Logo

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16.09.2025 11:42 71 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Atatürk Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq vörkşop dayanıqlı inkişaf mövzusunda qlobal dialoqu təşviq edib. 

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, tədbir Atatürk Universitetinin ev sahibliyi ilə reallaşıb və müxtəlif ölkələrdən gəlmiş universitet nümayəndələrini bir araya gətirib.

AzMİU-nu tədbirdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə və Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli təmsil ediblər. 

Vörkşop çərçivəsində dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq və ali təhsilin qlobal tərəfdaşlıqlarda rolu mövzularında geniş müzakirələr aparılıb. İştirakçılar öz təcrübələrini bölüşüb, ideyalar irəli sürüb və gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Vörkşopda təşkilatçı universitetlərlə yanaşı Misirdən Delta Elm və Texnologiya Universiteti, Mərakeşdən İbn Tofail Universiteti, BƏƏ-dən Şarja Universiteti, Malayziyadan Asiya Sakit Okean Texnologiya və İnnovasiya Universiteti, Türkiyədən Karadeniz Texniki Universiteti, Hitit Universiteti və Van Yüzüncü Yıl Universitetinin nümayəndələri də iştirak ediblər.

Tədbirin yüksək səviyyədə təşkili və yaradılmış səmimi mühitə görə vörkşop iştirakçıları Atatürk Universitetinin rektoru və komandasına xüsusi təşəkkürlərini çatdırıb, onun təşkilində göstərdiyi fədakarlığa görə Ensar Göktaşın əməyini ayrıca qeyd ediblər.

Belə beynəlxalq tədbirlər bir daha göstərir ki, universitetlər yalnız təhsil və bilik mərkəzi deyil, həm də innovasiyaların təşviqi, güclü tərəfdaşlıqların qurulması və dayanıqlı gələcəyin formalaşdırılması üçün mühüm platformadır.

 

 

 

 


 

Xəbər lenti