Logo

Dağlıq ərazilərdə yamacların səmtinin meşəbitmə şəraitinə təsiri

23.07.2023 21:19 369 baxış
IMG

Böyük Qafqazın cənub-şərq yamacının orta dağlıq qurşağında formalaşmış dağ meşələrində yamacların səmtinin əsas meşəəmələgətirən ağac cinslərinin yayılmasına təsiri araşdırılmışdır.

Dağlıq ərazilərdə yamacların səmtinin müxtəlif ağac cinslərinin yayılmasına, onların meşəəmələgətirməsinə və bu meşələrin həm məhsuldarlığına, həm də davamlılığına təsiri bütün tarixi dövrlərdə tədqiqatçıları düşündürən məsələlərdən biri olmuşdur. Tədqiqatlar apararaq dağlıq ərazilərdə yamacların səmtinin ekoloji tələbatları müxtəlif növ ağac cinslərinin yayılmasına, onların yaratdığı meşələrin məhsuldarlığına və davamlılığına təsiri öyrənilmişdir. Relyefin meşəəmələgətirən əsas ağac cinslərinin yayılmasına, onların məhsuldarlığına və həyatına təsirinin nə qədər güclü bir amil olduğunu isbat etməyə ehtiyac yoxdur. Belə ki, hər hansı bir ərazidə yayılmış bitki örtüyünün tarixi inkişafı həmin ərazinin relyefindən çox asılıdır. Relyef təbii komponent deyil, ərazi kateqoriyasıdır. Relyef istənilən hər hansı bir ərazidə həyat amillərinin, o cümlədən işığın, istiliyin, rütubətin paylayıcısı rolunu oynamaqla bərabər, həm də həmin ərazidə torpaq örtüyünün formalaşmasına, eləcə də havaya birbaşa təsir göstərən çox vacib bir amildir.

Dağlıq ərazilərdə meşəəmələgətirən müxtəlif ağac cinslərinin yayılmasına və onların yaratdıqları meşələrin məhsuldarlığına və davamlılığına yamacların səmtinin etdiyi təsirin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Belə ki, dağlıq ərazilərdə meşəəmələgətirən müxtəlif ağac cinslərinin yayılması qanunauyğunluğunun öyrənilməsi ölkəmizin dağlıq rayonlarında gələcəkdə meşəsalma işlərində meşə təsərrüfatı mütəxəssislərinə gərəkli ola bilər.

Dağlıq ərazilərdə yamacların səmtinin, ekoloji tələbləri müxtəlif olan, müxtəlif ağac cinslərinin yayılmasına, onların meşə əmələgətirməsinə və bu meşələrin həm məhsuldarlığına, həm də davamlılığına təsiri bütün tarix dövrlərində tədqiqatçıları – (torpaq eroziyasına qarşı mübarizə N.H.Axundov və X.M.Mustafayev, meşəəmələgəlmə və bu meşələrin məhsuldarlığı G.F.Morozov, G.N.Vısotski, relyef qiymətlindirməsi G.A.Rzayeva, yamacların səmti S.R.Tağıyev, ekoloji tələbat M.Y.Xəlilov) düşündürmüşdür. Relyefin bitkilərin həyatında oynadığı rolu daha yaxşı dərk etmək üçün sadəcə olaraq dağlıq ərazilərdə şimal (şimal-şərq, şimal və şimal-qərb yamaclar) və cənub (cənub-şərq, cənub və cənub-qərb yamaclar) səmtli yamacların işıqlanma müddətini və istilik rejimini, yamacların yuxarı və aşağı hissələrinin hidroloji rejimini (yəni su ilə təmin olunma rejimi), yamaclarda baş verən eroziya prosesləri, meşələrin yayılmasına və onların məhsuldarlığına təsirini yada salmaq kifayətdir (Axundov və Mustafayev, 1964). Adları çəkilən bu proseslərin və amillərin bu və ya digər təsiri altında bitkilər aləmi, o cümlədən meşəəmələgətirən ağac cinsləri, bu və ya digər yeri tutur və orada yaşayır. İstənilən bitkinin sonrakı yaşayışı təbiət amillərin təsirindən birbaşa və ya dolayı yolla asılı olur. Relyef bitkilərin yayılmasına təsir göstərən ən güclü amillərdən biridir. Onun gəldiyi qənaətə görə relyef həyatın (bizim misalda meşəəmələgətirən müxtəlif ağac cinslərinin) mövcud ola biləcəyi quru səthini həm böyüdür, həm də müxtəlif və ya rəngarənglik gətirir. Relyef bitkilərin yaşaması üçün həlledici əhəmiyyətə malik olan həyat amillərinin, о cümlədən işığın, istiliyin, suyun, havanın və torpaq örtüyünün yerin quru səthi üzrə paylanmasına, küləyin istiqamətinə, sürətinə və gücünə, havaya və rütubətin (suyun) drenajına, yağıntılara, transpirasiyaya, su axımına, qarın ərazi üzrə paylanmasına və əriməsinə, eroziya proseslərinə, torpağın qalınlığına, günəş enerjisinin yerin quru səthi üzrə paylanmasına və digər təbii proseslərə çox güclü təsir göstərir (Rzayeva, 1998). Dağlıq ərazilərdə relyefin, o cümlədən yamacların səmtinin, bir ekoloji amil kimi, meşə əmələ gətirən ayrı-ayrı ağac cinslərinin yayılmasına və onların yaratdığı meşələrin məhsuldarlığına təsiri daha güclüdür. Bu mənada relyefin meşəbitmə şəraitinə təsirini öyrənərkən onu ekoloji amil kimi qəbul etmək çox vacibdir. Böyük Qafqaz fiziki-coğrafi vilayətinin cənub-şərq hissəsinin şimal-şərq yamacının orta dağlıq qurşağı ölkəmizin sıx meşəli regionlarından biridir. Buranın orta dağlıq qurşağında Şərq fıstığının (Fagus orientalis) və gürcü palıdının (Quercus iberica) üstün olduğu dağ meşələri formalaşmışdır. Tədqiqatlar bu meşələrdə aparılmışdır. Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ölkəmizə aid olan cənub-şərq hissəsinin şimal-şərq yamacının orta dağlıq qurşağında (Şabran rayonunun ərazisində) formalaşmış meşələrdə, yamacların səmtinin Şərq fıstığının üstünlük təşkil etdiyi meşələrin yayılmasına və onların məhsuldarlığına təsirini öyrəmək məqsədi ilə (Rzayeva, 2019) həmin rayonun ərazisində qonur meşə torpaqlarının müxtəlif növlərinin üzərində formalaşmış, Fagus orientalis Lipsky üstünlük təşkil etdiyi 50, 70 və 90 yaşlı meşələrin üzərində müşahidələr aparılmışdır.

Böyük Qafqaz fiziki-coğrafi vilayətinin cənub-şərq hissəsinin şimal-şərq yamacının orta dağlıq qurşağında formalaşmış olan və Fagus orientalis Lipsky üstünlük təşkil etdiyi 50, 70 və 90 yaşlı meşələr dağların nisbətən quraqlıq və daha yaxşı işıqlanan cənub, cənub-şərq və cənub-qərb yamaclarına nisbətən daha çox rütubətli və cənub səmtli yamaclara nisbətən az işıqlanan kölgəli və rütubətli şimal səmtli yamaclar ən böyük məhsuldarlığa malikdir. Tədqiqat aparılan ərazidə 50 yaşlı Fagus orientalis Lipsky meşələri şimal səmtli yamaclarda daha çox oduncaq ehtiyatı yaratdığı halda (hər hektarda 190-210 m3), cənub səmtli yamaclarda yetər sayda oduncaq ehtiyatı (hər hektarda 130-140 m3) yaradır (Vısotski və Morozov, 1925, 1914). Тədqiqat aparılan ərazidə Fagus orientalis Lipsky üstünlük təşkil etdiyi meşələrin ayrı-ayrı yamaclarda məhsuldarlığı onların yaşını müxtəlif dövrlərində demək olar ki, dəyişmir. Dağlıq ərazilərdə günəş şüalarının daha yaxşı işıqlandırdığı nisbətən quraqlıq cənub səmtli yamaclarda Fagus orientalis Lipsky öz ömürlərinin ilkin illərində yaz günəş yanmalarından zərər çəkir. Günəş şüalarının cənub səmtli yamaclara nisbətən az işıqlandırdığı nisbətən kölgəli və rütubətli şimal səmtli yamaclarda yüksək məhsuldarlığa malik olan meşələr yaradan Fagus orientalis Lipsky nisbətən günəş şüalarının daha yaxşı işıqlandırdığı cənub səmtli nisbətən quraqlıq yamaclarda bitdikdə onun gövdəsinin qabığını və qabığın altında olan kambi qatını günəş şüaları yandırır və bu yanmadan bitki məhv olur. Bu səbəblərə görə Fagus orientalis Lipsky əksər hallarda cənub səmtli yamaclarda yayıla bilmir, köklü meşələr yarada bilmir və yaşayış uğrunda mübarizə prosesi nəticəsində zaman keçdikcə işığa və istiliyə daha çox tələbkar olan və cənub səmtli yamaclarda daha sürətlə inkişaf edən Quercus iberica və Carpinus betulus L. sıxışdırıcı təsiri altında tədricən sıradan çıxır. Fagus orientalis Lipsky kölgəyə davamlı ağac cinsidir. Kölgəyə davamlı meşəəmələgətirən ağac cinsi kimi bu ağac cinsi çox vaxt bir yaruslu meşələr yaradır. Onun yaratdığı kölgəli meşə örtüyü altında işığa xeyli tələbkar olan Quercus iberica və Carpinus betulus L. və işığa tələbkar olan digər ağac cinsləri bitə bilmir. Tədqiqat aparılan ərazilərdə Fagus orientalis Lipsky ən yaxşı bitdiyi yamaclar günəş şüalarının nisbətən az işıqlandırdığı kölgəli və rütubətli şimal səmtli yamaclardır. Böyük Qafqaz fiziki-coğrafi vilayətinin respublikamıza aid olan cənub-şərq hissəsinin şimal-şərq yamacının orta dağlıq qurşağında, Şabran inzibati rayonu ərazisində, formalaşmış olan qəhvəyi dağ-meşə torpaqlarının müxtəlif növlərinin üzərindəki meşələrdə bir ekoloji amil kimi, yamacların səmtinin Quercus iberica üstünlük təşkil etdiyi meşələrin yayılmasına, onların məhsuldarlığına (Rzayeva, 2020) davamlılığına təsirini öyrənmək məqsədilə həmin rayonun ərazisində Quercus iberica üstünlük təşkil etdiyi 50, 70 və 90 yaşlı dağ meşələri üzərində müşahidələr aparılmışdır.

Böyük Qafqazın cənub-şərq hissəsinin şimal yamacında dağlıq rayonlarda formalaşmış Quercus iberica üstünlük təşkil etdiyi 50, 70 və 90 yaşlı meşələr dağların daha çox rütubətli kölgəli şimal səmtli yamaclarına nisbətən quraqlıq və daha yaxşı işıqlanan cənub səmtli yamaclarda ən böyük məhsuldarlığa malikdir (Tağıyev, 1988). Tədqiqat aparılan ərazidə Quercus iberica üstünlük təşkil etdiyi 50 yaşlı meşələr cənub səmtli yamaclarda şimal səmtli yamaclardakına nisbətən daha çox oduncaq ehtiyatı (hər hektarda 120-190 m3) yaradır. Tədqiqat apardığımız ərazidə şimal və qərb yamaclarda Quercus iberica üstünlük təşkil etdiyi 50 yaşlı meşələrə təsadüf olunmur. Quercus iberica üstünlük təşkil etdiyi 70 yaşlı meşələrdə də buna oxşar mənzərə təkrarlanır. Belə ki, bu yaşda da Quercus iberica üstünlük təşkil etdiyi 70 yaşlı meşələr cənub səmtli yamaclarda şimal səmtli yamaclardakına nisbətən daha çox oduncaq ehtiyatı (hər hektarda 120 m3) yaradır. Tədqiqat aparılan ərazidə qərb, şərq və şimal yamaclarda Quercus iberica üstünlük təşkil etdiyi 70 yaşlı meşələrə təsadüf olunmur. Quercus iberica üstünlük təşkil etdiyi 90 yaşlı meşələr cənubatı (səmtli yamaclarda şimal səmtli yamaclardakına nisbətən daha çox oduncaq ehtiyatı (hər hektarda 120-170 m³)yaradır. Qərb, şimal və şərq səmtli yamaclarda Quercus iberica üstünlük təşkil etdiyi 90 yaşlı meşələrə təsadüf olunmur.

Тədqiqat aparılan ərazidə dağların şimal səmtli yamaclarında Fagus orientalis Lipsky və ekoloji tələbatları Fagus orientalis Lipsky ağacının ekoloji tələbatlarına yaxın olan Carpinus betulus L. ağaclarının sıxışdırıcı təsiri altında Quercus iberica meşələrinin təzələnməsi pis gedir və ya demək olar ki, getmir. Belə bir mənzərənin yaranması ekoloji xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, bir meşəəmələgətirən ağac cinsi kimi, Quercus iberica rütubətə Fagus orientalis Lipsky qədər tələbkar ağac cinsi deyil. Bu ağac cinsi həm də işıqsevən ağac cinsidir. Dağlıq ərazilərdə, o cümlədən bizim tədqiqat apardığımız ərazidə də günəş şüalarının yaxşı işıqlandırmadığı rütubətli şimal səmtli yamaclarda palıd ağacları öz ömürlərinin ilkin illərində fıstıqların kölgəli mühitində həmişə əziyyət çəkir. Tədqiqat apardığımız ərazidə günəş şüalarının şimal səmtli yamaclara nisbətən yaxşı işıqlandırdığı nisbətən quraq işıqlı cənub səmtli yamaclarda yüksək məhsuldarlığa malik olan meşələr yaradan Quercus iberica nisbətən günəş şüalarının az işıqlandırdığı şimal səmtli rütubətli yamaclarda bitdikdə palıd ağacı fıstıqların öldürücü təsiri altına düşdükdə tədricən məhv olur (Xəlilov, 1983).

Yekun nəticə olaraq müəyyən edilmişdir ki, Böyük Qafqazın cənub-şərq hissəsinin şimal-şərq yamacının orta dağlıq qurşağında formalaşmış dağ meşələrində yamacların səmtinin əsas meşəəmələgətirən ağac cinslərinin yayılmasına təsiri araşdırılmışdır. Dağlıq ərazilərdə müxtəlif səmtli yamacların meşəəmələgətirən müxtəlif ağac cinslərinin yayılmasına, onların yaratdığı meşələrin inkişafına, məhsuldarlığına və davamlılığına təsirini öyrənmək üçün Böyük Qafqazın cənub-şərq hissəsinin, şimal-şərq yamacının orta dağlıq qurşağında Şabran inzibati rayonu ərazisində meşələr üzərində müşahidələr aparılmış və meşəəmələgətirən ağac cinslərinin, müxtəlif yamaclar üzrə yayılmasında asılı olduğu aşkarlanmışdır. Meşəəmələgətirən ağac cinsi kimi, Quercus iberica, Fagus orientalis Lipsky ilə müqayisədə rütubətə az, işığa və istiliyə qarşı çox tələbkardır. Dağlıq ərazilərdə, o cümlədən tədqiqat aparılan ərazilərdə günəş şüalarının az işıqlandırdığı kölgəli və rütubətli şimal səmtli yamaclarda Quercus iberica cücərtiləri öz ömürlərinin ilk illərində Fagus orientalis Lipsky ağaclarının və ekoloji tələbatları Fagus orientalis Lipsky ağacının ekoloji tələatlarına yaxın olan Fagus orientalis Lipsky ağaclarının yaratdıqları kölgəli şəraitdən zərər çəkir. Quercus iberica günəş şüalarının nisbətən yaxşı işıqlandırdığı cənub səmtli yamaclardа daha yaxşı bitir. Bu yamaclarda Quercus iberica üstünlük təşkil etdiyi meşələr ən yüksək məhsuldarlığa malik olur.

Minarə Həsənova
Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d.

Xəbər lenti