Logo

Şərqşünaslıq İnstitutu ötən il zəngin və dəyərli nəşrləri ilə seçilib

18.01.2022 17:44 534 baxış
IMG

Hər il elmi dövriyyəyə onlarla yeni nəşrlər çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 2021-ci ildə də bu sahədə xüsusi fəallığı ilə seçilib.

İnstitutdan bildirilib ki, ötən il elmi müəssisədə 34 kitab və məqalələr toplusu çapdan çıxıb. İnstitutun nəşrləri zəngin olmaqla yanaşı, həm də elmi əhəmiyyəti ilə diqqəti çəkir.

Ölkə Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə əlaqədar institutda bir sıra dəyərli kitablar çap olunub.

İnstitutun baş direktoru akademik Gövhər Baxşəliyevanın rus dilində çap olunan “Nizami Gəncəvinin etnik mənsubiyyəti” kitabı bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə və çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazılıb. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlarla onun yaradıcılığının ideya-mövzu və bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili aparılıb. Professor Mehdi Kazımovun ingilis dilində nəşr olunan “Nizami Gəncəvinin “Xəmsə”si və farsdilli ədəbiyyat (XIV-XVIII əsrlərdə “Həft peykər”ə nəzirə ənənəsi)” kitabında şairin müvafiq poeması poetikanın bir sıra problemləri baxımından tədqiq edilib. “Həft peykər”də məkan və zaman münasibətlərinin janr sinkretikliyinə nəzər salınıb, süjetlərin genezisi onların XIV-XVIII əsrlərdə sonrakı transformasiyasında izlənilib.

Nizami Gəncəvinin müasiri və bəzi ehtimallara görə dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustadın orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir çox məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli və müəyyən mənada unikal əsər olan “Munisnamə”sinin tərcüməsi də Şərqşünaslıq İnstitutunun “Nizami Gəncəvi İli”nə böyük töhfəsidir. Təkcə ədəbi əsər kimi deyil, həm də bir mənbə kimi dəyərləndirilməsi zəruri görünən, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar və aforizmlər toplusu olan “Munisnamə”ni fars dilindən Rəna Rzayeva tərcümə edib.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadə Abdullah Hatifinin “Həft mənzər” əsərini fars dilindən Azərbaycan dilinə filoloji və nəzmlə tərcüməsini “Ön söz” və şərhlərlə geniş oxucu kütləsinə çatdırıb. Abdullah Hatifinin Nizami Gəncəvinin “Həft peykər”inə nəzirə olaraq yazdığı “Həft mənzər” əsərinin tərcüməsi Nizami ənənələrinin sonrakı əsərlərdə inikasının öyrənilməsi baxımından maraqlıdır.

2021-ci il oktyabrın 8-də Şərqşünaslıq İnstitutunda keçirilmiş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfransın materialları da çapdan çıxıb. Bundan əlavə, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının 20-ci sayı əsasən dahi şairin 880 illiyinə həsr olunub.

Ötən il, həmçinin Şərqşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin Çinlə bağlı çıxışlarını, bəyanatlarını, müsahibələrini, məktublarını və s. əhatə edən kitab Çin dilində çapdan çıxıb. Bütün bunları tərcümə edərək hazırlayan Rafiq Abbasovdur.

Erməni saxtakarlığı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq yönündə akademik Gövhər Baxşəliyevanın ingilis dilindən rus dilinə tərcümə etdiyi “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabının çapı böyük əhəmiyyətə malikdir. 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Armeian allegations and historical facts. Questions and answers” kitabını akademik G.Baxşəliyeva 2016-cı ildə Azərbaycan dilinə tərcümə etmişdi. Hazırkı nəşr isə həqiqətləri daha geniş auditoriyaya – rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün nəzərdə tutulur.

Akademik Gövhər Baxşəliyevanın daha bir yeni kitabı “Məqalələr, məruzələr, müsahibələr...” çoxcildliyinin III-IV cildləridir. Xatırladaq ki, kitabın I və II cildləri 2011-ci ildə nəşr edilib.

İbrişünaslıq sahəsində yenilikləri ilə seçilən Teymur Sadıqov bu dəfə yəhudi dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabını ilk dəfə ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcümə edib.

İnstitutun Cənubi Azərbaycan şöbəsində hazırlanaraq çap edilən “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” kitabının nəşr edilməsi də mühüm nailiyyətlərdən hesab oluna bilər.

2021-ci ildə institutda Osmanlı hakimiyyəti dövründə Azərbaycan ərazilərinə dair iki monoqrafiya çap olunub. Tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq (XVIII əsrin 20-ci illəri)”, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)” kitabının müəllifləridir.

İnstitutun nəşrlərindən Roida Rzayevanın “Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm” kitabının dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən 2021-ci ildə “SpringerLink Religion and Philosophy” elektron kitablar kolleksiyasına daxil edilməsini də xüsusi qeyd etmək lazımdır.

Bunlardan əlavə, institutda ötən il professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”, Laura Orucovanın “XVIII əsr Azərbaycanlı alim İbrahim əl-Araşinin dilçilik yaradıcılığı”, Zenfira Rüstəmovanın və Gülşən Həmidlinin “Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları”, Rauf Qarayevin “Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri”, Xumar Ələkbərovanın “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”, Lalə Bayramovanın “Əyyəmu-l-arab” Cahiliyyə dövrünün ədəbi abidəsi kimi” monoqrafiyaları, Məmmədəli Babaşlının “Müasir ərəb mətbuat dili” dərs vəsaiti çapdan çıxıb.

Elvüsal Məmmmədov il ərzində “Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər” monoqrafiyasını, “İzahlı islam fəlsəfəsi terminləri lüğəti”ni, eləcə də ərəb dilindən tərcümədə Əhməd Bəssam Sainin “Qurani-Kərimin dili: ecazkarlıq, yoxsa sadəcə istedad?”, Əhməd Tutuncinin “Həyat dərslərim”, Məhəmməd Qəzalinin “Peyğəmbərin həyatı” kitablarını təqdim edib.

İlahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənın türk dilinə tərcüməsində “Bəşəri dəyərlər sistemində İslam mədəniyyəti” və “Azərbaycanda türk İslam mədəniyyəti” kitabları İstanbulda nəşr olunub.

Ankarada isə akademik Gövhər Baxşəliyevanın redaktoru olduğu və Lalə Qasımlının çapa hazırladığı “Altmışıncılardan günümüzə Azərbaycan hekayəsi” toplusu nəşr olunub. Xüsusi layihə çərçivəsində hazırlanan kitabda Azərbaycan ədəbiyyatının son 60 ilinə aid olan 18 yazıçı haqqında məlumat, hekayələrinin türk dilinə tərcüməsi və təhlili təqdim edilib. Layihədə Türkiyədən və Azərbaycandan professor, dosent və doktorantlar iştirak ediblər.

Həmçinin ötən il institutda “21-ci əsrdə Yunus Əmrəni anlamaq” adlı beynəlxalq simpoziumun materialları, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 3-cü və 4-cü sayları, “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının 21-ci nömrəsi işıq üzü görüb.

2021-ci ildə institut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 40 elmi məqalə xaricdə (Türkiyə, İordaniya Haşimilər Krallığı, Misir, Liviya, Rusiya, İran, Özbəkistan, Ukrayna, Almaniya, Fransa, Norveç, Polşa, Meksika, ABŞ, Avstraliya, Yaponiya və s.) nəşr edilib. Bu sırada “Scopus” siyahısına daxil edilmiş beynəlxalq jurnallarda dərc olunan üç məqaləni xüsusi qeyd etmək lazımdır. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun “Vostok” jurnalında Fərda Əsədovun “Taqı əd-Din əl-Məqrizinin “Kitab İğasat al-umma bi-kəşf əl-ğummə” (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri” məqaləsi, Moskvada “Voprosı istorii” jurnalında isə Lalə Bayramovanın “Sirə janrının dünya şərqşünaslığında öyrənilməsi” və Səbinə Nemətzadənin “Əlyazma sənəti tarix və fəlsəfə aspektində” məqalələri dərc olunub.

Xəbər lenti