Logo

“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

11.12.2025 14:53 34 baxış
IMG

AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının 1969-cu ildən sonra başlanan yeni tarixi mərhələsinin yaradıcısı, sonrakı dövrdə Azərbaycan xalqını gələcək müstəqilliyə hazırlayan görkəmli dövlət xadimi, keçid dövründə müstəqilliyimizin xilaskarı və nəhayət müstəqilliyimizin möhkəm təməllərini atmış fenomenal şəxsiyyətdir. AMEA rəhbəri bildirib ki, Ulu Öndərin həyatının bütün mərhələləri Azərbaycan xalqının və dövlətinin tərəqqisi ilə birbaşa bağlıdır.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk illərdə bütün sahələrdə olduğu kimi, Elmlər Akademiyasının fəaliyyətində də durğunluğun müşahidə edildiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, həmin dövrdə beyin axını baş vermiş, Akademiyanın bütün elmi jurnalları fəaliyyətini dayandırmışdı. Ulu Öndərin hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərindən birini məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirib. Akademik İsa Həbibbəyli Ulu Öndərin Fərmanı ilə Akademiyaya Milli Elmlər Akademiyası statusu verildiyini vurğulayıb.

Prezident İlham Əliyevin Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, elm siyasətini də uğurla davam etdirdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın yeni Nizamnaməsinin təsdiq olunduğunu, Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulduğunu, Mərkəzi Elmi Kitabxananın və Milli Ensiklopediya Mərkəzinin yeni binalarının tikildiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və konseptual nitqi müasir dövrdə Akademiyanın həyatında tarixi hadisələrdəndir.

“Prezident İlham Əliyev tarixi çıxışında Azərbaycan alimləri qarşısında dil və tarixlə bağlı mühüm vəzifələr qoydu. Eləcə də süni intellekt, rəqəmsal inkişaf, kibertəhlükəsizliyin bu gün ölkəmiz üçün strateji vəzifələr olduğunu açıqladı. Qeyd olunan vəzifələrin icrası ilə əlaqədar Akademiyada dilçi və tarixçi alimlərlə mühüm müzakirələr apardıq. Bu günlərdə isə AMEA və Milli Məclisin birgə təşkilatçılığı, geniş ictimaiyyətin iştirakı ilə səmərəli müzakirələr həyata keçirdik”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Konfransda, həmçinin Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnara Akimova “Milli elmi və mədəni düşüncənin intibahında Heydər Əliyevin rolu”, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Siyasi liderlik missiyası: Heydər Əliyevdən – İlham Əliyevə Azərbaycançılıq idealı”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyev və Azərbaycan elminin strateji əsaslarının yaradılması” və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Naxçıvan Muxtar Respublikasının elm və təhsilin inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Xəbər lenti