Logo

Həbsxanada qələmə alınan əsər – Varvara Babitskayanın essesi

28.08.2022 13:50 396 baxış
IMG

Kulis.az rusiyalı ədəbi tənqidçi Varvara Babitskayanın “Həbsxanada qələmə alınan Odisseya” yazısını təqdim edir.

Qreqori Devud Robertsin “Şantaram” romanı (Şantaram tərcümədə sakit adam və ya Tanrının rahat tale bəxş etdiyi insan mənasını verir) əsasən “non-fiction” (sənədli ədəbiyyat) kitab yarmarkalarında təqdim olunur. Artıq nəşr sahəsində bu roman ətrafında fanat dairəsi yaranıb. Başadüşüləndir: oxucu nəşriyyata nə qədər yaxın olarsa, o qədər geniş imtiyaza malik olar. “Şantaram”ı oxumaq isə elə də asan məsələ deyil. Məsələ burasındadır ki, oxucu və tənqidçilərdən fərqli olaraq, müəllif heç yerə tələsmir: Qreqori Devid Roberts romanı silahlı basqın səbəbindən məhkum edildiyi on doqquz illik həbs həyatının ardınca yazıb. Nəticədə, olduqca qalın bir kitab ərsəyə gəlib – mən hələ ki, romanın son səhifəsini çevirən oxucunun rəyinə rast gəlməmişəm. Bədxahlar sosial şəbəkədə ehtimal olaraq rusiyalı redaktorların məqsədlərinə nail ola bilmədiyi fikrini irəli sürürdülər, amma bu təbii ki, sadəcə olaraq qərəz idi.

Əsasən isə, əksər şərhlər insanda fərəh yaradır. Moskva ədəbiyyat mətbəxinin şef-aşbazı hesab edilən, naşir və mədəni xadim Aleksandr Qavrilov oxucu mövqeyindən çıxış edərək yazır:

“Oxucu hələ 810-cu səhifədə Şantaramın, nəhayət ki, döngəyə dirəndiyini görür. İndi isə, necə qurtulacağı maraqlıdır”.

Biz isə təkcə janr qanunlarına əsasən deyil, həm də iddia olunduğu kimi romanın bütünlüklə avtobioqrafik əsər olması səbəbindən qurtuluşun baş tutacağını dəqiq bilirik. “Şantaram” eyni zamanda bu qəbildən, özü də bu ölçüdə növbəti iki kitab da yazmağı planlaşdıran (Artıq “Dağın kölgəsi” adlı kitab yazıb – tərc. X.N.) Q.D.Robertsin macəralarının kiçik hissəsinin təsviridir.

İlk səhifədə oxuyuruq:

“Mən ideallarımı uyuşdurucu dumanında itirmiş inqilabçı, cinayət aləmində özünü unudan filosof, istedadımdan xüsusi ciddi rejimli həbsxanada məhrum olmuş şair idim. Həmin həbsxanadan iki pulemyotluq qüllə arasında dayanan divardan keçərək (qaçaraq) ölkədə ən populyar şəxsə çevrildim – insanlar mənim qədər heç kimlə inadla görüşməyə çalışmırdılar.

Məni daim müşayiət edən uğur dünyanın o başına – Bombey mafiyasına qoşulduğum Hindistana aparıb çıxardı. Mən silah taciri, kontrabandçı və saxta pul kəsənə çevrildim. Üç qitədə qandallanaraq həbs edildim. Davamlı döyülmüş, dəfələrlə yaralanmış, aclıqla üz-üzə qalmış, müharibədə düşmən güllələri arasında hücuma keçmişəm”.

Ədəbiyyat nöqteyi-nəzərincə roman sanki qədim və yeni janrlardan ibarət detektiv hekayə, avantüralı roman, “Xaç atası”, traveloq, melodram, özünüaxtarış kitabı kimi kataloqları özündə cəmləşdirir. Xoşbəxtlikdən mənəvi axtarışlar tipik “ağ adam tərəfindən qələmə alınmış hind kitabı” nümunəsi kimi deyil, yüksək dozaya malik qoca müsəlmansayağı Don Vito Karleoninin fəlsəfi görünüşündə təqdim olunur. Bunu xüsusi olaraq qeyd etmək istəməyimə səbəb, son illər bu cür ədəbiyyat növünün digər janrlara güzəştə gedərək böyük və hörmətli Britaniya ənənəsini müstəmləkə ədəbiyyatına çevirməsinə qarşı ciddi xəbərdarlıq yaratmasıdır. Qoanı əsir götürən bir neçə yappi-daunşifterlərlə (daunşifter ingilis dilindəki “aşağıya doğru hərəkət” ifadəsindən götürülüb. Bu insanlar sanballı vəzifə və yüksək əmək haqqından ailə, hobbi, səyahət və ya... divanda istirahət etmək xatirinə vaz keçirlər. Termin 1994-cü ildən işlənməyə başlayıb – tərc. X.N.), bizim bədbəxtliyimiz sayəsində bambuk çəkməyi yazıçı aktivliyi olaraq fərqləndirirlər, “Hindistan” sözü ədəbiyyat kontekstində son zamanlar məlumatsız turistlərin heyrəti ilə ev xütbəsinin sıx assosiasiyasına səbəb olur. Yaşamaq uğrunda mübarizədən sağ çıxmış toxqarınlı avropalılara öz vətənlərinin əzablarını çatdıra bilmək üçün təhsil almış üçüncü dünya ölkələrinin sakinlərinin Nobelə layiq görülən əsərlərini yada salmağa insanın həssaslığı ilə bərabər bəzən oxucu şübhəsi də səbəb olur.

 

Bununla belə, “Şantaram” məhz tıxac şlemini çıxaran və mehriban (əslində isə, belə deyil) kontrabandçıları ürəkdən sevən avropalı haqqında yazılmış müstəmləkə romanıdır. Romanın qəhrəmanı həşiş çəkir, doğma və həmişəlik itirdiyi Avstraliya üçün darıxır. Müəllifi (həm də qəhrəmanı) sağlam baxışı fərqləndirir: ona sığınacaq vermiş səmimi qəlbdən sevdiyi ölkəyə qarşı rəğbət və minnətdarlıq hiss edir. O, mənfi rəylərdən uzaq olaraq burdakı ənənələrin özünəməxsusluğuna hörmətlə yanaşmasına baxmayaraq, bütün hallarda məsafə saxlayır.

O ki qaldı süjetə, mənim nöqteyi-nəzərimcə Aleksandr Qavrilovun diqqət etdiyindən daha əvvəl və tez-tez məqsəddən yayınır. Görünür, bu hal janr ədəbiyyatının detektiv sevərlərin intriqasını başa düşmək üçün sonluğa nəzər salmağın gərəksiz olması haqqındakı çoxillik sərxoşluq həvəsindən qaynaqlanır. Qəhrəmanın çoxçalarlı qeydləri (“əgər mən o zaman ona qulaq assaydım, hər şey başqa cür ola bilərdi...” və ya “mən bu barədə ondan soruşmalı idim, bu isə bir çox şəxsin həyatını xilas edə bilərdi” kimi) məsələnin əsl mahiyyətini çoxdan fərqinə varan oxucunun fəaliyyətini zəiflədir. Ümumiyyətlə isə, romanı fikşn (belletristika – tərc. X.N.) kimi qəbul etməli olsaq, ona qarşı bir çox iddialar irəli sürə bilərik: onlardan ən başlıcası sentimentallığın gerçəkliyin son həddinə kimi qorunmasıdır. Şantaram tipik qəhrəmandır – şəxsi qənaətinə görə doğma vətənində atalıq hüququndan məhrum edilmiş pikaro (ispancada “dələduz” – tərc. X.N.), qarətlə heroin əldə edən narkoman, ən xırda narazılıq zamanı düşünmədən bıçağa əl atan, rəqibin üzünü dişləyən şəxsdir. Eyni zamanda romanın elə həmin səhifələrində o, Fransisk Assizskidən daha çox, doktor Qaaza bənzəyir. İlk baxışdan sevdiyi qızın Bombey küçələrində ona qarşılıq verəcəyinə ümid edən rahib kimi yaşayır. Bu – şəxsi istəyi ilə kasıblar üçün pulsuz klinika təşkil edən qərəzsiz insan özü gecəqonduda yaşayır, vəba epidemiyası ilə qəhrəmancasına mübarizə aparır. O, günün və gecənin istənilən zamanında heç bir çağırışı cavabsız qoymur, qızları bordeldən xilas edir, avara təlimçiləri həbsxanalardan satın alaraq qurtarır, sevən qəlblərə qovuşmağında yardım edir və sairə. Amma sözügedən bioqrafik faktlar əksəriyyətə məlum olduğu və həqiqətlə üst-üstə düşdüyü üçün kimsənin tələb irəli sürməsinə, intriqa yaratmasına önəm verməyə də gərək qalmır. Həyat detektiv əsər deyil, təsvir edilən hadisələrin həqiqətən baş verdiyi haqqında məlumat isə dolaşıq süjetdən daha çox iddiaya zəmanət verir.

“Şantaram”dakı gözlənilmədən baş verən avantüralı dəyişikliklər müəllifin səxavətli əllə kütləvi şəkildə maraqlı etnoqrafik oçerkləri əlavə etdiyi əsasda plan yaradır. Həmin planda Hindistanda korrupsiya və mütəşəkkil cinayətkarlığın patriarxal xüsusiyyətləri haqqında, Bombey gecəqondularındakı həyat, Hindistan qatarlarında davranış qaydaları ilə əyalət avtobuslarının hərəkət xüsusiyyətlərindən, qara bazarda valyutadan, gömrüyü aldatmağa yardımçı olan saxta pasport və başqa sənədlərin hazırlanması prosesindən, küçə döyüşü zamanı bıçağı necə saxlamaq qaydasından, Hollivud kinomətbəxindən və hindistanlıların sonsuz mərhəmətlilik, sədaqət, qardaşlıq həmrəyliyi və yaxınlarına qarşı cinayət hərəkəti törədən günahkarı yerində linç etmək kimi ənənələrlə zəngin sevgi hisslərinin birləşməsinin mentallığından bəhs edir. Bütün bunlar isə, həqiqətən də, maraqlıdır.

Yaradıcılıq şərtləri Qreqoru Devid Robertslə eyni olan O.Henri hekayələrindən birində unudulmaz ali xoşbəxtliyin nədən ibarət olduğunu dəqiq bilən fəhlə Ceyms Terner obrazını yaradıb. Məhz yorğun iş günündən sonra evə dönən, “ayağından başmaqlarını və corablarını çıxarıb çarpayıya uzanan Ceyms Terner, isti ovuclarını çarpayının soyuq dəmir dirəklərinə dayayaraq, Klark Resselin dəniz haqqındakı hekayələrinin dərinliyinə varır. Dünyada heç bir milyoner özünü Ceyms Ternerin dincəldiyi zaman olduğu kimi xoşbəxt hiss etmir”. Bu cür sadə istəklərinin təmin edilməsi şərtləri daxilində Ceyms Terner hətta həbsxanada da xoşbəxt olur. Görünür, həbsxanalarda qeyri-adi həyat eşqi ilə dolu maraqlı kitabları mütaliə etmək və yazmaq daha rahatdır.

Rus dilindən tərcümə edən: Xatirə Nurgül/litpark.az/

Xəbər lenti