Logo

“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib

27.04.2024 20:45 231 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tanınmış yazıçı Zaman Qarayevin son dərəcə təsirli dillə qələmə aldığı məşhur “Xarqo” romanında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun misilsiz həyat və döyüş yolunu yüksək sənətkarlıqla bədiiləşdirdiyini bildirib: “Yazıçının bu məşhur əsəri multikultural mühit, çoxmədəniyyətlilik elementləri və dəyərləri ilə zəngindir. Təsadüfi deyil ki, roman nəşr olunduğu illərdə və ondan sonrakı onilliklərdə xalq tərəfindən sevilib, əl-əl gəzərək oxucuların stolüstü kitabına çevrilib”.

Tədbirdə Zaman Qarayevin ədəbi və elmi fəaliyyət yoluna nəzər salınaraq vurğulanıb ki, yazıçı “Xarqo”, “Əlincə qalası”, “Kürü keçdilər”, “İldırımlı diyar” kimi sanballı romanların, onlarla povestin, səhnələşdirilmiş pyeslərin və yüzlərlə hekayənin müəllifidir.

“Xarqo” romanını multikulturalizm və tolerantlıq prizmasından təhlil edən ADU-nun professorları Əsgər Zeynalov, Ülfət İbrahim, dosent Ülviyyə Rəhimova məruzələrində bildirdilər ki, üstündən onilliklər ötməsinə baxmayaraq, romanda yaşayan multikultural əhval, tolerant durum çoxşaxəli təzahür formaları ilə bu gün də aktuallığını qoruyur. “Xarqo” romanında milli-mədəni rəngarənglik fonunda müxtəlif millətlərdən olan insanlar faşizmə qarşı mübarizədə birləşsə də, əsərdə ermənilərin dönüklüyü, mənfur xisləti də tutarlı faktlarla qabardılır.

Tədbirin keçirilməsinə görə təşəkkürünü bildirən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun övladları - Cavanşir və Almaz Cəbrayılovlar atalarının keçdiyi şərəfli döyüş yolundan maraqlı məlumatları bölüşüblər. “Xarqo” romanının bədii məziyyətlərini vurğulayan Cavanşir Cəbrayılov Zaman Qarayevin istedadlı yazıçı olmaqla yanaşı, son dərəcə cəsarətli qələm sahibi olduğunu diqqətə çatdırıb: “Atam Əhmədiyyə Cəbrayılov II Dünya müharibəsindən qəhrəman kimi Vətənə qayıtdıqdan sonra “KQB”nin adamları atamı çox incidir, ona işgəncələr verirdilər. O vaxtlar hətta ən yaxın qohumlarımız bizə gəlməyə qorxurdular. Belə çətin vəziyyətdə yazıçı Zaman Qarayevin bizə gəlib atam haqqında kitab yazması, onun göstərdiyi cəsarət, yazıçı hünəri bu gün də məni heyran edir”.

Tədbirin sonunda Zaman Qarayevin övladı, filologiya üzrə fəlsəfə doktoru Sadiq Zaman tədbirin keçirilməsində əməyi keçən hər kəsə yazıçının ailəsi adından dərin təşəkkürünü bildirib, “Xarqo” kitabının nəşri ilə bağlı maraqlı təəssüratlarını bölüşüb.

Xəbər lenti