Logo

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri müzakirə olunub

02.06.2023 18:33 226 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, Azərbaycan Dövlət Pedaqoji Universitetin kafedra müdiri Səadət Mazanova, müəllimi Aynur Qasımova, Azərbaycan Texniki Universitetin kafedra müdiri Vaqif Qasımovun iştirakı ilə “İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Direktorlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Kamil Aydazadə, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaqinov, Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsinin müdiri Aydın Qasımov və DİM-in digər mütəxəssisləri, o cümlədən DİM-in ekspertləri: Azərbaycan Tibb Universitetinin dosenti, informatika fənni üzrə işçi qrupun rəhbəri İsmayıl Qafarov və mühəndis-proqramçısı Zaur Hacıyev, dərslik müəllifi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi Fikrət İbiyev, Bakı Dövlət Universitetinin müəllimləri fizika-riyaziyyat elmləri doktoru Anar Rəhimov, Anar Rəşidov, Yadigar Əliyev, Nigar Əhmədli və Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə iştirak edib.

Əvvəlcə M.Abbaszadə “Riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticələri” mövzusunda təqdimatla çıxış edərək, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini təqdim edib. Sonra o, informatika fənni üzrə bu il ilk dəfə keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlıq işləri barədə ətraflı məlumat verib. İmtahanın məzmunu ilə bağlı materialların, yəni qəbul proqramı və imtahan modelinin hələ 2021-ci ildə DİM-in rəsmi saytında yerləşdirildiyini bildirib. Sədr qeyd etdi ki, 2022-ci ildə “İnformatika” vəsaiti (Azərbaycan və rus dillərində) hazırlanıb və abituriyentlərin istifadəsinə verilib. Bu müddət ərzində otk.az portalında bir neçə dəfə onlayn və 2023-cü ilin fevral ayında isə kağız daşıyıcısı üzərində sınaq imtahanları keçirilib. Qəbul proqramı və imtahan modelinə dair tapşırıq nümunələri, imtahanda tələblərinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş alt standartlar və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının birinci sayında dərc edilib.

M. Abbaszadə həmçinin onu da qeyd edib ki, DİM-də informatika fənnindən imtahanın məzmunu ilə bağlı materialların (yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası, tədris aparılan digər dillərə tərcüməsi) hazırlanmasında ekspert kimi iştirak etmək istəyənlərin 2021-ci ildən elektron qeydiyyatı yaradılıb. Hazırda 106 nəfər elekton qeydiyyatdan keçib. Qəbul imtahanında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursları təşkil edilib. İndiyədək iki hazırlıq kursu (iştirakçı sayı: 88 nəfər) keçirilib. Eyni zamanda Elm və Təhsil Nazirliyindən informatika müəllimlərinin siyahısı (250 nəfər) alınıb. Həm elektron qeydiyyatdan keçənlər, həm hazırlıq kurslarının iştirakçıları, həm də nazirlikdən daxil olmuş siyahıdakı şəxslər üçün “Python” proqramlaşdırma dilindən və alqoritmlərlə bağlı imtahan təşkil edilib. İmtahanda iştirak etmiş 433 nəfərdən 22 nəfər yaxşı nəticə göstərib.

Sonra təqdimatla bağlı müzakirələr aparılıb. Müzakirədə informatika fənninin tədrisində bir çox problemlərin olduğu, bu sahədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac duyulduğu qeyd edilib.

Müzakirədə qeyd edilən məsələlərlə bağlı F.Qarayev, O.Gündüz, K.Aydazadə, N.Rəhimova, V.Qasımov, S.Mazanova, İ.Qafarov, F.İbiyev, N.İsayeva, Z.Hacıyev, A.Rəşidov, A.Rəhimov, N.Əhmədli, E.Seyidzadə və Y.Əliyev çıxış edərək, fikir və təkliflərini bildiriblər.

Xəbər lenti