Logo

Xalq artisti: "Tələbələrim üçün pis müəllim deyiləm" - MÜSAHİBƏ + FOTO

28.04.2024 14:15 627 baxış
IMG

“Hərdən mənə deyirlər ki, üzünüzdə həmişə xoş ifadə, təbəssüm var. Bunun üçün xüsusi cəhdim yoxdur. Bəlkə bu, mənim tərbiyəmdən irəli gəlir”.

“Kaspi” qəzetinin budəfəki müsahibi Xalq artisti Natəvan Şeyxovadır.

Onunla görüş üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının seçməsi də təsadüfi olmayıb.

Belə ki, 60-70-ci illərin tanınmış estrada müğənnisinin yaradıcılığı bu səhnə ilə də bağlı olub. 56 il bundan öncə fəaliyyətə başlayan teatrın ilk konserti isə aprel ayına təsadüf edib.

Natəvan xanım o dövrün görkəmli sənətkarlarını, musiqi mühitini yada salıb.

- Dövlət Mahnı Teatrında çalışdığınız illəri necə xatırlayırsınız?

- Mahnı Teatrı həm mənim, həm də bizim ölkənin həyatında böyük rol oynayıb. Bu teatrı görkəmli müğənni Rəşid Behbudov yaratmışdı. Onun vaxtında teatr çiçəklənmişdi. Mən o zaman Azərbaycan Dövlət Estrada Orkestrində işləyirdim. O orkestrə də həmçinin görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyev rəhbərlik edirdi. Bu orkestrdə mən 15 il çalışdım və bütün SSRİ-ni qarış-qarış gəzdik. Hər yerdə bizi anşlaqla qarşılayırdılar. 60-ci illərin sonu və 70-ci illərin əvvəlləri idi. Moskvada, Kremlin Qurultaylar sarayında Azərbaycan Mədəniyyət günləri keçirilirdi. Həmin konsertdə Rəşid Behbudovun orkestri ilə yanaşı, bizim orkestr də iştirak edirdi. O cümlədən, bizim məşhur musiqiçilər və müğənnilər iştirakçılar sırasında idilər. Rəşid Behbudov bizim orkestrin ifası ilə tanış idi. Konsertdən sonra mənə və həyat yoldaşım, saksafon ifaçısı Rafiq Seyidzadəyə yaxınlaşıb: “Dostlar, gəlin, mənim teatrımda işləyin”, - deyə bizi dəvət etdi. Rauf Hacıyev bu məsələyə qısqanclıqla yanaşdı. O vaxt bizim orkestrdə Oqtay Ağayev, məşhur “Qaya” ansamblı işləyirdi. Biz çox gənc idik. Tez-tez qastrollara gedirdik. Ölkənin musiqi həyatı çox qaynar və cəlbedici idi. Öz orkestrimizdən ayrılmaq bizə çətin idi. Ona görə, orkestri qoyub gedə bilmədik.  

- Bəs sonradan Estrada Orkestrinin taleyi necə oldu?

- İllər keçdi... 1975-ci ildə çalışdığımız orkestr dağıldı. Rauf Hacıyev bir müddət mədəniyyət naziri işlədi, sonra Əlcəzairə getdi. Ondan sonra orkestr bir müddət mövcud oldu, amma sonda tədricən dağıldı. Orkestrin üzvlərindən Filarmoniyaya, “Azkonsert”ə, televiziyaya gedənlər oldu. O zaman Sovet İttifaqında üç belə orkestr vardı və bizimki hamısından peşəkar idi. Təəssüf ki, belə bir orkestr dağıldı. İndi orkestrin üzvlərindən demək olar ki, heç kim qalmayıb. Lütfiyar İmanov, Oqtay Ağayev, Zaur Nurullayev yoxdur artıq. Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq...

- Orkestr dağılandan sonra taleyinizi Mahnı Teatrı ilə bağladınız?

- Rəşid Behbudov dünyasını dəyişəndən sonra teatra yeni üzvlər yığmağa başladılar. Yeni qrupu caz ustası Salman Qənbərov yaratdı. O, bizi də teatra işləməyə dəvət etdi. Mən razı oldum. Mənimlə orkestrdə işləyən Oqtay Ağayev, Zaur Nurullayev da yeni orkestrdə işləməyə gəldilər. Həmçinin Rəşid Behbudovun vaxtında yaranan rəqs ansamblı, müğənni Elxan Əhədzadə və başqaları da teatrda çalışırdı. Biz konsertlər verir, başqa respublikalara qastrollara gedirdik. Sonra Azər Zeynalov orkestrə qoşuldu. Mən teatrda üç il işlədim. Sonra məni pedaqoq kimi Musiqi Kollecinə və Konservatoriyaya dəvət etdilər. İş elə gətirdi ki, 2002-ci ildə mənim səhnə fəaliyyətimin 35 illiyi bu teatrın səhnəsində keçirildi. Sonra Rəşid Behbudovun abidəsi teatrın qarşısında qoyuldu. Abidəni Prezident İlham Əliyevlə Birinci xanım Mehriban Əliyeva açdılar. Axşam keçirilən konsertdə artıq başqa ifaçılar idi. Bir neçə nəsil dəyişib. Əsas odur ki, bu teatr yaşayır. Bu səhnədə Rəşid Behbudovun ruhu və aurası qalır. Mənim burada çalışmağımdan 30 il keçir. Amma burada hər şey mənə doğmadır. Qapıdan içəri girəndə hər küncə, hər əşyaya diqqətlə baxdım. Burada çalışdığım illər, ünsiyyətdə olduğum insanlar çox gözəl idi. O zaman konsertlərə təkcə müğənnilərə görə gəlmirdilər, həm də bu məbədin adına görə gəlirdilər. Bu teatrda həmişə anşlaq olurdu. Maraqlı proqramlar təqdim edilir, görkəmli müğənnilər oxuyurdu.

- Çox maraqlı dövrdə və görkəmli sənətkarlarla çalışmısınız. Elə bu xatirələr yetər...

- Biz ilk növbədə korifeyləri görmüşük. Konservatoriyada oxuyanda Cövdət Hacıyev rektor idi. Fikrət Əmirov, Süleyman Ələsgərov, Qara Qarayev, Cahangir Cahangirov, Rauf Hacıyev sağ idilər. Biz onlarla tanış idik. Rafiq Filarmoniyanın direktoru olanda onların hamısı sağ idi. Biz daim ünsiyyətdə idik. Mən konsert bölməsində kimlərlə işləməmişəm? Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Əbülfət Əliyev, Rübabə Muradova, Lütfiyar İmanov, Mirzə Babayev, Nəzakət Məmmədova, tarzən Hacı Məmmədov... O zaman mən, Akif İslamzadə, İlhamə Quliyeva gənc idik. Tez-tez bayram konsertləri keçirilirdi. Zavod və fabriklərdə, rayonlarda əməkçi insanlar qarşısında konsertlər təşkil olunurdu. “Təşviqat qatarı” vardı. Mədəniyyət və incəsənət adamları bu tədbirlərdə iştirak edirdilər. Biz hamımız o səfərlərdə iştirak edirdik. Bir rayonda konsert verdikdən sonra qatarla digər bir rayona gedirdik. Onda yaşlı nəsil bizə çox diqqət və sevgi ilə yanaşırdı. Biz də onlara hörmət edirdik. Nəsillər arasında ünsiyyət vardı. O nəsil artıq getdi. Onda telekanal bir dənə idi. Getdiyimiz rayonlarda böyük sevgi görürdük. Adamlar bizi tanıyır, arxamızca gəzir, evlərinə dəvət edirdilər. 

Mən xaricdə Azərbaycanın dörd Mədəniyyət və İncəsənət ongünlüyündə iştirak etmişəm. Həmin dekadalarda görkəmli incəsənət və mədəniyyət xadimləri ilə ünsiyyətdə olmuşam. Onlarla bağlı o qədər unudulmaz xatirələrimiz var ki, günlərlə danışsam bitməz... 

- Siz uşaqlıqda aktrisa olmaq istəyirdiniz. 13 yaşında da kinoya çəkildiniz. Amma müğənni oldunuz. Sizcə, səhnə kinolentdən daha cəlbedicidir? 

- Mən “Onun böyük ürəyi” filmində Lalə roluna çəkiləndə uşaq idim. Hətta indi çox şeyi xatırlamıram. O filmdə çox məşhur aktyorlar çəkilib. İndi də baxanda görürsən ki, filmin bütün heyəti görkəmli sənətkarlardan ibarətdir. Sonra “Arşın mal alan”da Asya roluna sınaq çəkilişinə dəvət etdilər. Amma sonra rejissor çağırmadı. Uşaqlıqdan yaxşı səsim vardı, ona görə müğənni oldum. Aktrisa olmadığıma görə qətiyyən təəssüflənmədim. Səhnədə canlı oxumaq tamam fərqli işdir. Bizim hər konsertimiz möhtəşəm olurdu. Onda heç bir fonoqram yox idi. Elə o vaxtdan səhnə mənim həyatımdır. Əsas odur ki, öz işini, peşəni sevəsən. Mən oxuduğum bütün mahnıları sevmişəm. Yoxsa oxuya bilməzdim. Müğənnilər var ki, “təki mahnı olsun və oxusunlar”, - deyə düşünürlər. Mən belə bacarmazdım. Yadımdadır ki, Rəşid Behbudov hər mahnısı üzərində çox işləyərdi. Bir mahnının ərsəyə gəlməsi bəzən bir aydan çox çəkirdi. Hər mahnıya bir əsər kimi yanaşırdı, heç bir detalı gözdən qaçırmırdı. Bu, əsl ustalıq idi. Ona görə onu dünyanın hər yerində sevir, əl üstündə gəzdirirdilər. İndi sənətə belə yanaşma yoxdur.

- Bəs oxumaq üçün, mahnılarınız üçün darıxmırsınız? 

- Mən indi də hərdən oxuyuram. Bəzən televiziyaya və radioya dəvət edirlər. Bilirsinizmi, bizim üçün yazan bəstəkarlar da artıq dünyadan köçüb. Rauf Hacıyev, Emin Sabitoğlu, Oqtay Kazımı, Elza İbrahimova... Onlar məhz bizim üçün yazırdılar. Biz bəstəkarlarla bir-birimizin evinə gedib gəlirdik. Hər mahnının yaranması uzun bir proses olurdu. Onda mahnılar satılmırdı. Bəstəkarlar bir neçə mahnı təqdim edirdilər. Mən ürəyimə yaxın olan mahnını seçirdim. Sonra bir yerdə hazırlayırdıq, mən də, o da istədiyimizi əlavə edirdik. Beləcə bizim mahnı yaranırdı. Sonra o mahnılar həqiqətən sevilirdi. İndi artıq o bəstəkarlar yoxdur. Gənclər başqa cür yazırlar. O mahnılar artıq mənim tərzim deyil.

- Bəs Rafiq Seyidzadə necə, saksofonunu ifa edirmi?

- Rafiq daha çıxış etmir. Hərdən telekanallara dəvət edirlər, gedir, danışır... Bəzən bir müddət saksofonunu əlinə almır. Hərdən də götürür, ifa edir və elə fikirləşirsən ki, bir daha yerə qoymayacaq. Rafiq orkestr dağılandan sonra 12 il Filarmoniyanın direktoru kimi çalışdı. O, həmçinin Milli Məclisdə işləyib. Həmişə deyir ki, mən vəzifədə də işləmişəm, amma nə vaxt saksofonu əlimə alıram, qalan şeylər boşdur, bu, mənim həyatda əsas dostumdur. Bu, sənət sevgisi, peşəkarlıqdır.

 - “Vaxtında səhnədən getmək...” - bu fikri qəbul edənlər də var, etməyənlər də. Siz necə düşünürsünüz?

- Mən də elə hesab edirəm: hər şeyin öz vaxtı var. Səhnə gözəllik, gənclik və əlbəttə, peşəkarlıq istəyir. Yaşa dolduqca səs bəzən sözə qulaq asmır. Sən özün özünü də xoşlamırsan. İnsanların yaddaşında əvvəllər göründüyün kimi qalmaq istəyirsən. Bəzən soruşurlar, niyə görünmürsən, səni ekranlarda yenidən görmək, mahnılarını eşitmək istəyirik... Həmişə ekranlarda olmaq olmaz. Hər müğənni özü hiss etməlidir ki, artıq getmək vaxtıdır.

- Amma opera ifaçıları elə düşünmürlər, nümunələr çoxdur...

- Əgər səs sənə tabe olursa, onda uzun vaxt oxumaq olar. Xüsusən opera teatrında səslər həmişə ifaçının sözünə baxmır. Necə deyərlər, yaş öz işini görür. 

Mən hazırda Konservatoriyanın professoruyam, klassik vokaldan dərs deyirəm. İstedadlı tələbələrim var. Onlardan Opera Teatrında, Musiqili Komediya Teatrında, Kapellada işləyənlər var. Orta səviyyəli tələbələr də az deyil. İndi elə bir tendensiya yaranıb ki, institutu qurtarandan sonra şou bizneslə məşğul olmaq istəyirlər. Onlar dərhal çox pul qazanmağı arzulayırlar. Bu, çox pis haldır. Onlar heç bir qastrola getmirlər. Bəzən müğənnilərimiz ABŞ-yə və ya Avropa ölkələrinə səfər edirlər. Ancaq onlar diaspor çərçivəsində konsert verirlər. Biz isə o zaman geniş auditoriya üçün oxuyurduq. Hər yerə afişalar vurulurdu. Konsertlər böyük anşlaqla keçirdi. Biz Azərbaycanı hər yerdə layiqincə təmsil edirdik. 

- Gələn il yubileyinizdir. Hərçənd qadınlar yaş söhbətini o qədər də sevmirlər...

- (Gülür) Bu haqda düşünəndə “Doğrudanmı bu qədər yaşım var?” - deyə təəccüblənirəm. Çox xoşbəxtəm ki, həyatım belə keçib. Hərdən mənə deyirlər ki, üzünüzdə həmişə xoş ifadə, təbəssüm var. Bunun üçün xüsusi cəhdim yoxdur. Bəlkə bu, mənim tərbiyəmdən irəli gəlir. İnsanlara xoş və sevgi ilə yanaşıram. Ailədə də beləyəm - üzümdə həmişə təbəssüm var.

Mən müğənni, ana, həyat yoldaşıyam. Tələbələrim üçün pis müəllim deyiləm. Heç kəsin könlünü qırmıram. Buna görə də, fikirləşirəm ki, xoşbəxt insanam...

Xəbər lenti