Logo

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək təlim proqramı uğurla davam edir

14.06.2022 17:35 359 baxış
IMG

14 iyun tarixində UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək Təlim proqramının ikinci günü təşkil edilib.

Tehsil.biz xəbər verir ki, tədbirin açılışında çıxış edən Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Memarlıq və İnşaat Universiteti, AMEA-nın müvafiq elmi tədqiqat institutlarının nümayəndələri irsin idarəedilməsi mövzusunda ilk dəfədir  birgə təlim proqramında iştirak edir və bu yanaşma ilə bilik və təcrübələrin mübadiləsi yalnız ölkəmizdə ən yaxşı idarəetmə praktikasına nail olmağa kömək edəcək.

Təlimin ikinci günündə qonaq çıxışçı kimi iştirak edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışı zamanı təlim təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirmiş və Dünya İrsi siyahısında yer almış İçərişəhər haqqında, onun yerləşmə planı, tarixi-memarlıq attributları, özünəməxsus zəngin üslubu, məkanda idarəetmə və mühafizə tədbirlərində birgə icma iştirakçılığı kimi aktual məsələləri konkret nümunələr üzərindən təlim iştirakçıları ilə bölüşdü. Ardından təlim iştirakçılarının suallarını cavablandırıb.

Açılış nitqlərinin ardından təlimin 2-ci gününün təlimçisi Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə heyəti sədrinin Mədəni irs məsələləri üzrə müşaviri, Mədəni irs üzrə ekspert Elşən Mustafayev Dünya irsi əraziləri, seçim meyarları, özünəməxsus atributları və tələblərə uyğunluqları, riskdə olan məkanlar və buna təsir edən irs idarəetməsində bütövlük və autentiklik kimi əsas prinsiplərin pozulması kimi amillər barədə vacib bilgiləri bölüşdü. O, həmçinin siyahıdan çıxarılma nümunələri, eləcə də irs məkanları üzrə tentativ siyahılar üçün vacib olan identifikasiya, tədqiqat işlərinin aparılması məsələləri, yerli müvafiq qurumlar ilə qurumlararası əməkdaşlıq platformalarının yaradılmasının vacibliyini də bildirdi. Təlim prosesində interaktiv metodları istifadə edilməklə konkret keyslər üzərində sual-cavab sessiyası təşkil edildi və suallar aidiyyəti üzrə cavablandırılıb.

Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcəkdir. Təlim proqramı 17 iyuna qədər davam edəcək.

Xəbər lenti