Logo

Peşəkar dizaynerlər AzMİU-da ustad dərsləri keçəcəklər

21.04.2025 14:12 60 baxış
IMG

“Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn həftəsi”nə start verilib. Bu həftə universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının 1 illiyi münasibətilə təşkil olunub. 21-25 aprel tarixlərini əhatə edəcək proqramın ilk günündə AzMİU, eləcə də digər ali təhsil müəssisələrinin rəhbərliyi, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə jurnalistlərə Dizayn fakültəsinin dekanı Fərid Kərimov məlumat verib.

O bildirib ki, “Dizayn həftəsi” beş gün ərzində müxtəlif sərgilər, ustad dərsləri, “Açıq qapı” günü, panel müzakirələr və yekun təqdimatlar kimi genişmiqyaslı tədbirlərlə davam edəcək:

“Açılış mərasimindən sonra dizayn istiqamətləri üzrə tələbə işlərindən ibarət sərgilərin təqdimatı keçiriləcək. Bu sərgilərdə AzMİU-nun Təsviri İncəsənət, Qrafik və media Dizaynı, Mühit dizaynı kafedralarının tələbələrinin əl işləri nümayiş olunacaq, həmçinin tanınmış fotoqraf Ziya Alisoyun fərdi fotosərgisi iştirakçılara təqdim ediləcək. Sərgilər tələbələrin yaradıcı qabiliyyətlərini nümayiş etdirmək və dizayn sahəsindəki ən yeni trendləri göstərmək üçün mükəmməl bir platforma olacaq”.

Dekan qeyd edib ki, 22 aprel tarixində ustad dərsləri və təcrübə mübadiləsi sessiyaları keçiriləcək, burada sahənin tanınmış peşəkar dizaynerləri və sənaye mütəxəssisləri iştirak edərək, iştirakçılara fotoqrafiyanın dizayndakı rolu, vizual ifadə vasitələrinin əhəmiyyəti, yaşıl dizaynın gələcəyi və maketləşdirmə prinsipləri kimi mövzularda dərindən məlumat verəcəklər. Bu dərslər, həmçinin təbiətin dizayndakı rolu və fərdi mebel avadanlıqlarının kiçik ölçülü tətbiqi barədə müzakirələrə imkan yaradacaq.

Onun sözlərinə görə, 23 aprel tarixində keçiriləcək “Açıq qapı” günü isə hər kəs üçün böyük bir fürsət olacaq. Bu tədbir iştirakçılara Dizayn fakültəsinin tədris prosesi ilə yaxından tanış olmağa, tələbələrin işlərini yerində görərək fakültə mühiti haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək:

“24 aprel tarixində “Təhsildə süni intellekt alətlərindən istifadə” mövzusunda panel müzakirəsi təşkil ediləcək. Bu müzakirə dizayn təhsilində süni intellektin tətbiqi və texnologiyanın dizayn sahəsinə təsiri barədə fikir mübadiləsi aparmaq üçün unikaldır. Paneldə sahənin mütəxəssisləri və gənc dizaynerlər iştirak edəcək”.

Qeyd edək ki, “Dizayn həftəsi” 25 aprel tarixində yekun mərasimlə başa çatacaq. 

 

 

 

 


 

Xəbər lenti