Logo

Ssenaridə olmayan hadisə - FOTO

07.06.2023 23:50 885 baxış
IMG

40 ildən artıqdır insanların üzündə gülüş doğuran, qocaman filmlərdən olan “Yol əhvalatı” günümüzdə də maraqla izlənilməkdədir. Tamaşaçılarına gülüş bəxş edən filmin əsas məqsədi sosial əhəmiyyətli mövzuları təhlil etmək, həyat məsələlərinə mane olan xoşagəlməz məqamları incə gülüş fonunda tənqid etməkdir. Bəs filmdə kadrarxası maraqlı hadisələri bilirikmi?

Film 1980-ci ildə çəkilmişdir. Ekran əsərinin quruluşçu rejissoru Teymur Bəkirzadə,ssenari müəllifi isə Asim Cəlilov olmuşdur. Həmçinin baş rollarda Səyavuş Aslan, Eldəniz Zeynalov, Həmidə Ömərova ,Kamil Məhərrəmov ,Yaşar Nuri, Hacı İsmayılov və digərləri olmuşdur. Filmdə söhbət şən və xeyirxah sürücü, Mustafa gözəl-göyçək Zümrüdlə evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, bir sözlə desək “alverçi” Qurbanın heç ürəyincə deyildi. Mustafanın öz sevgilisinə qovuşması üçün çalışması, onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür və  nəhayət qalib çıxır. Filmdə  iki sevən gəncin məhəbbəti fonunda digər maraqlı hadisələrdə nəql olunmuşdur.

“Yol əhvalatı”nın ən maraqlı,gülüş yaradan hadisələrindən biridə Səyavuş Aslanın Yaşar Nurinin başına vurduğu qapaz idi.Əslində bu hadisə ssenari əsasında deyil real yaşanmış hadisə idi. Xalq artisti Hacı İsmayılov çəkiliş zamanı baş vermiş maraqlı məqamı belə nəql etmişdir:

“Maraqlı səhnələrdən biri sürücü Mustafanın malları gətirməyib bizi aldatdığı və maşınla qonşunun evinə girdiyi yerdir. Ev dağılandan sonra şikayətçi qonşunun (Eldəniz Zeynalov) evini təmir etdiyimiz səhnə çəkilirdi. Onu da deyim ki, həmin yer kinostudiyanın həyətində olan tikili idi. O kadrda hasarın bir tərəfini biz “hörürdük”. Həmin səhnədə guya tənəffüs vaxtı idi. “Pririv, pririv” ki, deyirlər. Deməli nahar etdiyimiz yerdə Siyavuş şikayət edir ki, əşşi mən heç belə bir işə düşməmişdim, bu nəydi başımıza gəldi..., hərəmiz də bir replika atırıq. Yaşar (Makintoş) da qəzetdən bir papaq düzəldib qoymuşdu başına, özü də qatıq içirdi. “Çesni, ne çesni” deyib Qurban bir qapaz vurdu başına, qatıq dağıldı Yaşarın üzünə, bığına. Əslində ssenaridə olan bir şey deyildi. Həmin an hamımız fikirləşdik ki, rejissor əsəbiləşib “stop, dayanın, bu qədər də əlavə olmaz” deyəcək. Amma gördük ki, kameranın səsi gəlir, özümüzü itirmədik. Başa düşdük ki, davam etmək lazımdır. Yaşar da işinin ası olan bir aktyor oluğundan o da özünü itirmədi, heç nə olmamış kimi çörəyi götürüb dodaqlarını silib ağzına atdı”.

Daha sonra xalq artisti digər kadrarxası hadisələrdən bəhs etmişdir. O deyirdi: “Əsas çəkiliş yerimiz yəhudilərin qəbristanlığında aparılırdı. Təyyarə Ukrayna dairəsində lentə alınıb. Təyyarə doğrudan da şosseyə düşdü. Bilirsiz o vaxt bu qədər avtomobil yox idi deyə çəkiliş etmək də çətin deyildi. Bakı küçələrində film ekranlaşdırmaq çox asan idi. Heç çox vaxt icazə də alınmırdı, birbaşa çəkiliş edilirdi. Amma indi onları təkrar etmək belə, mümkün deyil, həm də uzun və sıxıcı bir prosesdir. Filmdə təyyarəni çəkmək üçün Zabrat aeroportunun rəhbərlik ilə danışdılar, onlar da böyük məmnuniyyətlə təyyarələrdən birini çəkiliş üçün bizə verdilər. Heç bir məhdudiyyət yox idi, bildirmişdilər ki, nə vaxt lazım olsa, təyyarədən istifadə edə bilərik".

Aktyor Yusif Əlizadə: “Filmdəki təyyarəni Xaçmazdan Bakıya gətirmək üçün sökmüşdülər. Mən bu filmdə çəkilməklə yanaşı, həm də rejissor assistenti idim. Fərid roluna dəvət etdiyim Elxan Əhədzadə səhər tezdən bizdən xəbərsiz qastrol səfərinə uçmuşdu. Ona görə də ikinci rejissor Rafiq Dadaşov Teymur Bəkirzadəyə dedi ki, qoy bu rola elə Yusif özü çəkilsin. Rejissor da gülə-gülə dedi ki, dəvət etdiyi aktyor, dostu gəlmədiyinə görə sən Yusifi cərimələyirsən. Razılaşdıq, beləcə mən bu rola çəkildim. Heç bir çətinliyim olmadı, çünki ssenarini əzbər bilirdim.

 Çəkilişlər əsasən Xaçmazda, Bakıda, Binə hava limanın yükün qəbul olunma yerində, Bakı küçələrində, “Gənclik” metrostansiyasının üstündəki küçədə aparılıb. Paşanın Mustafanın qoyunla dolu maşınını qaçırdığı yer məhz metronun üstü idi. Hansı ki, Mustafa maşının üstü ilə qaçaraq  kabinaya daxil olur. Həmin səhnədə biz təklif etdik ki, təhlükəli olar deyə, Vaxtanq özü oynamasın. Lakin o dublyor istəmədi və özü çəkildi. Gənc idi, əslində bunu istənilən gənc edə bilərdi. Dublyorsuz oynamaqla Vaxtanq bizə bir növ xarakterini nümayiş etdirdi.

 Qoyunların təyyarəyə yüklənməsi Xaçmaz aeroportunda lentə alındı. Təyyarənin enməsi isə Əhmədli qəsəbəsində Neapol dairəsində ekranlaşdırılıb. İşin sənətkarları təyyarəni Xaçmazda sökdülər demontac vəziyyətdə onu Bakıya gətirdilər, yenidən quraşdırdılar. Beləcə çəkilişi həyata keçirdik”.

 “Yol əhvalatı” nın geniş  şəkildə sevilməsinin səbəbidə məhz bu cür kadrların olması və aktyorların işinin ustası olmalarıdır.Həmçinin rejissorların aktyorlara sərbəstlik verərək düzgün istiqamət göstərməsi vacib detallardan biri idi.Film illər əvvəl çəkilməsinə baxmayaraq günümüzdə də kiçikdən-böyüyə hər kəsin sevimli filminə çevrilərək maraqla izlənilməkdədir.

Xəbər lenti