Logo

Kamal Abdulla ömrünün 72-ci ilində - HƏYAT YOLU

04.12.2022 13:14 795 baxış
IMG

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub.

O, 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.

1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1983-cü ildən başlayaraq televiziyada "Azərbaycan dili", "Qoşma", "Dəfinə", "Sözün sirri" kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.

1984–1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, 1988–1990-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin sədri kimi çalışıb.

1990-cı ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun "Ümumi və rus dilçiliyi" kafedrasının müdiri seçilən Kamal Abdulla 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, 1994–1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru olaraq fəaliyyət göstərib.

2000-ci ilin may ayında M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.

2011–2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

2015-ci ildə "ADA" Universitetində "Azərbaycançılıq" fənnini tədris edib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu qurumun Himayəçilik Şurasının sədri seçilib.

2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.

K.Abdulla ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.

Akademik Kamal Abdulla 2015-ci ildə (prof. E.Ə. Nəcəfov ilə həmmüəlliflikdə) "Multikulturalizm" fənni üzrə "Multikulturalizmə giriş" (Bakalavr səviyyəsi üçün) və "Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, "Azərbaycan multikulturalizmi" adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E.Ə.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir. 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub. O, "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Tarixsiz gündəlik" romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir.

1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki xidmətlərinə görə Kamal Abdullayevə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar elm xadimi" adı verilib.

Kamal Abdulla Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin[1] fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.

2007-ci ildə Rusiya Federasiyasının Puşkin medalı, 2007-ci ildə Azərbaycanda Humay mükafatı, 2007-ci ildə 525-ci qəzetin "İlin romanı" adlı mükafatı, 2007-ci ildə Monitorinq qrupunun "İlin ədəbiyyat adamı", 2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə "Karl Kramej" medalı, 2009-cu ildə Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən "Böyük Xaç" kavaler ordeni, 2009-cu ildə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu, 2010-cu ildə Dədə Qorqud Milli Fondunun "Dədə Qorqud Milli Mükafatı" "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı, 2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində "Yarımçıq əlyazma" romanına görə "Son 10 ilin ədəbi əsəri" mükafatı, 21 may 2015-ci İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində "Elmi fəaliyyətə görə" mükafat, 21 sentyabr 2015-ci ildə "Yarımçıq əlyazma" romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizi, 3 dekabr 2015-ci Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni, 23 mart 2016-cı ildə Rusiyanın məşhur "Хуdоjеstvennaya literatura" nəşriyyatı tərəfindən çap edilən "Platon, deyəsən, xəstələnib…" ("Платон, кажется, заболел…") hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan yüksək mükafata - "Qızıl Delviq"ə layiq görülüb, 2017-ci ildə Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi "Euromanager" jurnalı tərəfindən "Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə" mükafatlarına, 24 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

Kamal Abdulla "2018–2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda qalib olub.

10 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

19 iyul 2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə "Azərbaycan diplomatik xidmət orqanları 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.

13 sentyabr 2019-cu ildə Macarıstan Prezidentini Yanoş Aderin tərəfindən Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə "Zabit Xaçı" ali xidmət ordeni ilə təltif edilib.

30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib.

14 dekabr 2021-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi "Yaşayan Dədə Qorqud" mükafatı təqdim olunub.

4 iyun 2022-ci ildə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf” medalı ilə mükafatlandırıb.

Xəbər lenti