Aprelin 27-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2024-2025-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirə 500-dən çox şagird qatılıb.
Tədbiri açan MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuriy Sadovniçiy 2025-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaradılmasının 270 illiyinin tamam olacağını, bu münasibətlə Moskvada tədbirlər keçiriləcəyini və Bakı filialından nümayəndələrin də həmin tədbirlərdə iştirak edəcəyini söyləyib. Professor Yuriy Sadovniçiy diqqətə çatdırıb ki, bu il həm də MDU-nun Bakı filialının 16 yaşı tamam olur. Xatırladıb ki, 2008-ci ildə Bakı filialı üç fakültə - Tətbiqi riyaziyyat, Kimya və Filologiya fakültələri ilə fəaliyyətə başlamışdısa, sonralar Psixologiya, İqtisadiyyat və Fizika fakültələri də açılıb. Ali təhsil müəssisəsinin uğurları MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür.
2012-ci ildən etibarən Bakı filialında tədris Xocəsəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Məzunlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.
Daha sonra professor Yuriy Sadovniçiy “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.
“Açıq qapı” günündə Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi, Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna olunmaqla, respublika vətəndaşları üçün bakalavr səviyyəsində təhsil pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına ali təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.
Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən (I-IV) ixtisas qrupu üzrə DİM-in qəbul imtahanında ən azı 150 bal (400 mümkün baldan) toplamaq tələb olunur.
Ərizələri yalnız bir fakültəyə vermək olar. Ərizə forması https://msu.az saytında və ya DİM-in saytında (http://dim.gov.az) doldurula bilər. Sualı olanlar [email protected] ünvanına və Qəbul komissiyasına [email protected] yaza bilərlər.
MDU-nun Bakı filialının magistraturasına da qəbul olmaq üçün əvvəlcə DİM tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman DİM-in magistratura səviyyəsinə qəbul imtahanında ən azı 40 bal toplamaq tələb olunur. Azərbaycan Respublikasında büdcə hesabına magistratura təhsili almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün magistratura təhsili pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına magistratura təhsili almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.
Məlumat verilib ki, MDU-nun Bakı filialında fənlər üzrə Bazar günü məktəbləri fəaliyyət göstərir və iştirak pulsuzdur.
“Açıq qapı” günündə M.V.Lomonosov adına MDU-nun Filologiya fakültəsinin İngilis dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Aleksandra Anisimova, Mexanika-riyaziyyat fakültəsinin Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Qriqoriy Çeçkin, Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Yuriy Kokşarov, Kimya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Fiziki kimya kafedrasının aparıcı elmi işçisi, kimya elmləri namizədi Yekaterina Altova, İqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri namizədi Ceyhun Hüseynov, Psixologiya fakültəsinin Ümumi psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Olqa Arestova çıxış ediblər.
Diqqətə çatdırılıb ki, MDU-nun Bakı filialının Kimya və Fizika fakültələrinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Tələbələr nəzəriyyə ilə yanaşı təcrübi biliklərə ən yüksək səviyyədə nail olurlar. Məzunların iş tapmaqda problemləri olmur. Filialın elmi-tədqiqat işi müasir elektron kitabxananın bazası, habelə ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 21 laboratoriya və linqafon kabinet əsasında aparılır.
Xatırladılıb ki, hələ 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı filialının maddi-texniki bazası əsasında ən müasir avadanlıqlardan istifadə edilməklə təşkil olunub.
“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarda Xocəsəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb. Şagirdlər orada auditoriyalar, kitabxana, laboratoriyalar, konfrans zalı, tələbə mərkəzi, idman kompleksi, yataqxana və yeməkxana ilə tanış olublar.
Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.