Təhsildə keyfiyyətin artırılması və beynəlxalq qiymətləndirmə sistemlərinə inteqrasiyanın gücləndirilməsi məqsədilə PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) ilə bağlı maarifləndirici görüşlər davam etdirilir.
TƏHSİL.BİZ xəbər verir ki, bu gün Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya və Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində görüşlər təşkil olunub. Görüşlərdə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, Tədrisin Keyfiyyət sektorunun əməkdaşları Elşən Məmmədov və Fidan İbrahimova, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbir zamanı PISA qiymətləndirməsinin məqsədləri, əhəmiyyəti və tətbiq mexanizmləri barədə ətraflı məlumat verilib, şagirdlərin funksional savadlılığının artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.