AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının (MEA) prezidenti müxbir üzv Kanat Abdrahmatovla görüşüb.
AMEA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı akademiyalar arasındakı elmi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının Qırğızıstan MEA-nın institutları ilə sıx münasibətləri olduğunu bildirib, bu əlaqələrin gələcəkdə daha genişmiqyaslı işlərin həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu ilə birgə “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlamasını ortaq fəaliyyətin yüksək əyani nəticəsi olduğunu qeyd edib. AMEA rəhbəri Rəyasət Heyəti tərəfindən qırğız xalqının böyük oğlunun Azərbaycan-qırğız ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi layiqli töhfələri nəzərə alaraq “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasını təmin etmək məqsədilə Redaksiya Heyətinin yaradıldığını və işlərin davam etdirildiyini söyləyib.
Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti müxbir üzv Kanat Abdrahmatov çıxışında AMEA ilə birgə işlərin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Akademik İsa Həbibbəylinin Qırğızıstana səfərinin və anlaşma memorandumunun imzalanmasının gələcək ortaq fəaliyyət üçün geniş imkanlar açacağını bildirib.
Daha sonra gələcək elmi əməkdaşlığın gücləndirilməsi, birgə elmi fəaliyyətin icra edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti müxbir üzv Kanat Abdrahmatov imzalayıblar.