Logo

Bakıda valideyn konfranslarına start verilib

11.12.2025 16:50 27 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfranslarına start verilib.

Valideyn konfransları çərçivəsində ilk görüş paytaxtın Nərimanov rayonunun ümumtəhsil müəssisələrinin valideyn, müəllim və psixoloqlarını əhatə etməklə Gültəgin Əsgərova adına 200 nömrəli məktəb-lisey kompleksində (BLK) baş tutub. Konfransda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.  

“Uşağın psixoloji və emosional inkişafı” mövzusuna həsr olunan konfransın moderatorluğunu valideyn Lalə Bədirovaya edib.

Tədbiri MLK-nın direktoru vəzifəsini müvəqqəti icra edən Tural Hətəmov açaraq ilk valideyn konfransının bu məktəbdə keçirilməsindən məmnunluq duyduğunu bildirib.

Qeyd olunub ki, bu təşəbbüs yalnız bir tədbir deyil, məktəb-valideyn əməkdaşlığının yeni, sistemli və davamlı mərhələsinin başlanğıcıdır: "Məlumdur ki, uşaqların sosial, emosional və akademik inkişafında ən güclü tərəfdaş iki böyük dayağa məktəbə və ailəyə əsaslanır. Biz bu konfranslarla həmin tərəfdaşlığı daha güclü, daha səmimi və daha təsirli etməyi hədəfləyirik. Belə görüşlərin əsas məqsədi valideynləri övladlarının təhsil prosesinə yaxından cəlb etmək, inkişaf göstəriciləri barədə məlumatlandırmaq və birlikdə daha çevik, daha məqsədyönlü qərarlar qəbul etməkdir”.

Direktor bildirib ki, rəhbərlik etdiyi ümumtəhsil müəssisəsində şagirdlərin sağlam psixoloji mühitdə, təhlükəsiz məktəb atmosferində, yüksək motivasiya ilə təhsil almaları xüsusi diqqətdə saxlanılır. Bu yolda valideynlərin dəstəyi məktəbin pedaqoji  kollektivi üçün əvəzolunmazdır. Məktəb olaraq daim açıq, şəffaf və etibarlı ünsiyyət tərəfdarı olduqlarını söyləyən Tural Hətəmov qurulan əməkdaşlığın məhz qarşılıqlı etimada, hörmətə və ortaq məqsədə – uğurlu şagird yetişdirməyə əsaslandığını diqqətə çatdırıb.

Çıxış üçün söz alan Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova ümumi təhsil müəssisələrində valideyn konfranslarına start verilməsini təhsil mühitinə yeni nəfəs gətirən, məktəb və ailə arasında bağları daha da möhkəmləndirən mühüm təşəbbüs kimi dəyərləndirərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edilib ki, müasir dövrdə məktəb təkcə bilik verilən məkan deyil, uşağın şəxsiyyət kimi formalaşdığı, dəyərləri mənimsədiyi, dünyagörüşünün genişləndiyi bir həyat məktəbidir. Bu prosesin uğurlu olması isə öz növbəsində məktəb-valideyn-şagird üçbucağının sağlam qurulmasından keçir.

Günel Səfərovanın sözlərinə görə,belə konfransların keçirilməsi  həm də məktəblərdə demokratik, açıq və dialoqa əsaslanan idarəetmənin gücləndirilməsinə xidmət edir. Valideynlərin fikri eşidilir, təklifləri dəyərləndirilir, onların məktəbin inkişafında fəal tərəfdaş kimi iştirakı təmin olunur. Bu isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərən vacib amillərdəndir: “Bu gün təhsildə fərdi yanaşma, individual dəstək üzərində xüsusilə dayanırıq. Psixoloq dəstəyinin artırılmasına, məktəblərin psixoloji resurslarının gücləndirilməsinə ehtiyac var və bunun üzərində də çalışırıq. Məktəblə-valideynlərlə əməkdaşlığın gücləndirilməlidir.Çox vaxt valideyn məktəbə yalnız problem yarananda gəlir və “mənim uşağım” deyir. Halbuki biz “bizim uşaqlarımız” deməyi öyrənməliyik. Çünki o sinifdə oturan bütün uşaqlar bizim övladlarımızdır. Uşaq ailədə gördükləri ilə formalaşır, məktəbdə təhsil alır və yenə də ailəyə qayıdır. Ailədə problem varsa, bu, mütləq şəkildə uşağın təhsilinə və psixoloji vəziyyətinə təsir edir.Həm məktəbdə, həm də ailədə baş verən hər bir hadisə ilk növbədə uşaqlara təsir edir. Düşünürəm ki, biz bu görüşləri keçirirməklə  uşaqların təhsil keyfiyyətini necə yüksəldə biləcəyimizi və onların təhlükəsizliyini, müdafiəsini necə daha yaxşı təmin edə biləcəyimizi birlikdə müzakirə və müsbət nəticələr əldə etməyimizlə nail ola bilərik”.

Rəis müavini daha sonra “Məktəblinin dostu”ndan söz açıb. Hazırda 114 məktəbdə fəaliyyət göstərən “məktəblinin dostları”nın həmin təhsil ocaqlarında təhlükəsizlik mühitinə dəstək olduğunu deyib: “Biz təhsilin keyfiyyətindən çox danışırıq. Fikrimcə, uşaq xoşbəxt olanda və özünü təhlükəsiz hiss edəndə təhsil prosesində mükəmməl nəticə əldə edə bilir. Xoşbəxt olmayan, rahatlıq tapmayan uşaq nə qədər keyfiyyətli təhsil alsa da, istənilən nəticəni verməyəcək".

Çıxışının sonunda Günel Səfərova konfransın uşaqların müdafiəsi, təhlükəsizliyi, təhsil prosesi, psixoloji dəstək, məktəb-valideyn əməkdaşlığı məsələlərinə geniş müstəvidən yanaşılması baxımından müsbət nəticələrə əldə ediləcəyinə ümidvar olduğunu deyib.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil prosesinin uğurla həyata keçirilməsində valideynlərin iştirakının əhəmiyyətindən danışıb.Bildirib ki, onların hər zaman məktəbin və müəlimin yanında olması, məktəbin fəal təəssübkeşi kimi çıxış etməsi cəmiyyətdə təhsilə göstərilən dəyərin artmasına, məktəbin nüfuzunun yüksəlməsinə xidmət edir. B.Məmmədov həmçinin bir sıra valideyn təşəbbüslərinin neqativ müzakirələrə səbəb olmaması üçün bu proseslərin sağlam şəkildə tənzimlənməsinin vacibliyindən bəhs edib.

Qeyd olunub ki, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi yalnız bu günün təhsil keyfiyyətinə deyil, gələcəyin sağlam, bilikli və məsuliyyətli vətəndaşlarının formalaşmasına xidmət edir. Bu konfransların valideynlərin təhsil prosesinə davamlı, sistemli  və məqsədyönlü şəkildə cəlb olunmasın təmin edilməsində mühüm rol oynayacaqdır.

Sonra məktəb-liseyin psixoloqu Günel Paşayeva “Uşağın psixoloji və emosional inkişafı” mövzusunda təqdimatla çıxış edib.Psixoloq uşaqların psixoloji və emosional inkişafında ailə münasibətlərinin, sevgi və diqqətin böyük rol oynadığını söyləyib. Uşaqların hisslərini düzgün ifadə etməsinin onların gələcək davranış və özünəinamına ciddi təsir etdiyini bildirən psixoloq, həmçinin vaxtın düzgün tənzimlənməsi, sosial şəbəkələrin təsirləri, həmyaşıdlarla münasibətlər və münaqişələrin həlli kimi gündəlik həyatda valideynləri narahat edən mövzulara da toxunub.

Daha sonra mövzu ilə bağlı ayrı-ayrı ümumtəhsil müəssisələrinin  valideyn və müəllimləri çıxış edərək öz fikir və mülahizələrini söyləyiblər. Konfransda valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən görüşdən razı qaldıqlarını deyən iştirakçılar təəssüratlarını “Azərbaycan müəllimi” ilə də bölüşüblər.

"İstərdim ki, məktəblərdə valideynlərə yönəlik layihələrin keçirilsin"

Esmira Avdıoğlu  53 nömrəli tam orta məktəbin valideynidir. 2 övladı həmin təhsil ocağında oxuyur: “Bu cür konfranslar biz valideynlər üçün çox önəmlidir. Övladımızın dərs mühitini, müəllimlərinin yanaşmasını və inkişaf istiqamətlərini birbaşa eşitmək bizə daha doğru addımlar atmağa kömək edir. Məktəbdə qurulan açıq ünsiyyət atmosferi bizi övladımızın təhsilində daha aktiv olmağa həvəsləndirir. İstərdim ki, məktəblərdə valideynlərə yönəlik layihələr keçirilsin. Biz həmin layihələrdə iştirak etməklə məktəb ailəsinin ayrılmaz üzvünə çevrilək”. 

“Valideynlərin rəyləri təşəbbüsün əhəmiyyətini bir daha ortaya qoyur”

Digər müsahimiz Arzu Axundzadə 200 nömrəli-məktəb liseyin psixoloqudur. Deyir ki, bugünkü valideyn konfransına göstərilən maraq həm də ailələrin bu prosesə verdiyi dəyəri nümayiş etdirir: “Konfranslarda iştirak edən valideynlərin rəyləri təşəbbüsün əhəmiyyətini bir daha ortaya qoyur. Və biz psixoloqların şagirdlərimizi valideynləri ilə sıx ünsiyyətdə olmasına şərait yaradır”.

“Məncə, məktəb, valideyn və şagird bir komanda kimi işləyəndə nəticə daha yaxşı olar”

Gülpəri Hüseynova da konfransdan razı qalan valideynlərdəndir:

“Belə  görüşlər məktəblə valideyn arasında daha sıx əməkdaşlıq qurmağa, uşaqlarımızın təhsil və təhlükəsizlik məsələlərinə birgə yanaşmağa imkan yaradır. Övladlarımızın gündəlik təhsil həyatı, onların təhlükəsizliyi, psixoloji vəziyyəti haqqında birbaşa məktəbin özündən məlumat almaq və narahat olduğumuz mövzuları açıq danışmaq imkanı yaranır. Məncə, məktəb, valideyn və şagird bir komanda kimi işləyəndə nəticə daha yaxşı olar”.

Xəbər lenti