Logo

BDU-da “Ölməz Lider” adlı tədbir keçirilib

12.12.2025 12:28 31 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən “İstiqlal” klubu və fakültə Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ölməz Lider” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, Tarix fakültəsinin tələbəsi Nərgiz Əkbərovanın hazırladığı və Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və tarixi xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb. İbrahim Zeynalov Ümummilli Liderin BDU-nun ən böyük məzunu olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağına diqqəti, qayğısı BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir.

Qədim dünya tarixi və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov Ulu Öndərin dünya siyasətində özünəməxsus yeri olan nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Liderin Azərbaycanın tarixi irsinə, milli kimliyinə və xalqın yaddaşına göstərdiyi xüsusi diqqət bu gün ölkənin elmi mühitində, xüsusilə tarixşünaslıq sahəsində böyük dönüş yaradıb.

Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev çıxışında Ulu Öndərin yalnız siyasi lider kimi deyil, həm də yüksək mədəniyyət daşıyıcısı, incəsənət və ədəbiyyata xüsusi önəm verən şəxs kimi tanındığını bildirib. O qeyd edib ki, Ulu Öndərin humanist lider obrazı Azərbaycan gəncləri üçün örnəkdir.

Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri Ulu Öndərin xatirəsinə həsr olunmuş şeir və mahnılar ifa ediblər.

Xəbər lenti