Logo

Qadınlar üçün iş yerində hansı güzəştlər nəzərdə tutulub?

05.11.2021 10:17 597 baxış
IMG

Əmək Məcəlləsinin 240-245-ci  maddələrində hamilə və 3 yaşınadək uşağı olan işləyən qadınlar üçün fərqli güzəştlər müəyyən olunub. Belə ki, həmin Məcəllənin 240.1-ci  maddəsinə görə hamilə və 3 yaşınadək uşağı olan qadın işçi ilə əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həm də qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur.

Əmək müqaviləsinin bağlanılmasından imtina edildikdə nə etmək olar?

- İşəgötürən hamilə və ya 3 yaşınadək uşağı olan qadın işçi ilə bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina edərsə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir;

- Əmək müqaviləsinin bağlanılmasından imtina edilməsinin səbəblərinə görə qadın işçi məhkəməyə müraciət edə bilər.

Qadınlara ümumi çəkisi yalnız aşağıdakı normalar həddində olan ağır əşyaların əl ilə qaldırılması və ya daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) həvalə edilə bilər:

- başqa işləri görməklə yanaşı həm də ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;

- ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;

- bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;

- 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

 İşəgötürən qadın işçilər üçün aşağıdakıları təmin etməlidir:

- Yaş yarımına çatmamış uşağı olan qadınlar, işlədikləri zaman uşaqlarını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir;

- Uşağının yedizdirilməsi üçün ona zəruri şərait yaratmalıdır. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.

- Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü (və ya iş həftəsi) müəyyən etməlidir.

- Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Aşağıdakılar qadağandır:

- Qadın işçilərə əmək qanunvericiliyində müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi;

- Hamilə və 3 yaşınadək uşağı olan qadınların yuxarıda qeyd olunan işlərin görülməsinə cəlb olunması;

- Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi;

- Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi;

- Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması.

Qeyd: 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Xəbər lenti