Logo

“Əlaqə mərkəzi təmsilçisi” istiqaməti üzrə təlimlər təşkil olunacaq

07.08.2021 12:40 539 baxış
IMG

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Əlaqə mərkəzi təmsilçisi” istiqaməti üzrə təlimlər keçiriləcək. Təlimlər “ASAN xidmət”, Azərbaycan Beynəlxalq Bankı və “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.

Təlimlərə orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar müraciət edə bilərlər. İştirak üçün elektron ərizələrin qəbulu avqustun 15-dək davam edəcək. Seçim üçün Azərbaycan dilində səlis danışıq bacarıqları, ən azı bir əlavə dil biliyi (rus və ya ingilis dili), kompüter və ofis proqramlarından istifadə bacarıqları əsas meyarlardır. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.

“Əlaqə mərkəzi təmsilçisi” təliminə seçilmiş iştirakçılar iki ay müddətində müəssisələrə daxil olan müraciət, irad və şikayətlərin təqib və təhlili, eləcə də mümkün həll yollarının tapılması üzrə bilik və bacarıqlara yiyələnəcək. Təlimlər müştəri xidmətləri sahəsində təcrübəli mütəxəssis tərəfindən keçiriləcək.

Təlimin nəzəri hissəsi hibrid formatda (həm onlayn, həm də ənənəvi) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində, praktiki hissəsi isə “ASAN xidmət”, Azərbaycan Beynəlxalq Bankı, “Azerconnect” MMC və digər əməkdaşlıq edilən müəssisələrin müvafiq şöbələrində təşkil olunacaq. “ASAN xidmət” tərəfindən təlimin icrası “ASAN Könüllülük” Məktəbi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil mərkəzlərinin nəzdində qısamüddətli təlimlər təşkil olunur. Təlimlər informasiya texnologiyaları, müştəri xidmətləri və logistika sahələrini əhatə edir.

Xəbər lenti