Logo

MDU-da Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib

11.12.2025 14:46 46 baxış
IMG

Dekabrın 11-də Mingəçevir Dövlət Universitetində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev irsinin strateji əhəmiyyəti: davamlı inkişaf perspektivləri” mövzusunda, Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.

MDU-dan TƏHSİL.BİZ- ə bildirilib ki, universitetdə keçirilən konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, dəvət olunmuş qonaqlar, MDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantlar iştirak ediblər.

Öncə dahi şəxsiyyətin MDU-da olan büstünün önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Konfrans Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsində müstəsna tarixi xidmətlərini xüsusi vurğulayıb. O, ölkənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsində Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi xəttin bu gün də uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi yüksəlişində isə həmin xəttin həlledici rol oynadığını qeyd edib. İlham İsmayılov həmçinin Mingəçevir şəhərində həyata keçirilən dövlət proqramları, urbanizasiya və sosial infrastruktur layihələrinin məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının real nəticələri olduğunu diqqətə çatdırıb.

Daha sonra MDU-nun rektoru Anar Eminov çıxış edərək Heydər Əliyevin təhsil siyasətinin Azərbaycanda elm və innovasiyaya əsaslanan müasir ali təhsil modelinin formalaşmasında həlledici rol oynadığını bildirib. O, Ulu Öndərin müəllimlərin statusunun yüksəldilməsi, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətində irəli sürdüyü strateji qərarların bu gün də ölkənin təhsil sistemində prioritet kimi qorunduğunu vurğulayıb.

Ardınca YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək Heydər Əliyevin siyasi kursunun Azərbaycan dövlətçiliyinin dayaqlarını formalaşdıran əsas ideoloji xətt olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının məhz Ulu Öndərin yaratdığı siyasi irs əsasında ölkədə sabitlik, inkişaf və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.

Sonra Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov söz alaraq, Heydər Əliyevin həyata keçirdiyi balanslı sosial-iqtisadi siyasətin regionların idarə olunmasında yeni mərhələ yaratdığını bildirib. O, ölkədə yerli özünüidarəetmənin inkişafı, şəhər və qəsəbələrin müasir infrastrukturla təmin edilməsi, sosial rifah layihələrinin genişləndirilməsi istiqamətində Ümummilli Liderin qoyduğu konseptual əsasların bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb.

Konfrans proqrama uyğun olaraq məruzələrlə davam edib. MDU-nun əməkdaşlarından baş müəllim Vüsalə Mövlayeva “Heydər Əliyev fenomeni: Zəka, iradə, liderlik nümunəsi”, baş müəllim Səadət Ağakişiyeva “Unudulmayan ömür: Azərbaycan xalqının qəlbində yaşayan Heydər Əliyev obrazı”, baş müəllim Pərvin Hüseynova “Heydər Əliyev: təhsilin strateji inkişafının memarı” və müəllim Fəxriyyə İsayeva isə “İdeyadan zəfərə: milli irsi yaşadan dahi” mövzularında məruzələrlə çıxış ediblər.

Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanılıb.

Qeyd edək ki, MDU-da və Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Xəbər lenti