Logo

Niyə "ağırlığım-uğurluğum odlara" deyirik? - ARAŞDIRMA

21.03.2023 15:25 333 baxış
IMG

Kulis.az Rəqsanə Süleymanın "Ağırlığım-uğurluğum niyə odlara?" adlı yazısını təqdim edir.

Ey Əhura, doğruluq firiştəsindən daha güclü olan odundan, vəd etdiyin o qüdrətli qüvvədən istəyirik ki, dostlara dinclik və rifah versin, düşməni isə, ey Məzda, bir əl işarəsi ilə əzaba, möhnətə uğratsın.

(Avesta. Qathalar. Yəsna, 34-cü hat)

Əvvəl azərbaycanca.


Leksikon araşdırmaçıları Azərbaycan dilinin o qədər də mürəkkəb olmayan sisteminə şükr etməlidirlər. Dilin xəfif tərəflərini duyan leksikaçılar Azəbaycan dilinin qatlarına baş vurmurlar. Çünki bu xüsusda Azərbaycan dilinə həqiqətən gendən baxmaq lazımdır. Bir azca folklora enən kimi, bədii ədəbiyyata üzdən nəzər salanda rahat tədqiq edilən dildir. Bizdə leksikaçıların bəxti gətirib, onlar Azərbaycan dilindən xüsusi razı qalmalıdırlar. Buna baxmayaraq, dil məsələlərində uğursuzluq ən çox leksik sahədədir. Əsrlərdir Azərbaycan dilinin lüğəti hərlənib-fırlanıb bir yerə çıxa bilmir. Burda dil elmindən yox, dildən narazıyıq. Mənə qalsa, bu işin çətini yoxdur. Çün dediyim kimi, leksikaçıların işi elə müşkülə düşməyib. Onu da deyim ki, Azərbaycanda folklorşünaslar, dilçilər, leksikaçılar, mifoloqlar, ümumiyyətlə, dil elmi ilə məşğul olanlar qədər öz işində peşəkarlar yoxdur. Hətta, mən leksikaçı deyiləm, olmasam belə indi yazarkən mən də onlar kimi bacardığım dərəcədə çırpınıram ki, fars tərkibi işlətməyəm. Bununla da – fars tərkibini çıxarmaq istəyimlə dili qoruduğuma əmin olacağam. Amma çox xəlqi və başadüşülən yazıram, bəs eləysə süni sözlərə nə həcət daha? Xülasə, əziz leksikaçılarımız, süniliyin və mərifətsiz təəssübkeşliyin qovuşduğu daha öncəki əsrlərə sığmayan uğursuzluğa uğurlar! Azərbaycan dilinin əcnəbi türkcə dilinin içində batmasına dair bu qədər.

Azərbaycanlılar əsrlərdir, Novruzu bütün rayonlarda, kəndlərdə fərqli-fərqli adət-ənənələrlə davam etdirirlər. Öncələrə nisbətən bir qədər təmtəraqsız, itirilmiş ənənələrlə davam etsə də. Üstündən div boyda Sovet keçsə də. Azərbaycanlılar Novruzu milli bayramı kimi davam etdirib, qoruyub, sayıb-saxlamışdır . Novruzun qeyd edilməsi indiki müsəlman Azərbaycan xalqının şüuru yox, sevgisi üstündə dayanır. Zərdüştiliyin müqəddəs bayramı, ən məşhur ayini – oda sitayişlə birlikdə xalq sevgisnə görə davam etməkdədir. Azərbaycanda Novruzu rayon-rayon, kənd-kənd çox müxtəlif adət-ənənələrlə keçirirlər. Oyunlar, çərşənbə axşamıları, kosa və keçəl (yeni ilin gəlişi ilə bağlı tamaşalar) səhnələri, fal baxmalar fərqli olsa da, bu adətlər zamanı işlənən bayatılar, eləcə də, deyimlər əksərən eynidir.

“Ağırlığım-uğurluğum odlara!”. İki variasiyada görülüb, və yaxud “Ağırım-uğurum odlara”.


Ağırlığım
Birinci sözün, məcazi ifadə olunmuş – “ağırlığım” – yəni çəkdiyim mənəvi yükün ağırlıqları, mənası götürülür. İkinci sözdə bir neçə versiya var. Çünki bu sözün azərbaycan dilindəki mənasında odlara tökəsi heç nə yoxdur. Kimi düzgünü uğursuzluğum-dur deyir, kimi türkcədəki uğratmak, uğurlamak (ağırlığımı uğurladım odlara, ağırlığımı odlara uğurlayıram) sözlərinə bağlayır.
Hər iki sözdəki açılışlar yozma görünür. Mənim versiyam belədir;


Başlayaq birinci sözdən,


ağırlığım, və yaxud da ağırım


Avestada bu söz: atar formasında verilir Nyberg, Henrik Samuel. (1974). A manual of Pahlavi – 35. Wiesbaden: Otto Harrassowitz.
Mənaca alov, atəş deməkdir. Başqa irani dillərdəki qarşılığı (həmçinin, proto hind-avropa):
adir > agir> ar şəklində. Julius Pokorny, Indogermanisches etymologisches Wörterbuch – 40. (1959)
Agir mın – ocağım.


Odun müqəddəslik nişanı kimi bir çox anlamlarından biri də, günahlardan təmizlənmək, təmizə çıxmaqdır. Azərbaycan dilində arınmaq feili var. “Novruz gələndə küsülüər barışır, insanlar yeni ilə bütün günahlarından arınaraq girməlidir.” Agir sözünün öz real, həqiqi mənasının od-alov demək olduğunu gördük. Azərbaycanca bu sözü eyni mənaya gətirmək üçün məcazi mənaya gətirmək lazımdır.


Həqiqi: ağır yük
Məcazi: ağır dərd; Mənim üçün ağırdır. Ağır dərddir. Bu dərd məni ağrıdır. Yəni bu dərd məni yandırır. Bu isə ancaq yozumdur. Çünki ağır mənfi anlamda, bu deyimdə düşünülənin tam əksinədir.


Bəs uğurluğum nə deməkdir və niyə odlara?!


Uğurluğum


Əfsanəyə görə, Prometey torpağı öz göz yaşlarıyla yoğurub ilk insanı yaradır və odu oğurlayaraq ilk insana bəxş edir. Buna görə də, tanrı Zevs ona qəzəblənir. Prometey Qafqaz dağlarına zəncirlənir və Zevsin əmri ilə bir qartal tərəfindən ciyəri didilə-didilə Heraklın onu qurtarmasına qədər burda qalır. Antik dövr şairi Hesiodun “İşlər və günlər” adlı poemasında isə bunun ardınca yazılır ki, Zevs Prometeyin bilgəliyindən və hiylələrindən acıqlandığı üçün onun xalqına – “od əhlinə” odu yasaqlayaraq Prometeydən intiqam alır.


Hesiod poemaya, həmçinin, Bəşəriyyətin 5 dövrü – deyə adlandırdığı bir yaradılış hekayəsi də daxil edir. Hekayənin birinci dövrü “Qızıl dövr”dən başlayır. Qızıl əski mətnlərin əksəriyyətində, mifik süjetlərdə və s. qüdrətlilik, güc, qüvvə, parlaqlıq rəmzidir. Qızıl dövr Zevsin savaşları və parlaq qələbəsi ilə başa çatır. Novruz adətlərinin dayandığı Zərdüştiliyin adındakı zər sözü bizim klassik ədəbiyyatdan da bildiyimiz qədərilə qızıl deməkdir. Qızıl, metal kimi ilkin semantikasına görə “güc”, “qüvvə”, “parlaq” sözlərini ifadə edib. Bizim indi məcazi təyin kimi istifadə etdiyimiz “dəyərli” anlayışından fərqli olaraq. Bu söz özünün sonrakı fonetik formalarında və yenə ancaq müəyyən məcaz daşıdıqda günümüzdəki mənasını ifadə edə bilir.

Bəs ilkin olan həqiqi versiya? Qızıl – Zər, Alov – Günəş simvoludur. Sözün ilkin versiyalarına baxaq;

Avestada:
zavar Nyberg, Henrik Samuel. (1974). A manual of Pahlavi. - 231. Wiesbaden: Otto Harrassowitz. (güc, qüvvət)
Proto Hind-Avropa:
zuger > zuer > uerr >uger. (güc, qüvvət) Julius Pokorny, Indogermanisches etymologisches Wörterbuch - 399. (1959)
Bu söz türkcənin tərkibində zar-zor formasında var. Mənası güc-bəla ilə deməkdir. İngiliscədə Zərdüştün adında – Zoroastr da var. İran kurmancilərində də (zar).


Zərdüştiliyin müqəddəs kitabı olan Avestanın yazıldığı Avesta dili, qədim fars dili ilə bərabər irani dillərin qədim dövrünü təmsil edir. Bu dillər arasında təkcə söz ortaqlığı, fonetik oxşarlıqlar deyil, qrammatika tərəfdən də eyniliklər var. Yuxarıdakı açıqlamalar uğur sözünün həqiqi mənasına çıxmaq üçün mənə görə yetərlidir. Uğur, yəni uger güc deməkdir.


Deyimin mənası.
Ağırım-uğurum odlara
yox;
Agir mın, Ugir mın ya da, mürəkkəb söz kimi agir mın-ugir mın şəklində.

Tərcüməsi: Odum! (yaxud, ocağım, alovum) Qüvvətim! (yaxud, gücüm).

Qədim insan odu sevir, qoruyur, oda tapnır, oda itaət edir. O, heç bir vaxt mənim azarım-bezarım, qadam-balam odda yansın deyə bilməz. Tam əksinə, “Odum-ocağım! Gücüm-qüvvətim!” Bunlar müqəddəs sözlərdir, ayin sözləridir, ritual vaxtı işlənən sitayiş sözləridir. Odu tonqala çevirmək, üstündən qada-bəlasını töküb atlamaq isə bir xeyli azərbayanlaşdırılmış düşüncədir. İndiki azərbaycanlıların əcdadları olan atəşpərəst atalarımız, yəni qədim insan müqəddəs odu əzizizləyib:

İndi bir daha əzizləmə versionunda:


[Aaaagir mın-Uuuugir mın]


Bəs ritualın mənası nə idi?


Bu ritualın yerinə yetirilməsi, düşünürəm ki, Novruzun – Yeni ilin gətirdiyi azadlıq anlamını ifadə edirdi. Od azadlığın, yeniliyin nişanıdır. Köhnəlikdən azad olmaq, günahlardan arınmaqdır. Qadınları günahlarından təmizləmək üçün odda yandırırdılar. Zərdüştilik onsuz da köklü dualist din sayılır. Azadlıqla köləlik, köhnəliklə yenilik, xeyirlə şər bu dində daim müharibə şəraitində. Od azadlığın, yeniliyin və xeyirin simvolu və qələbəsidir. İran qadınları keçən il əsrlərlə talelərindən asılmış qara çadranı odda yandıraraq ondan azad oldu. Hətta iran kürdlərinin çoxu 21 mart gününü dirəniş, azadlıq günü kimi qədim Dəmirçi Kawa əfsanəsinə uyğun olaraq İştarın məğlubiyyət günü kimi qeyd edirlər.

Xəbər lenti