Logo

BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

18.04.2025 08:34 73 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) BDU-nun tarixi muzeyinin təşkilatçılığı ilə Tarix fakültəsində 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan elmi seminar keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin moderatoru, BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva bu günün qeyd olunmasının tarixi barədə məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova Azərbaycanda tarixi abidələrin bərpası və mühafizəsi üçün həyata keçirilən layihələrdən, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Tarix fakültəsinin magistrantı Aynur Ağayeva “Arxeoloji abidələrdə qədim şəhərlərimizin gündəlik həyatının əksi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ikinci Kültəpə, Həsənlitəpə yaşayış yerləri, Manna şəhərlərinin quruluşu haqqında məlumat verib, həmin ərazilərdə tapılan arxeoloji nümunələrdən, insanların gündəlik həyat tərzi və məşğuliyyəti, sosial təbəqələrindən danışıb.

Arxeologiya və etnoqrafiya kafedrasının müdiri tarix elmləri doktoru Tarix Dostiyev vurğulayıb ki, Azıx mağarasından tapılmış qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Xəbər lenti