“Pedaqoji Universitet 2015-ci il akkreditasiya nəticələrinə əsasən, qeyri-pedaqoji ixtisasların əksəriyyətinin bağlandığı ali təhsil müəssisələrindən biri olub”.
Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov TƏHSİL.BİZ -ə müsahibəsində bildirib.
O qeyd edib ki, “ADPU-2030” Strateji İnkişaf Planında əsas istiqamətlərdən biri kimi universitetin potensial və imkanlarının artırılması, onu tədricən ölkədə sosial-humanitar və pedaqoji elmlər sahəsində ixtisaslaşmış bir elmi mərkəzə çevirmək hədəfi müəyyən olunub:
“Burada əsas məqamlardan biri odur ki, ölkədə Elm və Təhsil Nazirliyi tərəfindən pedaqoji ixtisaslara qəbul planı ildən-ilə optimallaşdırılır. Bu, həm müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi, həm də əmək bazarının real tələblərinə uyğunluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
O əlavə edib ki, hazırda ölkə üzrə 21 ali təhsil müəssisəsində hər il təxminən 10-11 min nəfər bakalavriat səviyyəsində pedaqoji ixtisaslara qəbul olur. Bu rəqəmlər yaxın illərdə bir qədər azaldıla bilər:
“Çünki əmək bazarının ehtiyacları nəzərə alınaraq, qəbul planlamasında tənzimləmələr aparılır və biz bunu artıq hiss edirik. Ona görə də Pedaqoji Universitetin və onun filiallarının yalnız pedaqoji kadr hazırlayan ali məktəb olaraq fəaliyyət göstərməsi 2030-cu illərə qədər məqsədəuyğun hesab edilmir. Bu baxımdan ali təhsil müəssisəsinin əmək bazarındakı rəqabətədavamlı olması üçün kadr hazırlığı aparılan sahələrdə müəyyən korreksiyalar edilməlidir”.