“Əsas məqsədimiz istehsalatla əlaqələrin qurulmasıdır. “Dizayn həftəsi”nin keçirilməsində məqsəd dizayn sahəsində təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının nümayişi, peşəkar mühitdə interaktiv müzakirələrin təşkili, bu sahəyə ictimai marağın daha da artırılmasıdır”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində 21-25 aprel tarixlərində keçiriləcək “Dizayn həftəsi”nin açılış mərasimində universitetin rektoru Gülçöhrə Məmmədova səsləndirib.
Rektor qeyd edib ki, Dizayn fakültəsinin yaradılmasının birinci ildönümüdür:
“Başa düşürəm ki, bizdə bu sahədə irəliləyiş əldə etmək bir qədər çətindir. Dizayn xidmətlərinə önəm verən şirkətlərin sayı hələ də çox deyil. Bu baxımdan düşünürəm ki, “Dizayn” fakültəsinin qarşısında mühüm vəzifələr dayanır. Universitetimizdə “Dizayn həftəsi”nin təşkili də məhz bu məqsədə xidmət edir : istehsalatla fakültə arasında daha sıx əməkdaşlıq qurmaq və tələbələrin real iş mühiti ilə yaxından tanış olmalarına şərait yaratmaq”.