Logo

ABŞ mətbuatı Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icması üzvləri ilə görüşündən yazıb

19.01.2023 13:48 267 baxış
IMG

ABŞ-nin ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “Azərbaycan Prezidenti Türkiyəyə dəhliz açmaq üçün ərazi ədalətini tələb edir” sərlövhəli məqalə dərc olunub.

Tehsil.biz xəbər verir ki, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, bu yaxınlarda Qərbi Azərbaycanın bir qrup ziyalısı ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci ildə tarixi Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsini qınayıb: “Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi, xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan”.

Məqalədə Odri Altştadın qələmə aldığı “Azərbaycan türkləri” kitabına istinadən qeyd olunub ki, 1897-ci ildə İrəvanda 77.491 azərbaycanlı, 58.148 erməni yaşayıb, habelə Gunaz TV-nin rəhbəri Əhməd Obalının və Meyn Azərbaycanlıları Cəmiyyətinin sədri Tərlan Əhmədovun fikirləri nəzərə çatdırılıb.

“İrəvan şəhəri İrəvan xanlığının tərkibində idi. Ermənistanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bu insanlar öz vətənlərinə qayıtmalıdırlar”, - deyən Əhməd Obalı qeyd edib ki, çar Rusiyası Ermənistandakı demoqrafik durumu dəyişdirmək məqsədilə İrandakı erməniləri İrəvan və Qarabağa köçürüb, azərbaycanlılar zorla deportasiya edilib və ya qətliama məruz qalıb, sovet dövründə isə Ermənistandakı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti davam etdirilib və bu dəhşətli proses 1988-ci ilin sonlarında başa çatdırılıb.  

Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov bildirib ki, dövlət başçımızın Qərbi Azərbaycandan olan ziyalıların təmsilçiləri ilə görüşü çox mühüm hadisədir. “Prezident insanlara vətənə qayıtmağa ümid verdi. Bu, Ermənistanın artıq monoetnik ölkə olmayacağı ümidi yaratdı. Buna vaxt lazım olacaq, amma azərbaycanlılar qayıdacaqlar, çünki onların tarixi və mədəni varlığı həmişə olub. Etnik təmizlənməyə məruz qalmış yüz minlərlə insanın hüququnun tanınması barədə heç vaxt açıq-aşkar danışılmayıb. Ümid edirəm ki, biz onların fundamental insan hüquqlarını bərpa edə bilərik. Biz Amerika azərbaycanlıları Azərbaycanda bu icmanın qurulması perspektivinə görə şadıq. Biz Qərbi azərbaycanlıların acınacaqlı vəziyyəti ilə bağlı siyasətçiləri və sadə insanları məlumatlandırmaq üçün hər şeyi edəcəyik”, - deyə T.Əhmədov əlavə edib.

İsrailli politoloq bildirib ki, 1890-cı illərin sonlarından azərbaycanlıların öz torpaqlarından məcburi deportasiyasında ifadə olunan etnik təmizləmə prosesi başlayıb, son nəticədə İrəvan, Zəngəzur və digər Azərbaycan ərazilərində Sovet Ermənistanı yaradılıb. 1925-ci ildən sonra Qarabağ və Zəngəzurda əhalinin milli tərkibi dəyişib. Məqalədə Azərbaycan Prezidentinin Qərbi Azərbaycanın, yəni indiki Ermənistanın yerli əhalisini təmsil edən qərbi azərbaycanlılarla görüşündə onlara öz tarixi vətənlərinə qayıdacağı mesajını verdiyi vurğulanıb.

Xəbər lenti