələsində bütün beynəlxalq tədbirlərdə Azərbaycan Pakistana hər zaman dəstək göstərib. Pakistan da Qarabağ məsələsində Azərbaycanın yanında olub. Bunun davamı olaraq mən Azərbaycanın bizi bu qədər dəstəklədiyini görüb düşündüm ki, nədən Qərbi Azərbaycan mövzusunda mən də Azərbaycana öz dəstəyimi göstərməyim?! “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfransa hazırlıq prosesi zamanı tədbirdə çıxış etməyi düşündüm və Milli Məclisin deputatı Mehriban Vəliyevanın dəstəyi sayəsində istəyimi reallaşdıra bildim. Buradan Mehriban xanıma təşəkkürümü bildirirəm”.
Söhbətimizin sonunda xalqımıza Qərbi Azərbaycana qayıdış mövzusunda dəstək verməyə hazır olduğunu bildirən Muhammad gözlərində parıltı və səsində əminliklə söyləyir: “İstənilən şəkildə – beynəlxalq tədbirlərdə, diplomatik görüşlərdə Azərbaycana bu məsələdə dəstək verməyə hazıram! Qərbi Azərbaycan mövzusunda da eyni şəkildə Azərbaycanın yanında olmağa daim hazırıq”.