Logo

Oktyabrın 14-ü Ümumdünya Görmə Günüdür

14.10.2021 16:52 450 baxış
IMG

Hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü qeyd edilir.

Həmin gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təsis edilib və kor, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.

Xroniki korluğa səbəb olan problemlər katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığıdır. Statistikalara əsasən dünyada gözlə əlaqədar yaranan ən geniş yayılmış problemlərə yaş və diabet xəstəliyi də səbəb olur.

Korluğun Profilaktikası üzrə Beynəlxalq Agentliyin məlumatına görə, dünyada təxminən 253 milyon insan görmə problemləri ilə üzləşir ki, onların da 36 milyonu ümumiyyətlə görmür. Bundan əlavə bildirilib ki, dünyaya gələn körpələrin 217 milyonunda ağır görmə,19 milyondan çoxunda isə ümumi gözlə bağlı zəiflik müşahidə olunub. Yaşı 50-ni ötmüş əhalinin 82 faizi gözlə bağlı bir sıra patoloji hallarla rastlaşır. Görmə pozuntuları ilə üzləşənlərin 65 faizi 50 və daha yuxarı yaşda olanlardır. Bununla belə, vaxtında müalicəyə cəlb edilməklə əksər hallarda korluğun qarşısını almaq mümkündür.

Ümumdünya Görmə Günü çərçivəsində göz xəstəlikləri ilə əlaqədar maarifləndirmə və profilaktika tədbirləri aparılır, ödənişsiz oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Gözün oftalmoloqlar tərəfindən mütəmadi yoxlanılması mövcud problemləri erkən mərhələlərdə üzə çıxarmağa kömək edir. Ona görə də profilaktik qaydalara vaxtında əməl etməklə ciddi problemlərin qarşısını almaq olar.

Bununla yanaşı göz xəstəliklərinin profilaktikası üçün bir sıra qaydaları da unutmaq olmaz. Həkimlər nikotinin gözə etdiyi mənfi təsirə görə tütün çəkməkdən imtina etməyi, gözün torlu qişasının damarlarını möhkəmlədən qaragilə, qara qarağat, kök, qaraciyər, göyərti məhsulları yeməyi, televizor qarşısında və elektron oyunlarına sərf olunan vaxtı azaltmağı, kompüter arxasında işləyərkən müasir monitor və keyfiyyətli proqramlardan istifadə olunmasını məsləhət görürlər. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə uzun müddət normal görmə qabiliyyətini saxlamaq mümkündür.

Xəbər lenti