Bakı şəhərinin yaşıllaşdırılmasında istifadə olunan Hirkan bigəvəri (Ruscus hyrcanus) və budaqlı danaya (Danae racemosa) bitkilərinin Abşeron şəraitində böyümə və inkişafi öyrənilib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, Meşə ekosistemləri laboratoriyasının elmi işçisi Aynur Hüseynovanın apardığı tədqiqatın nəticəsinə görə, mədəni şəraitdə böyümə dinamikası öyrənilən bitkilərin inkişafında fərqlilik ortaya çıxır. Bu isə həmin bitkilərin mədəni şəraitə introduksiya edilərkən fərqli perspektivlik dərəcəsinə malik olmalarına səbəb olur. Qeyd olunan növlərin mədəni şəraitdə böyümə və inkişaf ritmi bitkilərin bioekoloji xüsusiyyətlərindən asılıdır.
Hirkan bigəvəri - qulançar fəsiləsinə və bigəvər cinsinə aid bitki növü olmaqla “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir. Nadir relikt növdür. 20-40 (60) santimetr hündürlükdə yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları var. Aprel-may aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir. Tozlanması anemorfildir. Toxumla və vegetativ yolla çoxalır. İstisevən və kölgəyə davamlıdır. Mexaniki tərkibi orta dərəcədə olan təzə və zəngin torpaqlarda daha yaxşı inkişaf edir. Böyümə prosesinin başlanması üçün torpağın və havanın müəyyən temperaturda olması lazımdır. Tədqiqat zamanı müəyyən olunub ki, yaşlı bitkilərdə böyümə intensivliyi cavan bitkilərə nisbətən zəif olur. Hirkan bigəvərində illik boy artımı 6-10 santimetr arasındadır. Bu növdə böyümə 55-60 gün arasında davam edir.
Budaqlı danaya - qulançar fəsiləsinə və danaya cinsinə aid bitki növdür. “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür. May-iyul (avqust) aylarında çiçəkləyir, oktyabrda meyvə verir. Tozlanması anemorfildir. Toxumla və vegetativ yolla çoxalır. İstisevən və kölgəyə davamlıdır. Torpağa qarşı az tələbkardır. Böyümə prosesi 60-65 gün davam edir, illik boy artımı isə 19 santimetr olur. Aparılan tədqiqatların nəticəsi göstərib ki, ex situ şəraitindəki yaşıllaşdırma işlərində istifadə olunan bitkilər mənsub olduqları növlərin bioloji xüsusiyyətlərindən asılı olaraq aprelin I-III ongünlüklərində fərqli zamanlarda böyüməyə başlayırlar. Mədəni şəraitdə olan həmişəyaşıl bitkilər ilə in situ şəraitindəki eyni yaşlı bitkilərin böyüməsinin müqayisəsindən məlum olub ki, təbii şəraitdə böyümə intensivliyi daha yüksəkdir. Bitkilər təbii şəraitdən mədəni şəraitə gətirilən zaman onların inkişaf ritminin öyrənilməsinin böyük əhəmiyyəti var.
Fenoloji müşahidələr nəticəsində məlum olub ki, tədqiq olunan bitkilərdə böyümə və inkişaf dinamikasına və vegetasiyanın davametmə müddətinə iqlim amilləri təsir göstərir. Yəni, yazın tez gəlməsi, istilərin tez düşməsi və ya soyuq havaların tez başlaması vegetasiyanın davametmə müddətində artıb-azalmalara səbəb olur.