Logo

Az ödəyib, çox oxumağın yolu - ƏDƏBİYYAT

09.01.2022 17:09 949 baxış
IMG

Kitab bazarında "icarə dəbi”nin təşəkkül tapması, əsasən, gəncləri, tələbələri daha çox cəlb edir. Ekspertlər deyirlər ki, icarə kitab bazarının genişlənməsi kitab satışına mənfi təsir etməyəcək.

Kitab işıq saçar bir günəş kimi,

Kitabdır arifin könül həmdəmi!

Bu məşhur misraları yada saldıqca, kitabın, doğrudan da, insan taleyinə necə böyük işıq saçdığını, yol açdığını və nəhayət ki, insanın gözlərini necə açdığını dərk edirik. Kitab və mütaliə insan həyatının ayrılmaz hissəsi idi bir zamanlar. Sonralar ölkəmizdə yaşanan qanlı-qadalı günlər, müharibə, keçid dövrü, eyni zamanda da əlifbanın dəyişməsi, sanki adamları bir qədər mütaliədən uzaqlaşdırdı. Amma ölkəmizin iqtisadi inkişafı ilə eyni zamanda kitab sektoru da inkişaf etməyə başladı. Əlbəttə ki, bu, çox gözəldir. Hazırda Azərbaycanda bir çox nəşriyyatlar, kitabxanalar, kitab evləri və son zamanlar bir xeyli dəbə düşən kitab icarəsi mərkəzləri də var. Maraqlıdır, görəsən bu kitab icarəsi mərkəzləri necə işləyir, onların fəaliyyəti kitabxana və kitab satışı dükanlarına necə təsir edir?

"Hər dəfə kitab almağa imkanımız olmurdu” 

"Az ödə, çox oxu!" sloqanı altında işləyən "Bookzone” kitab evinin müdiri Günel Tağıyeva deyir ki, 2016-cı ildən bu işə başlayıblar: "Layihənin yaradıcısı Seymur Tağıyevdir. Düşünüb-daşınıb bu işi öz gücümüz hesabına qurduq. Ümumiyyətlə, özəl kitab icarəsinin bünövrəsini biz qoymuşuq. Bizdən sonra bu sahədə yeni-yeni kitab evləri də açıldı, icarəyə kitab vermək dəbə düşdü. Düşünürəm ki, bu, çox yaxşı haldır. Biz özümüz də gəncik. Hər dəfə kitab almağa imkanımız olmurdu. Və onda az ödəyib, çox oxumağın yolunu fikirləşib tapdıq. Və beləcə, kitabxanamızı qurmağa başladıq”.

Əlli qəpiyə bir kitab

Hazırda şəxsi kitabxanalarında iki mindən çox kitab olduğunu bildirən Günel xanım deyir ki, onlarda olan kitabların hamısı yeni nəşrlərdir: "Dövlət kitabxanalarında kitabların əksəriyyəti köhnə nəşrlərdir, müasir deyil. Həm də gənclərin tələbatlarına uyğun kitablar deyil. Əsasən, elmi kitablardır, klassikadır, hər hansı bir sahə ilə bağlıdır. Gənclər isə yeni dövr ədəbiyyatı ilə  daha çox  maraqlanırlar. Belə olduğu halda, ya gərək pul verib kitab alsınlar, ya da ki, özəl kitabxanalara müraciət etsinlər. Müştərilərimizin də əksəriyyəti gənclərdir – tələbələrdir. Və bir kitabın günlük icarəsi on qəpikdir. Əgər beş günə oxuyub qaytaracaqsa, onun cəmi əlli qəpik xərci çıxacaq. Bu da, təbii ki, tələbələr üçün çox sərfəlidir”.

İcarənin satışa xeyri

Müdir xanım hesab edir ki, kitab icarəsinin satışa da xeyri var: "Belə ki, əksər oxucuların evdə də şəxsi kitabxanaları var. Onlar ancaq sevdikləri kitabları alıb o kolleksiyaya daxil edirlər. Bəzən də olur ki, gənclər öz aralarındakı söhbətlərdə və ya sosial şəbəkələrdə bir kitabın tərifləndiyini eşidirlər, maraqlı gəlir onlara. Gəlib icarəyə götürürlər, oxuyub bəyənəndən sonra həmin kitabı alıb kitabxanalarına da daxil edirlər.  Kitabxanada həm də balaca kafe fəaliyyət göstərir. Oxucular həm də bizim öz məkanımızda, kitab aurası olan bir yerdə sakit və gözəl bir mühitdə mütaliələrini edə bilirlər”.

Kitabsevərlər

Günel xanım deyir ki, amalımız gənclərimizin daha çox kitab oxuması, dünyagörüşlü və savadlı olmasıdır: "Bəzən bizə deyirlər ki, burda sizin qazancınız nədir? Deyirik ki, bir işdə mənəvi bir dəyər olmadısa, nə qədər maddi xeyir gəlsə də, heç bir mənası olmur. Bilirik ki, gördüyümüz bu işin dəyəri var. Gənc kollektivimiz var, ətrafımız da hamısı kitabsevər gənclərdir. Bizim üçün bunun önəmi çoxdur”.

Qaytarılmayan və ya yararsız qaytarılan kitablar

Artıq 6 ildir fəaliyyət göstərən və 9000-dən çox kitab çeşidi olan "Kitabal" kitab dükanının təsisçisi və rəhbəri İlkin Tomar da fikirlərini bölüşdü: "Kitab icarəyə verən mütləq kitab almalıdır. Yəni bunun satışa ziyanı yoxdur. Həm də düşünürəm ki, bu iş satış kimi davalı deyil. Uzun müddət fəaliyyət göstərən, kirayə verən kitab evləri çox azdır. Onların da özünə görə problemləri var. Məsələn, olur ki, müştəri kitab götürür, yoxa çıxır, kitabı qaytarmır. Yaxud da ki, kitabı qaytarır, amma olduqca bərbad bir vəziyyətdə. Müəyyən vaxtdan sonra həmin kitab yararsız vəziyyətə düşür. Ona görə də, bu cür icarə kitab evlərinin kitab satışına mənfi təsir etdiyini düşünmürəm”.

Uçurum

İlkin bəy deyir ki, hazırda kitab bazarına mənfi təsir göstərən nəşriyyatlardır. Nəşriyyatlar kitab dükanlarına çox ögey münasibət bəsləyir: "Halbuki nəşriyyatların əsas partnyorları kitab dükanlarıdır. Amma nəşriyyatlar nə edir? Oxucuya da, dükana da eyni faizlə kitab satır. Müştəri də düşünür ki, mağazadan alınca, elə nəşriyyatın özündən bir qədər ucuz alaram da. Və bu da getdikcə kitab dükanlarının sıradan çıxmasına gətirib çıxarır. Ümumiyyətlə, bu sahədə bir çox boşluqlar olduğundan, nəşriyyatlar da istədiyi kimi davranır. Daha çox kitab almaq istəyəndə endirim etmirlər. Amma kitab yarmarkası keçiriləndə daha yüksək endirim faizi ilə həmin kitabları satışa qoyurlar. Bu da nəşriyyatlar və dükanlar arasında uçurum yaradır”.

Nəşriyyatların ögey münasibəti

"Bəzi dükanlar alternativ yollara əl atırlar” deyir dükan rəhbəri. O, bildirir ki, bəzi dükanlar pirat üsulu ilə kitab çap edib, daha ucuz satır: "Çox az sayda kitab dükanları, o cümlədən də biz buna getmirik. Nəşriyyatlardan (istisnalar var, təbii ki) narazı qalsaq da, bunu etmirik. Böyük nəşriyyatların da əksəriyyətinin ya öz dükanları var, ya da işlədiyi dükanlar var ki, kitabları onlara ucuz, digərlərinə isə baha verirlər, yəni ögey münasibət bəsləyirlər. Bu, təkcə bizim yox, mən deyərdim ki, ümumi kitabçıların problemidir. Kitab dükanları üçün kitab icarəyə verən məkanların mövcudluğu, nəşriyyatlardan daha az problem yaradır”.

Xanım Aydın, "Kaspi" qəzeti

Xəbər lenti