AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin təşkilatçılığı ilə keçirilən V Beynəlxalq Türk Sivilizasiyası Konfransında iştirak edib. Konfransda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Makedoniya və digər ölkələrdən olan nümayəndələrin 300-ə yaxın məruzəsi dinlənilib.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.
Akademik İsa Həbibbəyli konfransın plenar iclasında “Türk sivilizasiyasının formalaşması və inkişafında elm və ədəbiyyat faktoru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türklərin sivilizasiya yaradan millət olması və malik olduqları zəngin elmi-ədəbi irs haqqında geniş bəhs olunub. Məruzədə türk xalqlarının zəngin tarixi ilə birlikdə gələcək hədəfləri haqqında da tezislər diqqətə çatdırılıb. Akademik İsa Həbibbəyli rəqəmsal inkişaf, süni intellektin zamanın çağırışı olduğunu və türk gəncliyinin yeni texnoloji biliklərə yiyələnməsinin zəruri olduğunu diqqətə çatdırıb.
AMEA-nın prezidenti konfransın bağlanış iclasında da çıxış edib.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Manas Universitetinin rektoru professor Alpaslan Ceylan arasında görüş olub. Görüşdə akademik İsa Həbibbəyli Manas Universitetinin Orta Asiyada türk birliyinin formalaşmasında mühüm rol oynayan ali təhsil qurumu olduğunu qeyd edib. Professor Alpaslan Ceylan Azərbaycanın Qarabağ Zəfərinin Türk dünyasının böyük Zəfəri olduğunu bildirib. O, Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı elmi əməkdaşlığın inkişafının əhəmiyyətlindən bəhs edib.
Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sazişi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan imzalayıblar.
Səfər çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli böyük qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib.