Azərbaycan Texniki Universitetində (AzTU) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti vorkşop keçirilib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, tədbir aqrar sahədə rəqəmsal yanaşmaların genişləndirilməsi və müxtəlif sahələrin mütəxəssislərinin bilik mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev kənd təsərrüfatının müasir dövrdə yüksək texnologiyalarla inteqrasiyasının zəruriliyini vurğulayıb. O qeyd edib ki, bu cür layihələr elm, texnologiya və istehsalat arasında körpü yaradır və ölkənin dayanıqlı ərzaq təhlükəsizliyinə töhfə verir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə bildirib ki, layihə süni intellekt alətlərindən istifadə etməklə təsərrüfat sahiblərinə daha dəqiq, daha çevik və resurslara qənaət edən qərarlar vermək imkanı yaradaq. O, layihənin davamlılığının təmin olunması və real təsərrüfatlarda praktiki nəticələrin əldə olunmasının prioritet olduğunu qeyd edib.
Vorkşop zamanı Aqrar İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətlərini əks etdirən videoçarx təqdim olunub. Ardınca müxtəlif sahələr üzrə mütəxəssislərin çıxışları dinlənilib.