Logo

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq

12.12.2025 12:30 28 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müasir tariximizdə dönüş nöqtəsi oldu. Ulu Öndər Azərbaycana müstəqillik, dövlətçilik, suverenlik və milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ölkədə sülh və sabitliyi bərqərar etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin və mədəniyyətin yüksəlişini təmin etdi. Rektor bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib. 30 il düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli, suveren və qalib ölkəyə çevrilib. Ölkəmiz dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb. O da qeyd olunub ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiram və minnətdarlıqla yad edir.

Tədbirdə humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva “Tarix yaradan şəxsiyyət” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpasında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dövlətimizin ən çətin mərhələlərdən uğurla çıxmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və bu fenomenal şəxsiyyətin işıqlı əməlləri dayanır.

Daha sonra Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin “Azərbaycanın taleyini dəyişən Lider”, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyevanın “Heydər Əliyev yolunun davamı, Ümumi tarix kafedrasının dosenti Nərgiz Rəsulovanın “Ulu Öndərin diplomatiya məktəbi: Azərbaycan beynəlxalq arenada”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasovun “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü”, Fizika və texniki fənlər fakültəsinin 2-ci kurs tələbəsi Ülviyyə Məmmədlinin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələri dinlənilib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq, Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək.

Xəbər lenti