Logo

Abituriyent intiharları: günahkar valideyn və məktəbdir

08.05.2021 11:23 320 baxış
IMG

 

Ölkədə yeniyetmə və abituriyent intiharı yenidən gündəmə çevrilib. Xüsusilə Ağdam rayonunun Orta Qərvənd kəndində 17 yaşlı Şəfaət Elman oğlu Məmmədovun buraxılış imtahanında az bal topladığı üçün canına qəsd etməsi sosial şəbəkələrdə ciddi narahatlıqla müzakirə edilir.

Məsələ ilə bağlı açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, abituriyentlər imtahan nəticəsinə görə intihar halları narahatlıq yaradır:

“Təbii ki, bu kimi halların baş verməsinin bir sıra səbəbləri var. Ümumiyyətlə onu qeyd etmək lazımdır ki, imtahan stressi hər bir abituriyentdə eyni olur. Abituriyentlər imtahanlardan deyil, onun mənfi nəticələrindən qorxur. Təəssüf ki, abituriyentlərin intiharında valideynlərin də bilməyərəkdən payı var. Çünki bizim cəmiyyətlərdə bir çox valideyn övladının ali təhsil almasını istəyir. Əslində bu, gözəl bir şeydir, lakin bəzi valideynlər bunu övladları üçün deyil, sanki bir yarış məqsədilə edir.

Əksər hallarda valideynlər övladlarının ali təhsil almasını istəsə də, onların mövcud potensialını, əqli inkişafını, maraqlarını, arzularını nəzərə almır. Övladlarına repetitorlar tutub külli miqdarda vəsait xərcləyir. Belə valideynlər abituriyentlərə hazırıq ərəfəsində psixoloji təzyiqlər edir. Ən çox işlədilən ifadələr “Nəyin əskikdir, mən sənə əziyyət çəkmişəm, niyə bacarmırsan” və s. olur. Artıq bu kimi cavablarla sıxılan, qorxan abituriyent yekunda qəbul ola bilməyəndə çıxış yolunu həyatına son verməkdə görür”.

Psixoloq deyib ki, məktəb psixoloqları hər intihar hadisəsinə görə məsuliyyət daşımalıdır:

“Məktəb psixoloqu yeniyetmələrlə, abituriyentlərlə və valideynləri ilə işləməlidir. Bizim təhsil sistemində psixoloqun işinin nə olduğu bilinmir. Bu gün abituriyentlərlə peşəkar psixoloq işləsə, intihar halları baş verməz. Araşdırsaq görərik ki, heç bir məktəb psixoloqu abituriyentlərdə stress testi etmir.

Valideynlər də övladını alçaltmaq yox, ona özgüvən verməlidir ki, o özgüvəndən istifadə edib gələcəkdə universitetə girməsə belə, özünə karyera qursun. Valideynlər elə bilirlər ki, bütün günü uşaq oxuyursa, mütləq universitetə girəcək və yaxud da uşağın əlində bütün gün kitab olmalıdır. Bu düzgün deyil, abituriyentin istirahət zamanı olmalıdır”.

Xəbər lenti