Logo

Satıcı-Kassir ixtisası üzrə müddətli kurslara qəbul elan edilib

12.08.2021 13:05 420 baxış
IMG

 “BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkil etdiyi Satıcı-Kassir ixtisası üzrə Bakı, Sumqayıt və Gəncə şəhərlərində qısa müddətli ödənişsiz kurslara qəbul elan olunub.

15 sentyabr tarixindən etibarən başlayacaq 12 həftəlik təlim proqramı nəzəri və praktiki dərslərdən təşkil olunub. Təlim çərçivəsində iştirakçılar ərzaq və qeyri-ərzaq malları üzrə satıcı işinin təşkili, xəzinədar işinin əsasları, əmək təhlükəsizliyi, qida təhlükəsizliyi və sanitariya qaydaları, həmçinin müştəri özəllikləri və müştəri məmnuniyyəti kimi mövzular üzrə nəzəri, praktiki bilik və bacarıqlar əldə edəcək.

Təlimin nəzəri hissəsi BakıdaTurizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Sumqayıtda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Gəncədə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində həftədə bir gün olmaqla həyata keçiriləcək. Praktiki hissə isə sözügedən şəhərlərdə fəaliyyət göstərən "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində həftənin dörd günü real iş şəraitində təşkil olunacaq.

Təlim müddətində iştirakçılar aylıq yol xərci, fərdi qəza sığortası, həmçinin "Bazarstore" MMC-nin uniforması və qida ilə təmin olunacaqlar.

Satıcı-kassir ixtisası üzrə kursu müvəffəqiyyətlə tamamlayan iştirakçılar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nümunəli dövlət sertifikatı əldə edəcək və "Bazarstore" MMC-nin mağazalar şəbəkəsində işləmək imkanı qazanacaqlar.

Təlimdə 18 yaşdan yuxarı fiziki sağlam, əmək qabiliyyətli, öyrənmək və pərakəndə satış sahəsində peşəkar olmaq istəyən vətəndaşlar, təlim müddətində heç bir müəssisədə çalışmayan və əyani təhsil almayan şəxslər iştirak edə bilər.

Xəbər lenti