Bakı Mühəndislik Universitetində (BMU) 12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar açıq dərslər keçirilib.
BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva dərslərdə görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat təqdim edib.
Kafedranın dosenti Xaqan Balayev və müəllimi Ramiz Nəcəfli çıxışlarında Ulu Öndərin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini yada salıb, dövlətçilik tariximizdə möhkəm təməllər formalaşdıran, ölkənin inkişaf strategiyasını müəyyən edən lider kimi əvəzsiz rolundan danışıblar. Bildirilib ki, unikal şəxsiyyət Heydər Əliyev tərəfindən həyata keçirilən siyasi kurs, düşünülmüş islahatlar və milli ideologiyanın formalaşdırılması bu gün müasir Azərbaycanın əsas dayaqlarını təşkil edir.
Bütün ömrünü Azərbaycanın inkişafına, bütövlüyünə, işğal olunmuş torpaqlarımızın azadlığına və xalqımızın rifahının yüksəldilməsinə həsr etmiş dövlət xadiminin gördüyü işlərin xalqımızın yaddaşında əbədi qalacağı, xatirəsinin hər zaman ehtiramla yad olunacağı vurğulanıb.
Açıq dərslər zamanı tələbələr Ulu Öndərin dövlətçilik irsi, xarici və daxili siyasətdə həyata keçirdiyi vacib islahatlar, Azərbaycanın inkişaf strategiyasının formalaşmasındakı rolu barədə suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.