Lənkəranda Məhəmməd Bağırov adına Girdəni kənd tam orta məktəbinin binası yararsız vəziyyətdədir.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, 94 nəfərlik pedaqoji heyəti və 614 şagirdi olan təhsil ocağında çəkiliş apardığımız vaxt bu “ocağ”ın söndüyünün, sinif otaqlarının soyuq olduğunun şahidi olduq. Məktəbdə istilik sistemi yoxdur. Sakinlər deyir ki, qar yağsa, güclü külək əssə, məktəb binasının dam örtüyünün uçulma ehtimalı an məsələsidir. Elə bu şəraitsizlik, şagirdlərin xəstəlik və təhlükə ilə üz-üzə qalması ucbatından bəziləri məktəbə getmirlər, kənddəki uşaqlardan 200 nəfəri qonşu məktəblərdə təhsil alır.
- Bizim məktəbin digər şagirdləri kimi mən də yüksək şəraitli, müasir tələblərə cavab verən məktəbdə təhsil almaq istəyirəm və yüksək təhsil almaq istəyirəm, amma bizim məktəbin şəraiti buna imkan vermir. Döşəmə və tavanlarımız uçuq-sökük vəziyyətdədir. Nə qədər istilik şəraiti yaratmağımıza baxmayaraq siniflərimiz daima soyuq olur, bu da bizim təhsil almağımıza mane olur.
- Məktəbimizdə istilik sistemi, tədris otaqları bərbad vəziyyətdədir. Xüsusi dərs üçün ayrılmış otaqlar heç dərəcəsindədir. Laboratoriya, kitabxanaya ehtiyacımız var.
100 ilə yaxın yaşı olan məktəbin köhnə korpusu hissə-hissə tikilib. Bu da keçən əsrin ortalarına təsadüf edir. Bəzi sinif otaqları tam yararsız olduğundan onlarda dərs keçirilmir, sinif otaqlarından cəmi 4-ü istifadə olunur. Valideynlər təhsildən çox övladlarının təhlükəsizliyini əsas tutub, uşaqları məktəbə göndərmirlər. Müəllimlər də valideynlərin bu qərarına qarşı çıxa bilmirlər, çünki müəllimlər otağı belə olmayan məktəbdə acınacaqlı vəziyyət hökm sürür:
- Məktəbimiz olduqca bərbad vəziyyətdədir. Bura müasir dövrün tələblərinə cavab vermir. Məktəb qəzalı vəziyyətdə olduğu üçün valideynlər də uşaqları məktəbə göndərməkdən çəkinirlər, ehtiyat edirlər. Ona görə də qonşu məktəblərə yönəldirlər uşaqlarını. Hətta məktəbimizin müəllimlər otağı belə yoxdur.
- Dəfələrlə aidiyyəti orqanlara müraciət olunub yazılı formada və digər formalarda. Bizim məktəb uğurları olan məktəbdir.
- Məktəbimizə baxırıq, özümüz utanırıq. Qızım hər gün mənə deyir ki, ay ata, mən qorxuram o məktəbə getməyə. Xahiş edirəm artıq dərəcədə, bu məktəbə bir əncam çəksinlər. Gündə bir yer uçulanda biz özümüz qorxuruq. Gündə uşaqlarımızla bərabər gəlirik, işləmirik. Gəlirik, qalırıq məktəbdə bir hadisə baş verəcək.
Məktəbdəki çətinliklərin nə vaxta kimi davam edəcəyini həm məktəb direktorundan, həm də Lənkəran Şəhər Təhsil Şöbəsindən maraqlandıq. Məktəbin direktoru Şirvan Əliyev məktəbdəki çətinliklərdən danışdı:“Məktəb 2 növbə işləyir. Bu da bizə böyük çətinlik yaradır həm təhsil sahəsində. Köhnə binada otaqlar demək olar ki, hamısı bərbad vəziyyətdədir. Özünüz çəkib gördünüz ki, bərbad vəziyyətdədir. Amma biz bunun 3-4 otağından istifadə edirik. Həmin binanın otağından istifadə edirik. Bu da çox təhlükəlidir.”
Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sabir Əliyev bildirdir ki, məktəbin qəzalı vəziyyətdə olması barədə Təhsil Nazirliyinə məlumat verilib: “Məktəb binası 1930-cu ildə tikilmişdir. İndiyə qədər heç bir təmir işi aparılmamışdır. Buna görə də məktəb qəzalı vəziyyətdədir. Qəzalı vəziyyətdə olması barədə biz Respublika Təhsil Nazirliyinə müraciət etmişik. Təhsil Nazirliyinin əməkdaşları gəlib məktəbdə baxış keçirmiş, həqiqətən qəzalı vəziyyətdə olduğunu görmüşlər. Bundan əlavə onu demək istəyirəm ki, 2008-ci ildə Heydər Əliyev fondunun hesabına 250 yerli korpus tikilmişdir, lakin şagirdlərin sayı çox olduğu üçün oraya uşaqlar tam yerləşmirlər. Düşünürəm ki, bu il həmin kənddə 720 yerlik yeni məktəbin tikilməsi planlaşdırılmışdır.”
İllərdir məktəb binasının təmirini gözləyən sakinlər üçün yeni məktəb binasının tikintisini gözləmək gərək ki, çox da çətin olmayacaq.