Logo

ADPU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

11.12.2025 14:28 88 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri və professor-müəllim heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əbədi xatirələrini yad edərək məzarları üzərinə gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir Ulu Öndərin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Ümummilli Liderin dəfn mərasimindən görüntülər təqdim olunub.

Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov müasir Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb . Rektor qeyd edib ki, Ulu Öndər sıradan bir dövlət başçısı deyildi, həm də özünün çoxşaxəli və genişmiqyaslı fəaliyyəti ilə bütöv bir epoxanın əsasını qoyan dahi idi. XX əsrin 70-ci illərində respublikamızı sürətli inkişaf yoluna çıxaran da Heydər Əliyev idi, 1990-cı illərin ağır, faciəli günlərində xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdaraq Azərbaycanı xaosdan, parçalanma təhlükəsindən xilas edən də məhz Ulu Öndər oldu. Heydər Əliyevin hər zaman xalqın gələcəyinin savadlı, vətənpərvər, müasir dünyagörüşlü gənclərin əlində olduğunu vurğuladığını qeyd edən rektor bu gün ADPU-nun minlərlə tələbəsinin, bütövlükdə Azərbaycan gəncliyinin məhz bu xətt üzrə – öz kökünə bağlı, amma dünyaya açıq, milli ruhlu, amma çağdaş texnologiyaları mənimsəyən bir nəsil kimi formalaşdığını diqqətə çatdırıb. C.Cəfərov bildirib ki, universitet olaraq ADPU-nun əsas missiyası bu nəsli yüksək hazırlıqlı, dövrün tələblərinə cavab verən, milli- mənəvi dəyərlərə sadiq mütəxəssislər kimi yetişdirməkdir.

Sonra Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. 

Tədbirdə ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.ü.f.d. Rəşad Sadıqov “Azərbaycan sürətli inkişaf yollarında (1969–1987-ci illər)” mövzusunda məruzə ilə çıxış edərək, həmin dövrün ölkəmizin gələcək müstəqilliyi üçün möhkəm və etibarlı təməl yaratdığını vurğulayıb.

Uşaq xorunun ifasında “Sən elə bir zirvəsən” mahnısının video-kompozisiyası nümayiş etdirildikdən sonra tədbirin növbəti məruzəçisi – Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Ü.Hacıbəyli, 68” ərazi təşkilatının sədri, dosent Sultanəli Qurbanov çıxış edib. O, “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarıdır (1993–2003-cü illər)” mövzusunda məruzəsində Ulu Öndərin ikinci rəhbərliyi dövründə ölkənin ağır siyasi böhrandan çıxarıldığını, dinamik inkişaf edən, sabit, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrildiyini qeyd edib.

Xəbər lenti