Yazarlar onları təsirləndirən uşaqlıq mütaliələrini xatırlayır və bu qənaətə gəlirlər ki, oxuduqlarımız həyata baxışımıza təsir edir, şüuraltımızda idarəedici gücə çevrilir
Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:
Rus gümüş poeziyasının unudulmaz siması Marina Svetayeva "Mənim Puşkinim" adlı əsərində yazır ki, "Yevgeni Onegin" tamaşasında gördüm ki, sevgililər – Tatyana və Onegin bir-birindən ayrıldı. Və mən bundan sonra eşqi ayrılıq kimi dərk etməyə başladım. Sonra bütün həyatım da belə keçdi; hər dəfə sevəndə sonluğun ayrılıq olacağını düşündüm və nəticədə hər şeyi vidalarla sevdim. Marina Svetayeva dahi Puşkinin tamaşasına baxanda, əsəri oxuyanda 6 yaşı vardı. Bu əsər onun nəzərində məhəbbəti insanları qovuşduran yox, ayıran bir nəsnə olduğu fikrini oyadıb. Bu təəssürat sonradan bütün ömrü boyu onu real həyatda da izləyib. Bu baxımdan görünür, uşaq vaxtı oxuduğumuz kitablar şüuraltımızda idarəedici gücə çevrilir. Bu problemlə bağlı aşağıdakı iki sualı qələm adamlarına ünvanlayıb, şəxsi mütaliələri kontekstində onlardan cavab almağa çalışdıq:
– Uşaq vaxtı oxuduğunuz hansı əsərlər sizin yaddaşınızda müsbət, yaxud mənfi mənada elə təəssürat yaradıbmı ki, o cür dərketmə hələ də sizi tərk etməyib?
– Ümumiyyətlə, sizcə, uşaq vaxtı oxuduğumuz əsərlər həyata münasibətdə fikirlərimizi mənfi və müsbət istiqamətdə necə formalaşdırır?
Yapon zövqlü Azərbaycan yazarı Azad Yaşarın cavabı
Azad Yaşar: "Uşaq vaxtı söz sənətini mənə sevdirən ilk insan ata tərəfdən nənəm Amənə (Əminə) olub. "Tıq-tıq xanım”, "Məlikməmməd”, "Yetim İbrahim” və sair nağılları nənəm mənə ballandıraraq danışardı, cürbəcür bayatılara, tapmacalara və sayaçı sözlərinə aşina idi. Onun bu nağılları vaxtilə öz doğmalarının ağzından öyrəndiyini düşünürəm, çünki qadın özü yazıb-oxumaq bilmirdi. Bunlar mənim şifahi xalq ədəbiyyatı ilə ilk təmaslarım olub.
İbtidai sinif şagirdi ikən oxuduğum ilk kitablardan biri isə dilimizə yazıçı Fərman Eyvazlı tərəfindən çevrilən "Yapon xalq nağılları” olub. Onların bəzilərini hələ də xatırlayıram və dünya ədəbiyyatı inciləri içərisində mən daha çox yapon ədəbiyyatının vurğunuyam, onlardan özüm də xeyli tərcümələr etmişəm. Bizim nağıllarla müqayisədə həmin mətnlərdə ən adi həyat hadisələrinə fərqli bucaqlardan yanaşmalar hakim idi: onlar oxucunu gah gülməyə, gah qüssələnməyə, gah da düşünməyə vadar edirdi. Məsələn, dağ başında üz-üzə gələn iki qurbağanın nağılı və ya adı 20-30 sözdən ibarət olan balaca bir oğlanın quyuya düşməsi barədə əhvalat kimi.
"Doğru yolda olduğuma inanıram”
Üçüncü sinifdə ikən anadilli ədəbiyyatımızdan oxuduğum ilk kitab isə Əbdürrəhim bəy Haqverdiyevin nəsr əsərləri toplusu olub. Oradakı "Xortdanın cəhənnəm məktubları”, "Ovçu Pirimin nağılları” və sair mətnləri mən bu yaşda artıq formalaşmış dünyagörüşümə söykənərək, triller, absurd, fantastika və dəhşət janrlarına aid edirəm. Hazırda dünya ədəbiyyatında son dərəcə dəbdə olan bu janrlarda yetərincə uğurlu əsərləri ustad Əbdürrəhim bəy 100 il qabaq yaradıbmış.
Bu qoşa qanadın təsirini mən sonrakı söz və rəsm yaradıcılığımda həmişə hiss etmişəm. Şeir və esselərimə də seçilən mövzuya tamamilə yeni, yığcam, hələlik işlənməmiş aspektdən yanaşmalar, yaşantılara uyğun ifadə tərzi hakimdir. Sıravi, hazırlıqsız oxucuların bu mətnlərin dərkində ilk cəhdlər zamanı "axsamasını” da normal qəbul edirəm, çünki dayandığımız platformalar xeyli fərqlidir. Ancaq mən doğru yolda olduğuma inanıram. Adətən, yapon nasiri Haruki Murakamini soydaşları "sırf Avropa üslubunda yazan yapon yazar” adlandırırlar. Görünür, mən də bir mənada "yapon zövqlü Azərbaycan yazarı”yam.
Xeyir və şər başlanğıcı
Tanınmış şairə, tərcüməçi Rəbiqə Nazimqızı isə qoyulan məsələni belə mənalandırdı:
"Uşaqlıqda oxuduğum əsərlərdən mənə ən çox təsir edən "Uzuncorab Peppi" olub. Hazircavablıq, macəra həvəsi, statik həyatı sevməmək, çətin məqamlarda tez qərar qəbul etmək, cəsarət – məncə, pozitivlikdən tutmuş nağılı sevməyə qədər nə varsa, o qızdan gəlib mənə... Düma, Jül Vern, V.Skot, M.Rid... az sonra "Ovod"...
Fikrimizi mənfi-müsbət istiqamətdə formalaşdırırmı, bunu bilmirəm, amma hərə kitabdan özünə lazım olanı götürür, eyni kitabdan iki fərqli adam fərqli nəticə çıxara bilər. Düşünürəm ki, bizdə doğuşdan – genetikadımı, taledimi, bilmirəm, müəyyən yaxşı və ya pis keyfiyyətlər olur, daha dəqiq desəm, hər kəs xeyir, ya şər başlanğıcı ilə doğulur, kitablar isə içimizdə güclü olan tərəfi inkişaf etdirir. Kitab oxumağı təbliğ edirik və etməliyik, amma eyni zamanda onu da bilirəm ki, oxumuş cani oxumamış canidən daha təhlükəlidir”.