Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçiliyin inkişafının regional xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə yüksək göstəricilərə nail olunub. Vurğulanıb ki, muxtar respublikada bu sahəyə olan xüsusi diqqət və qayğının nəticəsində meyvəçiliyin inkişafı üçün çıxış yolları müəyyən edilib və qısa zamanda yeni meyvə bağları yaradılıb, yüksək məhsuldarlıq götürülüb.
Biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov Naxçıvan Muxtar Respublikasında tərəvəzçiliyin inkişaf istiqamətləri mövzusunda çıxış edib. Nəzərə çatdırılıb ki, “2016-2020-ci illərdə muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə səbəb olur. Qeyd edilib ki, Naxçıvan artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir. Bu da meyvəçiliyin və tərəvəzçiliyin muxtar respubnlikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov muxtar respublikada meyvəçiliyin inkişafına dövlət dəstəyi mövzusunda məruzə edib. Bildirilib ki, əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, hər il meyvə bağlarının əkin sahələrinin çoxaldılması istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərib.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.